Azərbaycanın təhlükəsizlik sferasında mühüm addımlar atmaq imkanı güclənir
- Zahid müəllim, Milli Məclis tərəfindən Azərbaycanın hərbi doktrinası haqqında qanun qəbul edildi. Bu qanunun qəbulu ölkəmizin hərbi potensialının hansı məcrada inkişafına təkan verə biləcək?
- Ümumiyyətlə, hərbi doktrinanın qəbulu hərbi sferada mühüm bir təhlükəsizlik sənədi kimi xarakterizə olunur. Bu sənədlə bağlı dövlətlər əsas prioritetlərini müəyyənləşdirir və buradan da mühüm nəticələr çıxarılır. Belə olan təqdirdə, hərbi doktrinanı təhlükəsizlik konsepsiyasının mühüm bir hissəsi saymaq olar. Çünki təhlükəsizlik anlayışı genişdir və çox çeşidlidir. Amma onun mühüm bir qolunu da hərbi təhlükəsizlik məsələləri təşkil edir. Ölkəmizdə doktrinanın işlənib hazırlanması üçün dövlət başçısı tərəfindən işçi qurupu yaradılıb və onlar bu sənədi işləyib hazırlayıblar. Burada yerli qurumlarla yanaşı beynəlxalq təşkilatların təmsilçiləri də özlərinin mühüm tövsiyələrini veriblər. Bu sənədi hazırlanması üçün işçi qrupunun yaradılması və ilkin olaraq, 2007-ci ildə Milli Təhlükəsizlik Konsepsiyasının qəbulu da mümkün olub. Bu sferada əsas vəzifələrin müəyyənləşməsi, silahlı qüvvələr qarşısında ən başlıca istiqamətlərin konkretləşməsi də vacib şərtlərdəndir. Bu baxımdan, hərbi sənədlər içərisində belə bir müddəa da vardır ki, hərbi doktrina hazırlanaraq, qanunvericilik orqanına təqdim olunmalıdır. Bunun ardınca isə hərbi doktrinanın qəbulu vacib sayılıb. Bu doktrinanın qəbulu ölkənin hərbi siyasi və təhlükəsizlik həyatında, həmçinin də, ictimai mühitində çox mühüm əhəmiyyətli bir addıma çevrilib. Çünki ötən dövr ərzində bu ətrafda həm insanların, həm media vasitələrinin diqqətini burada hansı məsələlərin öz əksini tapması maraqlandırırdı. Eyni zamanda, burada regional və beynəlxalq miqyasdakı təhlükələrində necə xarakterizə olunması müəyyən fikirlərin yaranmasına imkan vermiş olurdu.
Onu da əlavə edim ki, Şərqi Avropa ölkələrində mövcud olan müddəalar bizim ölkəmizdə mövcud olan müddəalarla tamamilə fərqlənə bilər. Bunu isə tamamilə təbii bir hal kimi qarşılamaq lazımdır. Çünki bizim yaşadığımız bölgənin reallıqları tamamilə fərqlidir. Ona görə də, ölkəmizdə məhz bu təhlükəsizlik mühitinin reallıqlarına söykənən çox mükəmməl bir sənəd meydana çıxıb.
-Azərbaycan ərazilərinin 20 faizdən çoxu erməni qəsbkarları tərəfindən işğal olunub. Bununla bağlı doktrinada hansı müddəalar öz əksini tapıb və gələcəkdə hansısa bir dəyişikliklərin olması mümkündürmü?
