"Bütün imkanlar Azərbaycanın təbliğatına, onun gerçəkliklərinin dünya ictimayyətinə çatdırılmasına yönəldilməlidir"
- Sizin təşkilat xarici qonaqlarla birgə Quba məzarlığında olub. Sizcə, xarici qonaqlarla birgə bu cür ziyarətlər, sizin topladığınız məlumatlar erməni vandalizminin dünya ictimaiyyətinə çatdırılması fonunda hansı müsbət effektiv nəticələr verdiyini müşahidə edirsiniz?
- Dünya ictimaiyyətinin son iki yüz il ərzində Azərbaycanda baş vermiş soyqırım hadisələri və erməni vandalizmi ilə bağlı ilk əldə olunan informasiya son dövrlərdə aldığı informasiyalardır. Yəni, bu baxımdan, müəyyən universitetlərin, elmi ictimaiyyətin, ictimai-siyasi təşkilatların nümayəndələrinin, parlamentlərin aparıcı millət vəkillərinin Quba soyqırım məzarlığına getməsi informasiya əldə etmək baxımından əhəmiyyətlidir. Azərbaycanın tarixi və tarixi hadisələri ilə bağlı, həm 1918-1920-ci illərdə cümhuriyyətin yaranması, ondan sonra və əvvəl baş verən deportasiyalar, repressiyalar və digər hadisələrlə bağlı dünya ictimaiyyətinin, demək olar ki, məlumatı yoxdur. Bu illər ərzində diaspor təşkilatları vasitəsilə aparılan təbliğat-informasiya mübadiləsi, bir daha onu göstərir ki, yalnız Azərbaycan müstəqillik əldə etdikdən sonra, xüsusilə də, 2001-ci ildə ümumilli lider Heydər Əliyev Dünya Azərbaycanlılarının Qurultayını keçirdikdən sonra biz buna nail olduq. Eləcə də, bir çox təşkilatlarla iş aparandan sonra, həm dövlət, həm də QHT-lər səviyyəsində müvafiq məlumatlar dünya ictimaiyyətinə çatdırıldıqdan sonra, müəyyən mənada, balans bu gün dəyişib. Artıq erməni vandalizmi, terroru, işğalı haqqında beynəlxalq ictimaiyyətdə müəyyən informasiya yaranıb. Azərbaycan olaraq 20 il ərzində apardığımız informasiya savaşı, nəhayət ki, öz müsbət nəticələrini verməkdədir. Bu gün dünya ictimaiyyətinə Azərbaycan həqiqətlərinin, gerçəkliklərinin çatdırılmasında, KİV-lərin, xüsusilə də, elektron KİV-lərin çox böyük xidməti var. Bu gün balans artıq dəyişməkdədir. O mənada ki, dünya ictimaiyyəti həqiqətləri biləndən sonra erməni yalanlarına, böhtanlarına inanmır və inanmaq da istəmir. Ona görə də biz Dağlıq Qarabağ həqiqətlərini, Ermənistanın Azərbaycana qarşı təcavüzünə aid olan gerçəklikləri dünya ictimaiyyətinə aktiv şəkildə yaymalıyıq. Həmin istiqamətdə məqsədyönlü fəaliyyət göstərməliyik. Ardıcıl, əlaqəli və sistemli mübarizəmizi davam etdirməliyik.
- Quba rayon prokurorluğu artıq ermənilər tərəfindən qətlə yetirilmiş insanlar şəxsiyyətlərinin müəyyənləşdirilməsi istiqamətində müəyyən tədbirlər görüb. Siz bu cür məlumatları dünya ictimaiyyətinə çatdırılması üçün prokurorluq orqanları ilə hansısa iş aparmısınız?
