PDF Oxu

Müsahibə

  • 10

Regionun inkişafında Azərbaycanın iqtisadi rolu böyükdür

Regionun inkişafında Azərbaycanın iqtisadi rolu böyükdür
- Xanhüseyn müəllim, "Regionların Sosial İqtisadi İnkişafına dair Dövlət Proqramı"nın ikinci hissəsinin icrasını necə dəyərləndirirsiniz?
- Bildiyimiz kimi, Dövlət Proqramının birinci mərhələsi çox gözəl icra olunmuşdur. Dünyanın aparıcı ölkələri içərisində, hər bir nəfərə düşən ümumi daxili məhsul istehsalına görə Azərbaycan birinci yerdədir. Baxmayaraq ki, dünyada böhranlar və krizislər var. 10 il bundan qabaq deyirdilər ki, sovet məkanından ayrılan ölkələrin vəziyyəti çətin ki, düzəlsin. Hətta vəziyyətin düzələcəyi üçün 50 illərlə vaxtın lazım gələcəyini deyənlər də var idi. Ancaq Azərbaycan bütün bu deyilənlərə baxmayaraq inkişaf etdi, gücləndi. Bu proses düşünüldüyündən də qat-qat tez baş verdi. Onu da demək lazımdır ki, bir qrup iqtisadçının fikirncə, Azərbaycanın neft ixrac edən ölkələr içərisində inkişafı birtərəfli gedir. Neftin hesabına körpülər salınır, problemlər həll olunur və bunun kimi bir çox işlər görülür, amma ümumi daxili məhsul istehsalı artımında ciddi irəliləyiş müşahidə edilmir. Lakin onu da qeyd edək ki, Azərbaycan neft ixrac edən 50-yə yaxın ölkə içərisində hər nəfərə düşən ümumi daxili məhsul istehsalına görə də birinci yerdədir. Göründüyü kimi, bütün bu yanlış proqnozlar özünü doğrultmadı. Belə hesab edirəm ki, Azərbaycan MDB məkanında o cümlədən, dünyanın bütün aparıcı ölkələri içərisində ümumi daxili məhsul istehsalına görə birinci yerdədirsə və həmin göstərici üzrə, neft ixrac edən ölkələr içərisində də liderdirsə, deməli, Azərbaycan ulu öndər Heydər Əliyevin təyin etdiyi yol ilə özünəməxsus inkişaf yolu keçib. Bunu çox böyük nailiyyət kimi qiymətləndirmək olar. Çünki Azərbaycan müharibə şəraitində və torpaqlarının 20 faizi işğal altında ola-ola bu kimi böyük işlərin öhdəsindən məharətlə gəlib. Başqa bir aspektdən baxsaq, görərik ki, Azərbaycan işğal altındakı ərazilərinin iqtisadi potensialını qiymətləndirəcəyi təqdirdə, külli miqdarda gəlir əldə etmiş olar. Bütün bunlar proqramın birinci hissəsinin uğurlu keçdiyini deməyə əsas verir. İkinci hissə də bu cür inkişaf edərsə, uğurlu olacağına heç şübhə yoxdur.
-Dünyada hökm sürən maliyyə böhranı ilə əlaqədar Dövlət Proqramının icrası zamanı hansısa sahələrin təxirə salınması nə dərəcədə realdır?
- Bilirsinizmi bu cür yanaşma, bu cür münasibət Azərbaycana xas olan xüsusiyyət deyil. Çünki Azərbaycan öz təbii sərvətləri ilə bütün dünyanı bəhrələndirir. Həmçinin, özü də bəhrələnmək istəyir. Bu səbəbdən də, bir çox işlər görülür və görülməsi üçün də müxtəlif layihələr hazırlanır. O cümlədən, valyuta ehtiyatı getdikcə artır, neft fondunun vəsaitlərində artım müşahidə olunur. Hətta qeyri-neft fondunda və sahibkarlığın inkişafında da irəliləyişlər çox yüksək səviyyədə davam edir. Bu halda, təxirə salınma kimi bir yanlış qərarların alınması da heç cür məntiqə sığmır.
- Dövlət Proqramının icrası zamanı nə qədər iş yerlərinin və sənaye müəssisələrinin açılması nəzərdə tutulur?
- Hesab edirəm ki, dövlət tərəfindən sahibkarlığın inkişafına vəsait ayırılırsa, bu proses yeni iş yerlərinin də açilmasına təkan verəcəkdir. Yeni iş yerlərinin açılması isə yoxsulluğun aradan qaldırılmasına imkan yaradacaqdır. Bildiyimiz kimi, yeni iş yerlərinin açılması prosesi kənd təsərrüfatının inkişafına da təkan verəcəkdir. Təsərrüfat yerlərinin açılması ilə daxili məhsulda da artım müşahidə olunacağı gözlənilir. Təbii ki, bu, iqtisadiyyatın inkişafının bariz göstəricisidir.
-Beynəlxalq Valyuta Fondunun "Regional iqtisadiyyatının inkişaf perspektivi - Qafqaz və Mərkəzi Asiya" adlı hesabatında 2010-cu ildə Qafqaz və Mərkəzi Asiya regionu ölkələri arasında büdcənin müsbət saldosunun artımı yalnız Azərbaycanda gözlənildiyi qeyd olunur. Bu haqda nə deyə bilərsiniz?
- Əlbəttə, büdcənin saldosunun artımının Azərbaycanda yüksək səviyyədə olması çox sevindirici hal sayılmalıdır. Hesab edirəm ki, müəyyən maliyyə hesabına azalan dövlət borcunu da buna misal göstərmək olar. Keçən il biz, xam neftin hər barelinin artmasını proqnozda göstərməyib, bu il göstəririksə və hər barrelin qiymətini 45 dollardan 60 dollara qaldırmamız təxminən 4 milyard manat valyuta qazanılmasına imkan yaradacaqdır. Bildiyimiz kimi, dünya bazarında xam neftin qiymətinin 65-70 dollar səviyyəsində olması gözlənilir. Bu da Azərbaycan neftinə olan tələbatı daha da gücləndirəcəkdir.

Digər xəbərlər