- İlk növbədə, beynəlxalq təhlükəsizlik mühitinə təsir edən amillər burada öz əksini tapıb. Çünki istənilən bir ölkə qlobal təhlükəsizlik və iqtisadi-siyasi mühit daxilindədir. Bu mənada, iqtisadi və maliyyə böhranlarından tutmuş terrorizm, beynəlxalq cinayətkarlıq, separatizm amilləri, ekstremizm təmayülləri və bunun da xüsusilə dini cərəyanlarla çılğınlaşması beynəlxalq təhlükəsizlik problemləri kimi bu sənəddə xarakterizə edilir. Digər bir tərəfdən, regionda yaşanan əsas risklər də bu sənəddə öz əksini tapmalı idi. Bu mənada, Ermənistanın Azərbaycana qarşı işğal siyasəti və digər məsələlər geniş təsbit olunub. Xüsusilə, ərazi bütövlüyünün ayrı-ayrı ölkələr tərəfindən tanınmaması, işğal gerçəkliyi, həmçinin, terror və separatizmin stimullaşdırılması, ayrı-ayrı separatçı dairələrə iqtisadi-maliyyə və digər siyasi yardımların göstərilməsi, bölgədə sürətlə silahlanmanın həyata keçirilməsi, Xəzər dənizi və Azərbaycanla qonşuluqda hərbi bazaların yerləşdirilməsi, hərbi amillərin ümumiyyətlə gücləndirilməsi, beynəlxalq hüquq sisteminin daha zəif işləməsi, enerji resursları uğrunda çarpışma və s. amillər regionun əsas təzyiq prinsipləri kimi burada yer alıb. Eyni zamanda, burada ölkədaxili mühitlə bağlı başlıca məsələlərdə öz əksini tapıb. Bundan sonra isə ən başlıca məsələ kimi sənəddə Ermənistanın Azərbaycana qarşı olan işğal siyasəti və gerçək olaraq torpaqlarımızın belə bir işğal vəziyyətində qalması, əsas təhlükəsizlik və hərbi risk kimi məsələlər də öz əksini tapmış olub. Yəni, istənilən bir ərazi bütövlüyü pozulmuş ölkə hərbi doktrinalarını, mühüm hərbi təhlükəsizlik sənədlərini hazırlayarkən, ən başlıca vəzifə kimi ərazi bütövlüyünü təmin etmək prinsipini qarşısına qoyur. Ona görə də, məhz işğalçı Ermənistanın adı bu statusda göstərilib. Eyni zamanda, Dağlıq Qarabağda sürətlə silahlanmanın Azərbaycanın maraqlarına zərbə olduğu vurğulanıb. DQ-dəki silahların nəzarətdən kənar şəkildə oraya daşındığı, beynəlxalq konvensiyaların çox kobud şəkildə pozulduğu aşkar şəkildə əksini tapıb. Həmçinin, sənəddə bölgəmizdə kütləvi qırğın silahlarının əldə olunması şərtləri, onun yayılması istiqamətindəki meyillərdə Azərbaycanın maraqlarının əleyhinə olan hallar kimi qeyd olunub. Ona görə də, burada Azərbaycan Silahlı Qüvvələrinin peşəkarlıq səviyyəsini artırmaq, xaricdən silah almaq asılılığından qurtulmaq, özünün müdafiə sənayesi qurumları və digər addımlarla qüdrətini daha da möhkəmləndirmək vəzifələri qeyd edilir. Eyni zamanda, yeni hərbi əməliyyatlar hansı vəziyyətlərdə başlana bilər, hansı situasiyalarda Azərbaycan öz ərazilərində başqa dövlətin hərbi bazasına yerləşdirə bilər və s. amillər də bu sənədin mühüm müddəalarını təşkil etməkdədir. Hərbi doktrinanın 29-cu maddəsində yer almış məsələlər ətrafında müəyyən yanaşmalar mövcuddur. Yəni, burada qeyd olunurdu ki, Azərbaycan ərazilərində xarici hərbi bazaların yerləşdirilməsi qadağan edilir. Yeni sənəddə isə müstəsna hallarda bu halın yaranması barəsində məsələ öz əksini tapıb. Bu gün birmənalı şəkildə başa düşülməlidir ki, burada söhbət dərhal hansısa bir ölkə ilə razılaşdırılmış qaydada ordu birləşmələrinin Azərbaycana gətirilməsindən getmir. Bu, daha artıq dərəcədə gələcək təhlükəsizlik şəraitində müvəqqəti bir dövr üçün Azərbaycanın belə addım atmasından asılıdır. İndiki məqamda isə bu sənəd ölkəmizin milli maraqlarına tam şəkildə öz töhfəsini vermiş olur. Ona görə də, qəbul olunmuş hərbi doktrina Azərbaycanın xarici siyasət kursuna regiondakı yerinə, coğrafiyasına, Xəzər hövzəsində bir ölkə olmasına, malik olduğu resursların qorunmasına və xüsusilə də insan, cəmiyyət, dövlət maraqlarının üzvü şəkildə təmərküzləşməyə xidmət edən çox mühüm bir sənəddir. Bu doktrina mahiyyət etibarilə Azərbaycanın hərbi təhlükəsizlik sferasında imkanlarını daha da genişləndirəcək. Bütövlükdə isə, gələcəkdə Azərbaycanın təhlükəsizlik sfarasında ən ciddi, mühüm addımların atılmasına imkanlarını artıracaq.
