"Dünya birliyi Ermənistanı işğalçı qoşunlarını Azərbaycan ərazilərindən geri çəkməyə məcbur etməlidir"
- Xaləddin müəllim, Avropa Birliyinin qəbul etdiyi qətnaməsində bir daha Ermənistanı işğalçı dövlət kimi tanıydıb və bu ölkə rəhbərliyini işğal etdiyi torpaqları boşaltmağa çağırıb. İşğalçı dövlətin bu qətnaməyə münasibəti necə ola biləcək?
- Təbii ki, adıçəkilən dövlətin bu qətnamayə münasibəti yaxşı deyil. Beynəlxalq-hüquqi norma və prinsiplərinə gözlənilməsi, bərqərar olması baxımından əhəmiyyətli, Azərbaycanın maraqlarına uyğun sənəd olduğundan bu qətnamə onların ürəyincə deyil. Ancaq ermənilər ayrı niyyətdə olduqlarına görə, bu məsələyə neqativ yanaşırlar. Bu sənəd bir sıra baxımdan əhəmiyyətlidir. Ən çox əhəmiyyəti odur ki, burada Ermənistanın işğal etdiyi torpaqlardan öz qoşunlarını çəkməsi məsələsi qoyulur. Bütün beynəlxalq təşkilatlar tərəfindən məsələ məhz bu şəkildə ortalığa qoyulmalıdır. Orada məsələnin ayrı bir formada qoyulması, ümumiyyətlə, düzgün deyil. Dünya birliyi Ermənistanı məcbur etməlidir ki, adıçəkilən ölkə özünün işğalçı qoşunlarını Azərbaycan ərazilərindən geri çəksin. Bundan sonra başqa məsələlər gündəmə gətirilməlidir. Digər təşkilatlardan, hətta ATƏT-in Minsk Qrupundan fərqli olaraq, Avropa Birliyi məsələyə bu cür yanaşdı və məsələnin birbaşa kökünə müdaxilə etdi. Beynəlxalq hüququ pozan fakt Ermənistanın digər ölkənin ərazisini işğal etməsidir. Bu işğal faktı ortadan qaldırılmalıdır. Ancaq bundan sonra digər məsələlər müzakirə oluna bilər.
- Beynəlxalq təşkilatlar qətnamə qəbul edirlər, amma onun icrası ilə müəyyən mənada maraqlanmırlar. Bu hal təəssüf doğurmur ki?
- Bir sıra təşkilatlar var ki, onlar sadəcə olaraq, qətnamələr qəbul edib, qərarlar çıxarır. Bunun arxasınca onların icrasını həyata keçirmək üçün mexanizmlər olmur, işə düşmür. Amma bəzi təşkilatlar var ki, onların müəyyən mexanizmləri var. BMT belə təşklatlardan biridir. BMT İranın nüvə proqramı ilə bağlı qətnamə qəbul edib və hansısa sanksiyaların tətbiqi gözlənilir. Hətta hərbi sanksiyaya qədər qərar qəbul edilə bilər. Amma ərazilərimizin işğalı məsələsində sanksiyalar tətbiq edilmir. Ermənistan isə yeganə dövlətdir ki, bu cür sanksiyalar ona aid edilir. Bu ölkə beynəlxalq hüququn ən ali prinsipini çox kobud şəkildə pozaraq, başqa dövlətin ərazisini işğal edib. Necə ola bilər ki, indiyə qədər adıçəkilən ölkəyə qarşı sanksiya tətbiq olunmayıb? Ona görə də, istər beynəlxalq təşkilatların, istərsə də Avropa Birliyinin də qəbul etdiyi sənədlər fikrimizin doğruluğunu təsdiq edir. Eyni zamanda, Avropa Birliyinin özünün də təzyiq rıçaqları var. Avropa Birliyi ciddi təşkilatdır və əlbəttə istəsə müəyyən təzyiq vasitələrini işə sala bilər və işə də salmalıdır. Azərbaycan özü məcbur olur ki, dünya birliyinin getmədiyin özü etsin. Yəni mharibə etmir, ədalətli davranır.
- Ermənistan tərəfi yeniləşmiş Madrid prinsiplərinə münasibət bildirmir. Hətta bunun da ardınca işğal etdiyi Azərbaycan torpaqlarında "seçki oyunu" həyata keçirtdi...
- İndiyə qədər bu proseslər onu göstərir ki, Ermənistan, hələlik, gərginliyini qalmasında maraqlıdır. Açığı Rusiya imkan vermir ki, bu münaqişə tənzimlənsin. Çünki Rusiya münaqişə vasitəsilə Azərbaycana da, Ermənistana da əsassız şəkildə təzyiq göstərir. Bununla da, Ermənistanı əlində təzyiq aləti kimi saxlayır.
- Xaləddin müəllim, Türkiyənin xarici işlər naziri Vaşinqtonda səfərdə olacaq. Yayılan məlumatlara görə, bu səfər Dağlıq Qarabağ münaqişəsinin həlli üçün çox əhəmiyyətlidir. Siz necə düşünürsünüz?
- Türkiyə son zamanlar regionda sülh konsepsiyasından çıxış edir. Hesab edirəm ki, çox əhəmiyyətli konsepsiyadır. İstər Qafqazda, istər İraqda, istərsə də Fələstində və digər ölkələrdə sülhün, stabilliyin olması Türkiyənin həyati maraqlarıdır. Bilirsiniz ki, Türkiyə yerləşdiyi coğrafiyaya görə, aktiv dövlətdir. Ona görə də, məsələyə bu cür yanaşması təbiidir, düzgündür və məntiqlə çıxış edir. Türkiyə gerçəkdən bölgədə barışıq olmasını istəyir. Türkiyənin İranın ən mübahisəli məsələsində ortalığa pozitiv, eyni zamanda, faydalı mövqe qoyması bir daha onu göstərdi ki, adıçəkilən ölkənin səsi eşidilməli və təklifi dinlənilməlidir. Türkiyənin bölgədəki münaqişələrə pozitiv yardım üçün imkanı var. Fransının ATƏT-in Minsk Qrupunda hansı amilə görə, olunmasının mahiyyəti başa düşülmür. ABŞ-ı hardasa başa düşmək olar, heç olmasa, bu ölkə Ermənistana şərti dəstək verir. Bu məsələdə Rusiya maraqlıdır, çünki münaqişəni o törədibdir. Türkiyəyə münasibətdən asılı olmayaraq, bölgədə təmsil sülh yaratmaq rolunu qəbul etmək və buna dəstək vermək lazımdır. Bu baxımdan da, Türkiyə Dağlıq Qarabağ münaqişəsində də çox pozitiv mövqe tutur. ABŞ inandırmağa çalışır ki, məsələnin həlli yollarının birbaşa üstünə getmək lazımdır. Orada dolayı variantlar, ikili standartlar tətbiq etməyə heç bir ehtiyac yoxdur.