PDF Oxu

Müsahibə

  • 5

“YAP yenə də seçkilərdə qələbə qazanacaq"

“YAP yenə də seçkilərdə qələbə qazanacaq"
- Bahar xanım, parlament seçkiləri ərəfəsi ölkədəki ictimai-siyasi durumu necə şərh edərdiniz?
- Hesab edirəm ki, parlament seçkiləri ərəfəsi Azərbaycandakı ictimai-siyasi durum çox normaldır. Bunu müsbət dəyərləndirirəm və hesab edirəm ki, istənilən siyasi partiya, istənilən fərd seçki qanunvericiliyinin yaratdığı və ölkədəki mövcud şəraitdən istifadə edərək, normal şəkildə seçki marafonuna qoşula və qalib gələ bilər. Demokratik prinsiplərin bərqərar olduğu ölkəmizdə insanların seçkiyə getməsi, seçim etməsi, öz seçki hüquqlarını gerçəkləşdirməsi üçün şərait mövcuddur.
- Seçki Məcəlləsinə edilən dəyişikliyi seçkilərin daha azad və demokratik keçirilməsinə yaradılan şərait kimi dəyərləndirmək olarmı?
- Seçki Məcəlləsinə Yeni Azərbaycan Partiyasının təklifi ilə son dəyişikliklər edilib. Bu dəyişiklik Azərbaycanda seçki prosesinin təkmilləşdirilməsinə çox ciddi bir töhfə olacaqdır. Seçki prosesində ən çox dəyərləndirilən resurslar zaman, insan və maliyyə resurslarıdır. Düşünürəm ki, Seçki Məcəlləsinə edilən bu dəyişikliklər imkan verir ki, optimal vaxt müddətində hər kəs öz siyasi seçki platformasını seçicilərə təqdim etsin və seçicilərin də kifayət qədər imkanı var ki, bütün bunları dəyərləndirsin və Azərbaycanın gələcəyi üçün məqbul hesab etdikləri siyasi qüvvələrə, onların nümayəndələrinə öz münasibətini bildirsinlər.
Hesab edirəm ki, zaman keçdikcə həm beynəlxalq təcrübəni, həm də Azərbaycanın özündə qazanılmış seçki təcrübəsini nəzərə alaraq, edilən bu dəyişikliklər kifayət qədər müsbət və mütərəqqi dəyişikliklərdir.
Bu, Azərbaycanda son illər ərzində qazanılmış təcrübəni nəzərə alma prosesi kimi dəyərləndiriləcək və prosesdən hər kəs yararlanacaq. Dəyişikliklərin edilməsi bir tərəfdən seçki prosesinin təkmillşdirilməsinə xidmət edirsə, digər tərəfdən seçki resurslarından və imkanlarından səmərəli istifadəyə şərait yaradacaqdır.
- Seçki Məcəlləsinə edilən dəyişiklik Venessiya Komissiyasının tövsiyələri əsasında beynəlxalq prinsiplərə uyğun həyata keçirilib. Lakin bəzi radikal partiya sədrləri buna öz narazılıqlarını ifadə edirlər. Onların bu narazılığını necə dəyərləndirirsiniz?
- Onlar seçki prosesinə dair məsələlərə dair dəyişikliklərə radikal mövqedən yanaşırlar. Hər halda, çox istərdim ki, zaman keçdikcə, bu yanaşmada müəyyən dəyişiklik olsun və bu insanlar ümumilikdə ölkədəki ictimai-siyasi prosesləri onun istiqamətlərini və orada baş verən dəyişiklikləri nəzərə alaraq öz fəaliyyətlərində də dəyişiklik etsinlər ki, seçkidə iştirakları daha məqbul olsun.
Hər halda, bu, onların yanaşmasıdır. Amma bu düzgün yanaşma deyil və zaman-zaman bu səpkili yanaşma onları ictimai-siyasi proseslərdən kənarda qoyur. Bu prosesdəki imkanları dəyərləndirərək daha yaxından iştirak etmək əvəzinə, radikallar bu proses haqqında ajiotaja xidmət edən səs-küylü müzakirələrə üstünlük verirlər. Bir zaman anlayırlar ki, seçki müddəti bitib, nə seçkilərə yaxşı hazırlaşa bilməyiblər, nə də namizədlərini düzgün müəyyənləşdirə bilməyiblər.
Düşünürəm ki, bu, onların yanlışlığıdır, səhvidir. Hər halda, bu səhvləri nə qədər tez anlasalar, bir o qədər yaxşıdır. Onların bu tip yanaşmaları bir o qədər də problem yaratmır. Cəmiyyət tərəfindən tanınmayan, qəbul olunmayan insanın seçilmək imkanı olduqca məhduddur.
O qruplar Azərbaycanda kifayət qədər məhduddurlar. Onların çox az sayda sosial bazası var. Bu səbəbləri nəzərə alaraq onların ictimai-siyasi proseslərə ciddi təsir göstərəcəyini düşünmək olmaz.
- Bu seçkilərin favoriti hansı partiya ola bilər?
- Hər zaman olduğu kimi bu dəfə də seçkilərin favoriti ulu öndərimiz Heydər Əliyevin qurucusu olduğu demokratik və müstəqil YAP olacaq. YAP-ın bütün addımları xalqın və dövlətin rifahına hesablanıb. Hər kəs güvəndiyi, inandığı, dəstəklədiyi namizədə səs verməlidir. Hər bir Azərbaycan vətəndaşı qürur hissi yaşayaraq dövlətin sabahı üçün öz iradəsini ortaya qoyacaqdır.
