"Azərbaycanın haqq səsinin dünyanın böyük güc mərkəzləri tərəfindən etiraf edilməsi prinsipial əhəmiyyətə malikdir"
- Qabil müəllim, Türkiyənin xarici işlər naziri ABŞ-a, Ermənistanın prezidenti Serj Sarksiyan isə Rusiyaya səfər edib. Hər iki səfərdə Dağlıq Qarabağ məsələsinin müzakirə edilməsi ilə bağlı fikirlər səsləndirilir. Doğrudanmı, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı konkret mövqe ortaya qoyulmasının məqamı çatıb?
- Türkiyə Ermənistanla sərhədləri açmaq üçün ABŞ qarşısında belə bir məsələ qoyur ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını azad etməlidir. Bu məsələ ABŞ-la Rusiya arasında da geniş müzakirə edilir. Son günlər həm ABŞ, həm də Avropa səviyyəsində Ermənistana olan təzyiqlər, xüsusilə, Azərbaycan torpaqlarını işğal etməsi haqqında qətnamədə məsələlərin geniş yer alması, onu göstərir ki, adıçəkilən ölkəyə qarşı ciddi təzyiqlər başlayıb. Bu günlərdə Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfər edəcək və orada Putinlə görüşəcəkdir. Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu isə, Vaşinqtonda bir sıra məsələlərlə yanaşı, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr aparacağı gözlənilir. Ancaq Dağlıq Qarabağ məsələsinin müzakirəsinin ən əlverişli yeri Rusiyadır. Moskvada Ərdoğanla Putin arasında, sözün həqiqi mənasında, Dağlıq Qarabağ münaqişəsinə və eləcə də, Türkiyə-Ermənistan sərhədlərinin açılmasına dair böyük sövdələşmə həyata keçiriləcək. Əvvəlki kimi, beş rayonun qaytarılması yox, hələlik, prosesləri ölü nöqtəsindən tərpətmək üçün, ilkin olaraq, qarşıda iki rayonun azad edilməsi məsələsi durur. Bu da Ağdam və Füzuli rayonlarıdır.
- Yeniləşmiş Madrid prinsiplərinə Ermənistan münasibət bildirmədiyi halda, hansı yaşayış ərazisinin boşaldılması nəzərdə tutulur?
- Ermənistan yeniləşmiş Madrid prinsiplərini qəbul etməyib. Amma prinsipləri qəbul etsə, söhbət iki rayondan yox, yeniləşmiş Madrid prinsiplərində Dağlıq Qarabağın hüdudlarından kənar rayonların 5+2 prinsipi üzrə torpaqların azad edilməsi nəzərdə tutulur. Artıq Ermənistan 2 deyil, 5 rayon ətrafında müzakirə aparmalı olacaq. Ona görə də, yeniləşmiş Madrid prinsiplərinin qəbul edilməsinin ləngiməsinin səbəblərindən biri də budur. Rusiya ilə Türkiyə arasında böyük sövdələşmələr gedir. Bunun müqabilində, Türkiyə Rusiyadan 2 rayonun azad edilməsini tələb edərsə, Rusiyanın buna getmə ehtimalı var. Çünki əks-təqdirdə nə Ermənistanla sərhədlərin açılması, nə də ki, Türkiyə və Rusiya arasındakı böyük enerji sövdələşmələri reallaşa bilər. Onsuz da, ABŞ enerji layihələri ilə bağlı hər iki ölkə arasındakı sövdələşmələrin əleyhinədir. Ekspertlər Rusiya-Türkiyə münasibətlərini sınaq günləri hesab edir. Türkiyə ilə Rusiya arasında həm enerji məsələləri üzrə, həm də Dağlıq Qarabağ məsələsinə dair nəticəsi olan sövdələşmələr baş tutarsa, hər iki ölkə arasındakı münasibətlərin strateji partnyorluq səviyyəsinə qaldırılması kimi siyasi dövriyyədə olan ideya nəzəriyyədən praktikaya keçmiş olur. Yəni, artıq Türkiyə ilə Rusiya iqtisadi əməkdaşlıq, həm də siyasi əməkdaşlıq sahələrini də əhatə etməyə başlayır. Bu isə, dünyada qüvvələr nisbətində ciddi yer dəyişmələrinin baş verməsi deməkdir. Yəni, Türkiyənin birdəfəlik gücünün Rusiyaya və Şərqə doğru çevirilməsi deməkdir.
- Avropa Parlamenti mayın 20-də bir daha Ermənistanı işğal etdiyi torpaqları boşaltmağa çağıran qətnamə qəbul edib. Digər beynəlxalq təşkilatlar da bu tip qətnamələr qəbul ediblər. Amma qənamələrin icrası ilə bağlı addım atmayıblar...
- Avropa Birliyi Ermənistanı işğalçılıqda təqsirləndirən ən güclü təşkilatdır, böyük qurumdur. Serj Sarksiyanın Brüsseldə səfəri zamanı Avropa Birliyi komissiyasının keçirdiyi mətbuat konfransında ciddi tənqid atəşinə tutuldu. Konfransda açıq şəkildə bildirildi ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib və həmin torpaqları da azad etməlidir. Bu, həm Avropa Birliyinin tarixində görünməmiş hadisədir. Həm də Azərbaycanın haqq səsinin dünyanın böyük güc mərkəzlərindən biri tərəfindən etiraf edilməsi baxımından prinsipial əhəmiyyətə malikdir. Avropa Birliyində artıq bu məsələ etiraf edilir, Ermənistanın təcavüzkar olduğu faktı bir daha prezidentin üzünə deyilir. Azərbaycan diplomatiyası bir az da səy göstərsə və Avropa ölkələrini həm problemin həlli, həm də Ermənistanın təcavüzkar siyasətini nəticələrinin aradan qaldırılması istiqamətində çağırışlarla müraciət etsə, Avropa Birliyi Ermənistana qarşı təzyiqlərini gücləndirəcək. Avropa Şurası bu təşkilata yaxın qurumdur. ATƏT isə, Dağlıq Qarabağ münaqişəsini nizamlayan təşkilat kimi, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı barədə fikirlər səsləndirsə də, həll variantının məğzində ortalığa heç nə qoymayıb. Bu səbəbdən də, Minsk Qrupunun irəli sürdüyü həll variantlarında Azərbaycanı qane etməyən məqamlara rast gəlmək mümkünüdür. Ona görə də, Azərbaycan buna etiraz edir. Son bir ayda baş verən hadisələr göstərdi ki, həm Ermənistana olan münasibətdə, həm də məsələnin həllində ciddi yanaşmada dəyişiklik var. Bu günə qədər Minsk Qrupundan olan dövlətlər Dağlıq Qarabağın öz müqəddəratını təyin etməsini, bu problemin həllinin əsas fundamental prinsiplərindən biri kimi irəli sürürdüsə, indi Avropa Birliyinin özü Dağlıq Qarabağın öz müqəddəratını təyin etməyi göstərir ki, Dağlıq Qarabağ probleminin həlli daxili müqəddərtın həlli prinsipləri əsasında da həyata keçirilə bilər. Bu, bütünlüklə, Dağlıq Qarabağ probleminin həll fəlsəfəsinə yeni yanaşma tərzidir. Bu da, Azərbaycana imkan verir ki, Dağlıq Qarabağla öz ideyalarını daha israrla, təkidlə həyata keçirmək imkanı əldə etsin.