2015-ci ilə qədər 5 minə qədər gənc dünyanın nüfuzlu təhsil müəssisələrində təhsil alacaq
- Əhməd müəllim, elm və təhsil işçisi olaraq ölkəmizdə bu gün təhsilin mövcud vəziyyəti haqqında nə deyə bilərsiniz?
- Bu gün Azərbaycanda elm və təhsil birbaşa dövlətin, Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunub. Ona görə də, mən düşünürəm ki, hər bir azərbaycanlı, o cümlədən, müvafiq orqanlar, ayrı-ayrı təhsil müəssisələri ölkə Prezidentinin bu istiqamətdə atdığı addımlara, gördüyü işlərə, həyata keçirdiyi siyasətə fəal dəstək verir və verməlidir. Əks təqdirdə, təhsilin daha yüksək səviyyədə inkişafına nail ola bilmərik. Bilirsiniz ki, ötən il parlamentdə "Təhsil haqqında" qanun qəbul olunub və dövlət başçısının Sərəncamı ilə bu qanun artıq hüquqi qüvvəyə minib. Hesab edirəm ki, bu qanun kifayət qədər mükəmməl və əhatəli olmaqla, müasir təhsil səviyyəsinin tələblərinə tam cavab verir, Azərbaycanın təhsil qanunvericiliyinin daha da təkmilləşdirilməsinə və zənginləşdirilməsinə imkan yaradır.
- Artıq başa çatmaqda olan tədris ili yeni qəbul olunmuş "Təhsil haqqında" qanun əsasında həyata keçirildi. Bu baxımdan, bu sahədə hansı yeniliklər müşahidə olundu?
- Ümumiyyətlə, "Təhsil haqqında" qanunun ötən il qəbul olunmasına baxmayaraq, təhsil sahəsində islahatlar uzun müddətdir aparılır. Azərbaycan təhsili Avropa təhsil sisteminə inteqrasiya istiqamətində xeyli yol qət edib. Bilirsiniz ki, ölkə Prezidentinin Sərəncamı ilə təsdiq olunmuş Dövlət Proqramına əsasən, 2015-ci ilə qədər 5 minə qədər Azərbaycan gənci dünyanın nüfuzlu təhsil müəssisələrində təhsil alacaqlar. Eyni zamanda, gənc alimlərin Avropanın ən aparıcı elm və təhsil müəssisələrində doktorantura təhsili alması haqqında da Prezident Sərəncamı imzalanıb. Neçə ildir ki, ölkəmiz Boloniya prosesinə qoşulub. Bu istiqaimətdə də çox böyük işlər görülüb. "Təhsil haqqında" qanunun qəbulu isə görülən işlərə təkan verir. Məsələn, əvvəlki illərdən fərqli olaraq, özəl təhsil müəssisələrində də maliyyələşmə məsələsi dövlət büdcəsi ilə əlaqələndirilib. Təhsildə fərqləndirmə, yəni daha savadlı və istedadlı gənclərin daha yaxşı şərtlərlə dövlət hesabına təhsil almaları üçün lazımi məsələlər qanunda öz əksini tapıb. Bu gün mülkiyyət formasından asılı olmayaraq, adambaşına maliyyələşmə sisteminə keçilib.
- Necə hesab edirsiniz, təhsil islahatları nəticəsində sovet təhsil sistemindən tam imtina olunurmu? Yaxud bu sistemin təcrübəsindən nə dərəcədə istifadə edilə bilər?
- Mən hesab edirəm ki, sovet təhsil sisteminin üstündən tam qara xətt çəkmək düzgün olmazdı. Ulu öndər Heydər Əliyev 1969-cu ildə Azərbaycanda birinci dəfə rəhbərliyə gələndən sonra respublikamızda təhsilin, elmin inkişafı üçün çox böyük əhəmiyyət kəsb edən addımlar atıb. Azərbaycanlı tələbələr keçmiş SSRİ-nin ən nüfuzlu ali məktəblərində təhsil alaraq, əldə etdikləri bilik və bacarıqları respublikamızın inkişafına yönəldiblər. Digər tərəfdən, mən hesab etmirəm ki, sovet təhsil sistemi bütövlükdə pis idi. Təbii ki, müəyyən qüsurlar var idi. Amma bununla yanaşı, sovet təhsil sisteminin üstünlükləri kifayət qədər olub. Həmçinin, sovet elmi müəyyən mənada, yüksək səviyyədə idi. Hətta mən deyərdim ki, sovet təhsili, elmi bir sıra məsələlərdə Avropanın təhsil sistemini qabaqlayırdı. Bəli, Sovet İttifaqının süqutu ərəfəsində digər sahələrdə olduğu kimi, təhsil və elm sahəsində də böyük problemlər yarandı və ümumi proses pozuldu. Amma bütün hallarda, demək olar ki, Azərbaycanın bugünkü inkişafında sovet təhsil sisteminin böyük xidməti olub. Sadəcə olaraq, bu sahədə islahatlar davam edir, lazım gələrsə, həmin sistemin üstünlüklərindən istifadə olunmalıdır.