Bu gün kənardan hər hansı bir qüvvənin cəmiyyətin istəyinə müdaxiləsi mümkün deyil. Azərbaycan xalqı bugünkü inkişafından çox razıdır. Yeni Azərbaycan Partiyası bu gün, nəinki ölkə hüdudları daxilində, eyni zamanda, beynəlxalq arenada özünə möhkəm və layiqli bir yer qazanıb.
Ulu öndər Heydər Əliyev ideyalarının tərənnümçüsü olan bu güclü siyasi təşkilat Azərbaycan xalqının istək və arzularının yeganə təminatçısıdır. Bu gün Azərbaycan cəmiyyəti inkişafın ən yüksək mərhələsindədir. Ölkəmizin əldə etmiş olduğu iqtisadi-siyasi potensial imkan verir ki, istənilən məsələdə ən yüksək səviyyəli nəticə əldə edilsin.
- Müxalifətin icazəsiz mitinqlərə daha çox meyil göstərmələri onların sifariş icraçıları olduqlarını söyləməyə əsas verirmi?
- İstər sifariş icraçıları olsunlar, istər qərar icraçıları. Bu, istənilən halda səmərəli hal deyil. Baxmayaraq ki, biz sərbət toplaşmaq azadlığını, insanların bu və ya digər fikirlərini ifadə etmək imkanının olduğunu tətbiq etmişik. Qanunlarımızda bunların hamısı var. Amma nəyisə öz xeyirlərinə dəyişməyə gələndə, bu, maraqsız olur.
Orda getdikcə iştirakçıların sayı azalır, həm də bunu kənardan müşayiət edənlərin marağı azalır. Bu tip tədbirlərin keçirilməsinə təşəbbüs və cəhd göstərmək bu düşərgədə olan insanların məsələyə yanaşmalarındakı məhdudluqdan irəli gəlir. Sanki onlar bundan başqa yol tanımırlar.
Azərbaycanda gedən inkişafı, rəngarəng mexanizmi, texnologiyaları qavramaq istəmirlər, yaxud da qavraya bilmirlər. Mən kənar bir müşahidəçi kimi, hesab edirəm ki, bu yoldan istifadə onlara uğursuzluqdan başqa heç nə gətirməyəcək. Onlar sifariş icraçıları olsalar da, bu sifarişi çox səriştəsiz tərzdə yerinə yetirirlər. Əgər indi də bu cür sifarişlər varsa, onlar bu sifarişlərə vəsait yönəldirlərsə, hesab edirəm ki, bu sifariş növbəti dəfə boşa çıxacaq və yerinə yetirilməyəcək.
- Budəfəki seçkilərdə YAP-ın seçki taktikasında dəyişiklik olacaqmı?
- Seçki taktikamız hər zaman özünəməxsusluğu ilə seçilib və uğur gətirən bir taktika təsdiq olunubdur. Bu taktika davam edəcək. Onun ayrı-ayrı məqamları ilə bağlı zamanı gəldikdə, məlumat verəcəyik. Ümumilikdə, bizim seçki taktikamız Azərbaycanda həyata keçirilən siyasətin bütün çalarları ilə ona dəstək vermək, mövcud problemləri, çatışmazlıqları qarşıdakı dövr ərzində bizim qarşımızda onları aradan qaldırmaq işi dayanıb.
YAP-ın bütün resursları həm insani, həm maddi və digər resursları məhz bu məqsədə xidmət edəcək və biz seçicilərin parlamentdən gözləntilərini, qarşıda dayanan problemlərinin və onların həlli yollarının nədən ibarət olduğu üzərində işləyəcəyik. Və seçicilərə bir yerdə işləyəcəyik. Problemləri həll etmək yolunu onlarla birlikdə tapacağıq. Bizim əsas mövqemiz bundan ibarət olduğu üçün seçicilərin etimadını qazanmışıq. Digər yenilikləri isə zaman çatdıqda gəldikcə göstərəcəyik.
- YAP-ın gücü və qüdrəti nədən qaynaqlanır?
- İlk növbədə, əsas gücümüz bu partiyanın ulu öndər, ümummilli liderimiz Heydər Əliyev tərəfindən yaradılmasıdır. YAP-ın gücü və qüdrəti xalqın iradəsinə söykənməkdədir. Ulu öndər Heydər Əliyev ideyaları Azərbaycan xalqının inkişafı ilə bağlı proqram məqsədləri və o məqsədlərin bu gün də bizim qarşımızda olması da bizi güclü edir.
Ulu öndər Heydər Əliyev siyasətinin bu gün də ölkə Prezidenti İlham Əliyev tərəfindən davam etdirilməsi, bu siyasətin Azərbaycan xalqı tərəfindən yüksək dəstəklənməsinə gətirib çıxarır. Hansı bir siyasi qüvvə, partiya xalqa istinad etmirsə, ondan dəstək almırsa, onun istək və arzularının ifadəsinə çevrilmirsə, o, məhvə məhkumdur.
YAP-a isə bunu qəti şamil etmək olmaz. Çünki YAP ümumxalq partiyasıdır və xalqın istək və arzularından yaranıb. O, xalqın istək və arzularını yerinə yetirən, xalqı gələcəyə aparan siyasi bir qüvvədir. Hesab edirəm ki, YAP xalqdan güc alan kifayət qədər ciddi mənbədir. Ona görə də, Yeni Azərbaycan Partiyası həm lider baxımından, həm ideya və ideologiya baxımından, dayaq baxımından bütün mənalarda güclü partiyadır.

Digər xəbərlər