Vahid Əhmədov: "Neftin qiyməti ilə bağlı dövlət büdcəsinə yenidən baxılmalıdır"
- Bu ilin iyun ayında dövlət büdcəsinə yenidən baxılması gözlənilir. Sizcə, bu, hansı zərurətdən ortaya çıxıb?
- Neftin qiyməti ilə bağlı dövlət büdcəsinə yenidən baxılmasına zərurət var. Belə ki, bir barrel neftin qiyməti 45 ABŞ dollarından hesablanmışdısa, artıq bu rəqəm 70 ABŞ dollara çatıb. Eyni zamanda, dövlət büdcəsinə əlavə vəsaitlərin daxil olmasını da nəzərə almaq lazımdır. Digər tərəfdən, təbii fəlakətlərin baş verməsi nəticəsində regionlarda ciddi fəsadlar baş verib. Bu baxımdan, dövlət büdcəsinə yenidən baxılmasına böyük ehtiyac var.
- Vahid müəllim, siz sel sularının nəticələrinin aradan qaldırılması üçün dövlət büdcəsindən, əlavə olaraq, 2 milyard ABŞ dolları məbləğində vəsaitin ayrılmasını bildirmisiniz...
- Hazırda Kür və Araz çaylarının ətrafında çox ciddi işlər görülür. Dövlətin bütün güc strukturları oraya səfərbər olunub. Bu və digər tədbirləri də nəzərə alsaq, fəlakətin nəticələrinin aradan qaldırılması üçün daha böyük miqdarda vəsait tələb olunacaq. Bunlarla yanaşı, yeni kanalların çəkilməsi, oradakı vətəndaşların başqa yerlərə köçürülməsi, kompensasiya və s. görüləcək işlər var. Hesablamalarıma əsasən, bu tədbirlərin həyata keçirilməsi məqsədilə azı 1-2 milyard ABŞ dolları məbləğində vəsait lazım olacaq.
- Bəzi müxalifətçi millət vəkillərinin iddiasına görə, fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlər nəticəsiz qalıb. Bu, nə dərəcədə reallığa uyğundur?
- Bu hadisədə iki məsələni nəzərə almaq lazımdır. Birincisi, bu hadisə təbii hadisədir və onun qarşısının alınması o qədər də asan iş deyil. Dünyanın istənilən ölkəsində bu cür fəlakətlər baş verir. Onun qarşısını dərhal almaq mümkün deyil. Ümidvarıq ki, nəticələr tez bir zamanda aradan qaldırılacaq. Düzdür, bəlkə də Kürün deltasını vaxtında təmizləsəydilər, vəziyyət bu qədər ağır olmazdı. Bunların hamısı məsuliyyət tələb edən işlər idi. Amma buna baxmayaraq, dövlət tərəfindən lazımi addımlar atılır.
- Vahid müəllim, dünyada hökm sürən maliyyə böhranı fonunda Azərbaycanda iqtisadi göstəricilərin sürətlə inkişaf etməsini əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan iqtisadi siyasət strategiyasının uğurla davam etdirilməsinin nəticəsi hesab etmək olarmı?
- Bu il qlobal maliyyə böhranının ikinci fazası başladı. Bu, əsasən, Avropa ölkələrində, Portuqaliyada, İspaniyada, Almaniyada və s. ölkələrdə avronun məzənnəsi kəskin şəkildə aşağı enməyə başladı. Azərbaycanda da bu cür halların baş verməməsi istiqamətində müəyyən işlər görülür. Ölkəmizin idxal məhsullarının 60 faizi Avropa ölkələrinin payına düşür. Bu cür amilləri nəzərə alsaq, təbii ki, böhranın Azərbaycana təsirlərini inkar etmək olmaz. Lakin ölkəmizin kifayət qədər ehtiyatı var, neft və qaz ixracatı ilə məşğuldur. Prezident İlham Əliyev açıqlamasında bildirdiyi kimi, Azərbaycan 52 milyon tona yaxın neft, 30 milyard kubmetrə yaxın qaz ixrac edir. Hesab edirəm ki, 22 milyard ABŞ dolları məbləğində ehtiyat fondu olan ölkəmizin fəlakət bölgəsinə 1-2 milyard dolları xərcləməsi o qədər də çətin iş deyil.
- NABUCCO-nun bu yaxınlarda reallaşacağı ilə bağlı nə deyə bilərsiniz?
- Hər il ölkəmiz həmin layihəyə 30 milyard kubmetrə yaxın qaz verməlidir. Dövlət başçısı İlham Əliyevin də çıxışlarının birində, qeyd etdiyi kimi, Azərbaycan öz qazını daha böyük qiymət ödəyən ölkəyə satacaq. NABUCCO layihəsinin reallaşacağı şübhə doğurmur. Amma bu, təxminən 2015-ci ilə təsadüf edəcək. Amerika və Avropa üçün bu layihənin çox böyük əhəmiyyəti var. Azərbaycan da bu layihənin tez bir zamanda reallaşmasında maraqlıdır. Ancaq Azərbaycanla yanaşı, digər ölkələr də bu işdə fəallıq göstərməlidirlər.
- NABUCCO layihəsinin reallaşmasının əsas səbəbini Avropa ölkələrinin qaza olan ehtiyacı ilə əlaqələndirdiniz. Burada Rusiya faktoru nəzərə alınıbmı?
- Azərbaycan Avropa ölkələri ilə yanaşı, Rusiya və Türkiyə ilə bu istiqamətdə əlaqələr qurub. Hazırda ölkəmizin qazın ixracı ilə bağlı 3-4 layihəsi var. Avropa da istəyir ki, təkcə Rusiyadan asılı olmasın. Çalışır ki, NABUCCO layihəsinin reallaşması ilə Azərbaycan, Türkmənistan, İran, Ermənistan və s. ölkələrdən də qaz ala bilsin.
- Vahid müəllim, "Əsrin müqaviləsi"nin gerçəkləşməsi nəticəsində Azərbaycanın neft sektoruna 38 milyard ABŞ dolları sərmayə qoyulub, neft-qaz hasilatında da uğurlar əldə olunub. Bu uğurların növbəti illər ərzində davam edəcəyi ilə bağlı proqnozlarınız nədən ibarətdir?
- Bu məsələdə Azərbaycanda problem olmayacaq. Ancaq neft və qaz hasilatında enmələr olarsa, müəyyən problemlər yarana bilər. Ona görə də, Prezident İlham Əliyev qeyri-neft sektorunun inkişafına böyük önəm verir.
- Bu gün qeyri-neft sektorundakı vəziyyət sizi qane edirmi?
- Bununla bağlı addımlar atılsa və müəyyən inkişaf olsa da, daha ciddi işlərin görülməsinə ehtiyac var. Sənaye sahəsində iri zavod və fabriklərin açılmasına nail olmalıyıq.