- Hazırda Azərbaycan təhsili Boloniya prosesinə qoşulur. Bununla yanaşı, qəbul olunmuş proqramlar və qəbul olunmuş qərarların icrası nəticəsində təhsilimiz yeni inkişaf mərhələsinə qədəm qoyub. Ümumiyyətlə, yeni təhsil sistemində özəl təhsil müəssisələrinin yeri və rolu haqqında nə deyə bilərsiniz?
- Azərbaycan müstəqillik əldə etdikdən sonra, təbii ki, təhsil sistemimizdə də çox böyük dəyişikliklər olub. Özəl universitetlərin yaranması məhz müstəqillik dövrümüzə təsadüf edir. Yəni, artıq alternativ təhsil müəssisələri fəaliyyət göstərir. Yeri gəlmişkən, mən qeyd etmək istəyirəm ki, ilk illərə nisbətən, indi bu sahədə də, özəl universitetlərin fəaliyyətində də nəzərəçarpan irəliləyişlər var. İrəliləyişlərin davamlı olması üçün, bütün təhsil sisteminin inkişafını təmin etmək üçün hesab edirəm ki, dünyada mövcud olan mütərəqqi metodları, dəyərləri mənimsəmək, onlardan yararlanmaq lazımdır. Boloniya prosesinə qoşulmaq da məhz bu məqsədə xidmət edir. Bu, eyni zamanda, Avropanın təhsil sisteminə inteqrasiya deməkdir. Təbii ki, bunun üçün də müəyyən tələblərə riayət olunmalıdır. Birincisi, qanunvericlik bazası, digər təhsil plan və proqramları Avropa təhsil məkanına uyğunlaşdırılmalıdır. Bu istiqamətdə artıq bir sıra mühüm addımlar atılıb. Elə rəhbərlik etdiyim Odlar Yurdu Universiteti də Avropaya inteqrasiya istiqamətində çox böyük işlər görüb. Uzun müddətdir ki, bizim universitetmizdə təhsil kredit sistemi üzrə aparılır.
- Rəhbərlik etdiyiniz universitetdə Boloniya prosesinə keçid tam başa çatıbmı, yoxsa hələ müəyyən fakültələrdə bunu tətbiq edirsiniz?
- Biz artıq 6 ildir ki, tam kredit sisteminə keçmişik. Təbii ki, bu sistemlə bağlı da müxtəlif fikirlər var. Amma mən hesab edirəm ki, ümumilikdə, bu sistemin üstün cəhətləri daha çoxdur. Məsələn, tələbə əgər qiymət ala bilmirsə, yenidən həmin fənn üzrə təhsil alır, sonradan növbəti dəfə imtahan verir. Bu tələbənin ikiqat hazırlığına kömək edir. Əvvəlki dövrlərdə isə tələbə imtahandan kəsilirdi, 3-5 gündən sonra hazırlığı olmadan yenidən imtahan verirdi, indi isə qeyd etdiyim kimi, qaydalar dəyişdirilib. Yaxud başqa bir nüansa nəzər yetirək. Əgər təhsil prosesindən semestr ərzində tələbə hər hansı fənn üzrə 20 faizdən artıq dərs buraxıbsa, həmin fənn onun imtahan siyahısından çıxarılır və tələbə həmin fənn üzrə yenidən təhsil alır. Bu da, həm davamiyyətin yaxşılaşdırılmasına, həm də həmin fənn üzrə biliklərin artırılmasına imkan verir. Eyni zamanda, digər bir sıra təhsil müəssisələrindən fərqli olaraq, bizim universitetimizdə 5 ildən artıqdır ki, bütün imtahanlar test üsulu ilə kompyuter vasitəsilə aparılır. Yəni müəllim auditoriyada dərsini keçir, tələbəni imtahana hazırlayır, semestr ərzində onların biliklərini yoxlayır, amma imtahanda iştirak etmir. Bundan başqa, biz birgə beynəlxalq elmi konfranslar keçiririk, elmi tədqiqat işləri aparırıq. Avropanın nüfuzlu universitetləri ilə səmərəli əməkdaşlıq qurmuşuq və hazırda bu əlaqələri inkişaf etdirməkdəyik. Bu əməkdaşlıq bizim tədris prosesinin, mütəxəssis hazırlığının dünya standartlarına uyğunlaşdırılmasına kömək edir. Biz elə mütəxəssislər hazırlamalıyıq ki, onlar dünyanın hər yerində işləyə bilsinlər. Əgər hazırladığımız mütəxəssis təkcə ölkəmizdə qalıb çalışacaqsa, onda bizim diasporamız formalaşa bilməz, dünyaya çıxışımız məhdudlaşar.
-Yeri gəlmişkən, bir neçə gün öncə Milli Məclisin yaz sessiyası başa çatdı. Parlamentin bu sessiya ərzində fəaliyyətini necə qiymətləndirirsiniz?
- Mən düşünürəm ki, yaz sessiyası ərzində Milli Məclis çox məhsuldar işləyib. Qarşıya qoyulan vəzifələr yerinə yetirilib, yeni qanunlar qəbul olunub, mühüm sənədlər təsdiqlənib. Eyni zamanda, bir sıra qanunlara önəmli əlavə və dəyişikliklər edilib.