- Hərbi doktrinanın qəbulundan sonra 1919-cu ilin oktyabrın 21-də imzalanmış Qars müqaviləsinin aqibəti necə olacaq?
- Bildiyiniz kimi, dövlətlərarası sənədlər mühüm bir gücə malikdir. Heç bir digər qanunvericilik aktları həmin müqavilələrdəki müddəaları aşağılaya və onu əngəlləyə bilməz. Hərbi doktrinadakı əsas prinsiplər ümumi təhlükəsizlik həyatımıza bağlı olan məsələlərdir. Amma bundan kənarda da, ölkənin təhlükəsizlik həyatı formalaşır, qurulur. Bundan başqa dövlət sirri, kəşfiyyat və əks kəşfiyyat, səfərbərlik haqqında, nəqliyyat səfərbərliyi ilə bağlı qanunvericilik aktları da mövcuddur ki, bu yenə də ölkənin ümumi həyatına, bütövlükdə, millətin təhlükəsizliyinin qorunmasına xidmət edir. Ona görə də, Qars müqaviləsi, gələcəkdə Dağlıq Qarabağ məsələsində, Türkiyə və Azərbaycan arasında hərbi təhlükəsizlik və müdafiə xarakterli müqavilələr digər qanunlarla müşayiət olunmadan öz-özlüyündə mühüm bir hüquqi gücü daşıyır. Eyni zamanda, həmin sənədin Azərbaycanın həyatında, ölkələr arası münasibətlərdə çox böyük önəmi var. Bu baxımdan da, qeyd olunan məsələni hərbi doktrinada ifadə etmək məqsədə uyğun olmazdı.
- Antiterror əməliyyatlarında və sülhyaratma kampaniyalarında Azərbaycanın iştirakı və mövqeyi bu sənəddə necə tənzimlənir?
- Bu qanunda da, qeyd olunan məsələlərdən bəhs olunur. Çünki Azərbaycan artıq beynəlxalq təhlükəsizlik mühitində fəal rol alıb. Ölkəmiz təkcə regional deyil, eyni zamanda, beynəlxalq proseslərdə fəal tərəfdaşa çevrilib. Məhz bunun üçün də, beynəlxalq birlik tərəfindən Azərbaycanın bu addımı çox mütərəqqi və yüksək dəyərləndirilir. Azərbaycan bu gün beynəlxalq sülhyaratma əməliyyatlarına qoşulmaqla öz mövqelərini və siyasi imicini möhkəmləndirir. Hərbi doktrinada da, bu hal bir daha təsbit olunur ki, Azərbaycan gələcək dövrlərdə də, beynəlxalq birliklə təhlükəsizlik proseslərinə töhfə verməkdə davam etsin. Eyni zamanda, hər hansı sülhməramlı taborların yaradılması işində məhz müdafiə və Silahlı Qüvvələr sektoruna vəzifə qoyulur. İndiki məqamda da Azərbaycan NATO və digər beynəlxalq hərbi təşkilatlarla əməkdaşlığını davam etdirir. Qəbul olunmuş sənəddə də, bu məsələlərlə bağlı müddəalar öz əksini tapıb. Bütün bunlara rəğmən, gələcəkdə də, Azərbaycanın sülhyaratma işlərinə cəlb edilməsini müşahidə etmək mümkün olacaq.