PDF Oxu

Müsahibə

  • 11

Ermənistan mütləq cəzasını alacaq

Ermənistan mütləq cəzasını alacaq
Millət vəkili Aydın Mirzəzadənin "Səs" qəzetinə müsahibəsi
- Aydın müəllim, Ermənistan yenilənmiş Madrid prinsiplərinə, hələ ki, münasibət bildirmir. Nə vaxta qədər Azərbaycan və həmsədr ölkələr Ermənistandan cavab gözləyəcək?
- İşğalçı ölkə olan Ermənistanın ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin təklifinə cavab verməməsi, onun bir dövlət kimi məsuliyyətsizliyinin və beynəlxalq hüquqa hörmətsizliyinin bariz nümunəsidir. Beynəlxalq ictimaiyyət Ermənistanın işğalçı siyasəti ilə yanaşı, beynəlxalq hüquq normalarına sayğısızlığını və diqqətsizliyini bir daha görmüş olur. Azərbaycan dəfələrlə Ermənistanla münasibətlərinin belə qeyri-ciddi olduğu təqdirdə, danışıqlar prosesindən imtina variantının mümkünlüyünü də bildirib. Amma problemin nə vaxta qədər bu vəziyyətdə qalması məsələsinə gəldikdə isə, demək olar ki, Azərbaycan bütün variantlar üzərində işləyir. Yəni, Azərbaycan prosesin gedişində həm danışıqlar, həm hərbi, həm də digər variantlar üzərində işlərini davam etdirir. Bu baxımdan da, bütün proseslər onu göstərir ki, ən optimal variantla yaxın vaxtlarda Dağlıq Qarabağ probleminin həllinə nail olmaq mümkün olacaq.
- Ölkə Prezident cənab İlham Əliyev yeniləşmiş Madrid prinsiplərinə Ermənistan tərəfindən münasibət bildirilmədiyi təqdirdə, danışıqların dayandırılmasının da istisna olunmadığını bildirib. Sizin qənaətinizcə, artıq regionda müharibə variantının qaçılmaz olmasını söyləmək olar?
- Prosesin gedişində danışıqların bitməsi hələ müharibə demək deyil. Müharibə dedikdə, heç də üz-üzə hərbi əməliyyatların aparılması anlamına gəlməməlidir. Çünki bu gün kifayət qədər müasir silahlar mövcuddur ki, kontaktda olmadan da hərbi əməliyyatları aparmaq mümkündür. Azərbaycan isə bütün bu imkanlara malikdir. Keçirilmiş hərbi parad və ötən il keçirilən hərbi təlimlər də, bunu açıq şəkildə nümayiş etdirə bildi. Ermənistanın problemin həlli məsələsində gəldikdə isə, verilmiş bəyanatlardan görünür ki, Azərbaycan bu gün bütün variantların üzərində işləyir və Azərbaycan situasiyaya görə addım atmaq sərbəstliyini özündə saxlayır.
İstanbulda keçirilən Asiyada, qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə müşavirədə separatçılarla əlaqə, dəstək verilməməsi barədə bəyannamə qəbul olunub. Qondarma "DQR" separatçılarına dəstək verən ölkələr buna nə dərəcədə riayət edəcək?
- Çox təəsüf ki, beynəlxalq forumların qəbul etdiyi bəyanatlar tövsiyə xarakterlidir. Bundan əlavə isə, bu cür addımlar siyasi mövqeni ifadə edir. Ancaq bunun tətbiq mexanizmi isə indiyə qədər, hələ ki, dünyada öz əksini tapmayıb. Amma Ermənistan bu gün istənilən variantla çalışır ki, onu razı salacaq hər hansı bir beynəlxalq sənəd qəbul olunsun. Bütün bunlara baxmayaraq, Ermənistan prezidenti Serj Sarkisyan ötən il ölkəsinin xarici dövlətlərdəki səfirləri qarşısında çıxışında islam dünyasında, Şərq ölkələrində ictimai fikrin ölkəsinin lehinə dəyişdirilməsi üçün gərgin işləməyin vacibliyini vurğulamışdı. Şübhəsiz ki, burada prinsip mövqe dəyişikliyində deyil, Ermənistanın işğalçı siyasətinin ərəb ölkələri, islam dünyası tərəfindən dəstəklənməsində edilən cəhdlərdən ibarətdir. Bu isə baş tutan deyil. Qeyd etdiyimiz beynəlxalq tədbirdəki bəyannamə də, Azərbaycanın mövqeyinin düzgün olduğunu bir daha göstərdi. Yəni, Azərbaycan növbəti dəfə beynəlxalq aləmdə öz mövqeyinin qəbul olunmasına nail oldu.
- Almaniya Bundesdaqı Cənubi Qafqazda təhlükəsizlik, stabillik və demokratiyanın gücləndirilməsi adlı qətnaməsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT, Avropa Şurası, ATƏT və digər beynəlxalq təşkilatların qəbul etdiyi qərarların və qətnamələrin yerinə yetirilməsi üçün səylərin artırılması tələb olunub. Sizcə, digər dövlətlərin parlamentlərinin də bu cür analoji qətnamələrin qəbul etməsi nə dərəcədə gözləniləndir?
- Onu qeyd edim ki, Almaniya beynəlxalq siyasətə paraqmatik yanaşan bir ölkədir. Bir qayda olaraq, bu dövlət beynəlxalq münaqişələrdə təmkinli mövqe tutmağa çalışır. Amma bununla belə Almaniya Bundesdaqının qərarı göstərir ki, bu dövlətin siyasi elitasında Cənubi Qafqazla, Azərbaycanın itirmiş olduğu ərazi bütövlüyü məsələsi ilə bağlı çox qəti bir fikir formalaşmaqdadır. Məhz Bundesdaqdakı çoxluq elə hökumətin təşkil etdiyi partiyaların çoxluğudur. Ona görə də, həm Bundesdaqdakı çoxluq, həm hökuməti təşkil edən partiyalar artıq Dağlıq Qarabağla bağlı çox qəti bir mövqeyə gəlməyə başlayıblar. Bu baxımdan da, Almaniyanın məsələ ilə bağlı daha çox fəallıq gözləməsi gözlənilir. Hər halda, nə qədər çox dövlət Azərbaycanın ərazi bütövlüyü, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı qəti mövqeyinin ortaya qoyulmasını tələb edərsə, bir o qədər də Azərbaycan öz mövqeyində daha qətiyyətli ola bilər.

Digər xəbərlər