- Prokurorluq orqanları ilə ictimai proseslərdə, şəffaflıq nöqteyi-nəzərindən keçirdiyi bütün təlim və imtahanları həmişə müşahidə edirik. Quba soyqırımı ilə əlaqədar, təbii ki, hansısa informasiyalar dəqiqləşib, şəxsiyyətlər müəyyən olunarsa, biz yenə də onlarla sıx əməkdaşlıq edərək, həmin siyahıları beynəlxalq ictimayyətə çatdıracağıq. Bu istiqamətdə məqsədyönlü fəaliyyət göstərə bilərik.
- Azərbaycanda insan hüquqlarının pozulmasından, demokratik proseslərə əngəl yaradan müəyyən işlərin görülməsindən danışan bəzi hüquq müdafiəçilərimiz var. Amma nədənsə, beynəlxalq təşkilatlar qarşısında hay-küylə çıxış edən həmin hüquq müdafiəçiləri Quba məzarlığında aşkar edilən erməni vandalizmi ilə bağlı heç bir əməli addım atmadı...
- Azərbaycanda Ali Qanunumuzdan irəli gələrək, çalışmalıyıq ki, heç bir vətəndaşımızın hüququ tapdalanmasın. Çalışmaq lazımdır ki, Azərbaycan çox nümunəvi ölkəyə çevrilsin. Bu istiqamətində də dövlət səviyyəsində, insan hüquqları ilə bağlı milli fəaliyyət planı və digər proqramlar həyata keçirilir. Digər tərəfdən də, respublikanın ombudsman təchizatı bu istiqamətdə çox mütərəqqi işlər görür və dünya ictimaiyyətini də məlumatlandırır. Bəzi QHT-lərin Quba məzarlığında soyqırımla əlaqədar olaraq öz imkanlarından irəli gələrək, dünya ictimaiyyətinə məlumat çatdırmır və ya bu məsələdə maraqlı deyillər. Əlbəttə, bu, arzuolunmaz vəziyyətdir. Hər bir azərbaycanlı öz imkanları çərçivəsində bu məsələdə təbliğat aparmalıdır. Düşünürəm ki, QHT Forumuna daxil olan bütün təşkilatlar bütün imkanlardan, resurslardan istifadə edərək, Azərbaycanın təbliğatını aparır və aparcaqdır. Ola bilər ki, 2500 təşkilatın içərisində öz maraqlarını düşünən QHT-lər də ola bilər. Ancaq bunlar da gözdən yayınmır. Biz onları qınayırıq və belə fikirləşirəm ki, bütün imkanlar Azərbaycanın təbliğatına, onun gerçəkliklərini dünya ictimayyətinə çatdırılmasına yönəlməlidir. İnsan hüquqlarından danışan təşkilatlar birinci növbədə Azərbaycanda insanların hüquqlarının tapdalanmasını dünya ictimayyətinə çatdırmaq istiqamətində iş aparmalıdırlar. Soyqırım, deportasiya, qaçqın və məcburi köçkün, torpaqlarımızın işğal altında qalması və bundan yaranan fəsadlar barəsində beynəlxalq təşkilatlara mütləq çatdırılmalıdır. Vahid sistem şəklində bu istiqamətdə mübarizə aparılmalıdır.
- Siyasi hakimiyyət uğrunda anormal mübarizə metodu seçən bəzi partiyaların təsiri altında olan QHT-lər parlament seçkiləri ərəfəsi çaşqınlıq yaratmaq üçün üzərlərinə müəyyən öhdəlik götürdükləri bilinir. Həmin QHT-lərə qarşı Milli QHT Forumu hansısa tövsiyə xarakterli iş aparmağı nəzərdə tutur?
- Biz onların daxili işlərinə müdaxilə etmirik. Çünki biz əlaqələndirmə rolunu oynayırıq. Sadəcə olaraq, tövsiyə edə bilərik ki, QHT-lər öz mandatları, nizamnamələri çərçivəsində fəaliyyət göstərsinlər. Hər hansı siyasi fəaliyyətlə ictimai fəaliyyəti qarışdırmasınlar.