Azərbaycan mühüm tərəfdaşdır
- Zahid müəllim, Prezident İlham Əliyevin Asiyada Qarşılıqlı Fəaliyyət Və Etimad Tədbirləri üzrə müşavirəsində etdiyi tarixi çıxışı ölkəmizin dünyada artan nüfuzuna yeni əlavələr gətirdiyini söyləmək olarmı?
- Ötən dövr ərzində ölkə rəhbəri supergüclərin də qatıldığı müxtəlif tədbirlərdə iştirak edib. Bu özü, onu göstərir ki, Azərbaycan həmin münasibətlər sistemində mühüm bir tərəfdaş kimi nəzərdən keçirilir və bizim mövqeyimiz onlar üçün önəmlidir. Bu məqamda xüsusi vurğulamalıyıq ki, ulu öndər tərəfindən başladılan bu yol, bu gün bizim dövlətimizi, nəinki Cənubi Qafqazda daha da geniş bir arealda, həm iqtisadi, həm də siyasi mənada, mühüm strateji bir məkana çevirib. Keçirilən tədbirdə cənab Prezidentin iştirakı və tarixi çıxışı bir daha onu təsdiq etdi ki, regiondakı proseslər məhz bizim baxışlarımız nəzərə alınaraq, gerçəkləşəcəkdir. Xatırlayaq ki, Türkiyənin də yer aldığı bir sərhəd diplomatikası başladılmışdı və bu, regiondakı geosiyasi şəraiti büsbütün dəyişə biləcək bir layihə idi. Ölkəmizin birinci şəxsi başda olmaqla, digər dövlətlərin də etirazı nəticəsində həmin uğursuz layihə dayandırıldı. Daha sonrakı dönəmdə Türkiyə, Rusiya və Asiyanın müəyyən dövlətlərinin daxil olduğu tədbir keçirildi və Azərbaycan dövləti yüksək səviyyədə təmsil olunmaqla, həm iqtisadi, həm siyasi məsələlərə, o cümlədən, bölgədəki proseslərə aydınlıq gətirmiş oldu. Xüsusi vurğulamaq lazımdır ki, Rusiya, Türkiyə və Azərbaycan münasibətlərinin yeni bir geosiyasi üçbucaq kimi formalaşmasının və bunun nəticəsində həm regiondakı proseslərin gələcəyinə təsirinin həm də Ermənistan-Azərbaycan münaqişəsi üçün qeyd etdiyim üçlükdə münasibətlərin təsiri çox önəmli olacaq. Ötən dövrdə Rusiya-Türkiyə münasibətlərində xüsusilə tarixdə 13 dəfə aralarında baş vermiş müharibədən sonra Cənubi Qafqaz və Azərbaycan çox böyük ziyan çəkmişdir. Rusiya və Türkiyə münasibətlərini hər zaman konflikt və soyuq müharibə şəraitinə çatdıraraq bundan faydalanan ətraf region dövlətləri olmuşdur. Bu gün də Ermənistan Türkiyə və Rusiyanın münasibətlərinin kəskinliyini istəyir ki, bunun vasitəilə Türkiyə ilə Azərbaycana sarsıdıcı zərbə vurmuş olsun. Bu mənada, hesab edirəm ki, Rusiyanın rəhbər nümayəndəsinin iştirakı ilə orada keçirilən görüşlər, o cümlədən, Azərbaycan, Türkiyə və Rusiya münasibətlərinin gələcəyi, onu deməyə əsas verir ki, Azərabaycan bölgədə özünün gələcək maraqlarını fəal şəkildə qorumaq üçün mühüm addımlar atmaqdadır.
-Həmin müşavirədə regional əməkdaşlıq sahəsində enerji layihələrinin həyata keçirilməsindən söhbət açılmış və dövlətlərarası münasibətlərdə ərazi bütövlüyü prinsipinin əsas götürülməsi barədə bəyannamə imzalanmışdır. Bu bəyannaməni, eləcə də, digər müzakirə olunan məsələləri necə şərh edərdiniz?
-Bildiyimiz kimi, müşavirədə həm iqtisadi enerji layihələri ilə bağlı, həm də regiondakı mühüm siyasi münasibətlərə dair müxtəlif fikirlər yer aldı. Ən mühümü, şübhəsiz ki, bu dövlətlərin ərazi bütövlüyü prinsipini bir daha müdafiə etməsi idi. Bütün bunlar onu göstərir ki, bu bölgənin gələcəyinə dair məsələlərdə kompromislər axtarılmaqdadır. Əlbəttə, biz iddia edə bilmərik ki, guya sabah Rusiya bu müddəanın reallaşması üçün gerçək işlər həyata keçirəcəkdir. Təəssüflər olsun ki, Vladimir Putinin media mənsublarının suallarına cavabı bundan ibarət oldu ki, onlar Ermənistana təzyiq etməyəcəklər. Bunun Azərbaycan vətəndaşına tərcüməsi belədir ki, hələ ki, onlar öz mövqelərindən geri çəkilməyəcəklər. Yəni Rusiya bölgədəki şəraiti bu vəziyyətdə saxlamaqda maraqlıdır ki, regionun ümumi gələcəyinə təsir edə bilsin. Hərhalda, Azərbaycanın bu tədbirdə cənab Prezidentimizin rəhbərliyi altındakı iştirakı və orada mühüm açıqlamalar verməsi ölkənin gələcək həyatı üçün çox faydalıdır.
-İmzalanan bəyannamalərdə ölkələrin ərazilərində hər hansı separatçı qüvvələrdən istifadə olunmasına yol verilməməli, onlara dəstək olunmamalıdır. Sizcə, bu bəyannaməni imzalayan dövlətlər öz imzalarına hörmətsizlik göstərməyəcəklər ki?
- Bu məsələdə Azərbaycanın marağı nəzərə alınmayacaq. Rusiya da hər zaman ayrı-ayrı xarici dairələri etnik-milli zəmində separatizmi stimullaşdırmaqda ittiham edir. Lakin bu ittiham edən tərəf bəzən özü müxtəlif yerlərdə separatizm ocaqlarını, nəinki stimullaşdırır, hətta bilavasitə onları özü himayə edir. Buna Abxaziya və Cənubi Osetiya hadisələrini misal göstərmək olar. Ona görə də, Rusiyanın Cənubi Qafqaz məsələlərində Türkiyə ilə anlaşması çox vacibdir. Çünki Türkiyənin rolunu inkar etmək mümkün deyil. Türkiyə Cənubi Qafqazda mühüm bir yer tutur. Türkiyənin regionda Azərbaycan kimi tərəfdaşı var. Həmçinin, bu bölgənin iqtisadi həyatında iştirak etmək üçün geniş imkan qazanıb.