PDF Oxu

Müsahibə

  • 8

Regionların inkişafı davam edir Müsahibimiz millət vəkili Əli Məsimlidir

Regionların inkişafı davam edir Müsahibimiz millət vəkili Əli Məsimlidir
- Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının ikinci hissəsinin icrasını necə qiymətləndirirsiniz ?
- Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının ikinci hissəsi də birincinin daha yüksək pilləsidir.Çünki birinci hissədə elektrik enerjisi, qaz, su təchizatı və bunun kimi bir çox layihələrin həyata keçirilməsində çox işlər görüldü, yeni iş yerlərinin açılması baxımından müxtəlif addımlar atıldı. Əlbəttə, problemləri 5 ilə həll etmək mümkün deyil. Lakin biz problemlərin həlli prosesini tezləşdirmək məqsədi ilə birinci hissədən sonra ikinci hissəni də hazırladıq. Hesab edirəm ki, çox uğurlu bir layihə oldu. Xüsusən də, həm infrastruktur layihələr, eyni zamanda, rayonlarda istehsal sahələrinin yaradılması nəzərdə tutulur. Misal üçün Şəkidə əvvəl saatlar 12-ni göstərəndə, işıqlar kəsilirdi. Hər yer qaranlığa qərq olurdu. Lakin bu gün Şəki heç də, Bakıdan geri qalmır. Demək olar ki, eyni səviyyədədir. Düzdür, Şəkidə hələ içməli su problemi qalmaqda davam edir. Bu problemin də, qısa zamanda həllini tapacağına heç bir şübhə yoxdur. Eyni zamanda, Şəkidə yeni iş yerlərinin də açılması sahəsində də işlər davam etdirilir. Qeyd etmək lazımdır ki, Şəkidə ipək kombinatında əvvəllər 7000-ə yaxın adam işləyirdisə, hazırda 1600 nəfər işləyir. Bu problem qarşısında müəyyən tədbirlər görülməsi üçün Nazirlər Kabinetinə müraciət etdim. Bu problemin aradan qaldırılacağı təqdirdə, bir çox insan iş fəaliyyətinə davam edəcək. O cümlədən, ipəkçilik, baramaçılıq sahəsində də inkişaf gücləndiriləcəkdir. Bu kimi müəssisələrin qorunub-saxlanmasına ehtiyac var. Yeni müəssisələr də yaradılacağı gözlənilir. Sənətkarlıqla texnologiyanın tətbiqi və bunun kimi başqa sahələrin yaradılması və inkişafı da nəzərdə tutulur. Bir şeyi də qeyd etmək lazımdır ki, Bakının ağırlığının bir hissəsi rayonlara köçürülməlidir. Kənd təsərrüfatı və aqrar məsələlərlə bağlı regionlarda həll edilməsini məqsədəuyğun hesab edirəm. Bundan başqa, Şəkidə regional və güclü bir universitet yaratmaq olar ki, bu da yeni kadrların yaranmasına birbaşa yardımçı olacaqdır. Bu, həm də Şəkinin iqtisadi-sosial həyatının canlanmasına yardımçı olacaqdır.
- Əli müəllim, dünyada hökm sürən maliyyə böhranı ilə əlaqədar olaraq Dövlət Proqramının icrası zamanı hansısa layihənin təxirə salınması nə dərəcədə realdır?
- Bildiyimiz kimi, baş verən bu böhran, dünyanın ən inkişaf etmiş dövlətlərindən tutmuş, bir çox dövlətlərədək hamısına təsir etmişdi. Barmaqla sayılacaq qədər az ölkə var ki, bu böhrandan o qədər də təsirlənməyib. Bunlardan biri də, Azərbaycandır. Buna baxmayaraq, böhran Azərbaycana da müəyyən dərəcədə təsir etdi. Bu təsir istehsal, sosial, maliyyə sahələrində və banklara da öz təsirini göstərdi. Ancaq çox qısa bir zamanda, bu da öz təsirini itirdi. Başqa ölkələrdə bu proses nəticəsində həyatın donması baş verdi. Azərbaycanda köhnə layihələrin icrası davam etdirildi. Köhnə layihələri davam etdirmək üçün də kütləvi fəallıqdan istifadə edildi. Nəticədə, böhran Azərbaycandan yan keçdi. Bu səbəbdən də Azərbaycanda təxirə salınan layihələr demək olar ki, yox dərəcəsindədir. Hazırda isə yeni layihələrin hazırlanması üçün əlavə vəsait ayrılıb. O cümlədən, daşqınların yaratdığı problemlərin aradan qaldırılması və rayonların inkişafı kontekstində vəsaitlər ayrılıb.
- Dövlət Proqramının icrası zamanı nə qədər yeni iş yerlərinin və sənaye müəssisələrinin açılması nəzərdə tutulur ?
- Birinci hissədə bu göstəricilər konkret rəqəmlərlə göstərilmişdi. Lakin ikinci hissədə bu göstəricilər qeyd olunmayıb. Hesab edirəm ki, bu, çox düzgün qərardır. Artıq Azərbaycanda yeni iş yerlərinin yaradılması sahəsində yeni addımlar atılıb. Hazırda başlıca məqsəd yüksək əmək haqqı, sənaye müəssisələrinin inkişafı üçün görüləcək işlərdir. Bu sahədə artıq müəyyən işlər görülür. Nəticədə sənaye sahələrində keyfiyyətli kadrların yaranması təmin ediləcəkdir.
- İslam İnkişaf Bankının yığıncağının Bakıda keçirilməsinin önəmliliyini necə qiymətləndirirsiniz ?
- Azərbaycan Respublikası daim beynəlxalq maliyyə qurumları ilə sıx əlaqələr içindədir. Dünya Bankı, Beynəlxalq Valyuta Fondu və İslam İnkişaf Bankı kimi banklarla da sıx əməkdaşlıq qurmuşdur. Bu, çox gözəl bir hadisədir. Bu əlaqələrin Azərbaycanın iqtisadi inkişafına kömək edəcəyinə heç bir şübhə yoxdur. Bu sahədə görüləcək işləri çox gözəl qiymətləndirirəm. Ümid edirəm ki, bu kimi layihələr tez-tez olacaqdır.

Digər xəbərlər