Muzeydə musiqi axşamları" layihəsi çərçivəsində növbəti konsert keçirilib
"Azərbaycan musiqisinin inkişafı və tədrisi" ictimai birliyi və incəsənət muzeyinin birgə təşkil etdiyi "muzeydə musiqi axşamları" layihəsi çərçivəsində növbəti konsert keçirilib. Mərasim bu dəfə SSRİ xalq artisti, dövlət mükafatı laureatı, bəstəkar Arif Məlikovun yaradıcılığına həsr olunub.
Tədbirdə bəstəkara həsr olunan sənət əsərləri haqqında məlumat verilib. Bakının müxtəlif musiqi məktəblərinin şagirdləri fortepiano, tar, kamança, qarmonda bəstəkarın müxtəlif əsərlərini ifa ediblər.
Arif Məlikovun yaradıcılıq irsinə 12, 35, 21 saylı, Sumqayıt şəhəri Bülbül adına Musiqi Məktəbinin, Bülbül adına Orta İxtisas Məktəbinin şagirdləri və Bakı Musiqi Akademiyasının tələbələri nəzər salıb. Gənc musiqiçilər bəstəkarın müxtəlif illərdə yazdığı musiqi əsərlərini səsləndiriblər. Onların ifasında "Prelüdiya", "İki qəlbin dastanı", "Məhəbbət əfsanəsi" baletindən, "Ağır vals", "Qonaq gəl bizə" və başqa sənət nümunələrinə yeni nəfəs verilib.
Xatırladaq ki, musiqi axşamları layihəsi çərçivəsində bəstəkar Fikrət Əmirov, Vasif Adıgözəlov, Tofiq Quliyev, Qara Qarayev və Musa Mirzəyevin yaradıcılığına həsr olunan tədbirlər həyata keçirilib. "Muzeydə musiqi axşamları" layihəsi çərçivəsində Üzeyir Hacıbəyov, Niyazi, Süleyman Ələsgərov və başqa məşhur Azərbaycan bəstəkarların da yaradıcılıq gecələri təşkil ediləcək.