Sərdar Cəlaloğlu: “Müxalifətin mitinq keçirmək cəhdləri demoqoqiyadan qaynaqlanır"
- Son zamanlar bəzi müxalifət partiyaları icazəsiz mitinqlər keçirməyə cəhd göstərirlər. Nədənsə, ADP bu mitinqlərə qoşulmaq istəmir. Bunun konkret səbəbi nə ilə bağlıdır?
- Demokratiya ilə demoqoqiyanı bir balaca sərhəd ayırır. Bu da xalqın istək məsələsidir. Xalqın iştirak etmədiyi hər hansı bir yolda xalqın adından çıxış etmək demoqoqiyadan başqa bir şey deyil. Müxalifət partiyalarının geniş kütləni bir araya yığa bilməməsi onu göstərir ki, onlara xalq dəstəyi yoxdur. Bu baxımdan, bu cür mitinqlərin keçirilməsində əhəmiyyət görmürəm. Ona görə də, ADP bu mitinqlərə qatılmaqdan imtina edir.
- Sizin bu fikirləriniz müxalifət partiyalarını narahat edir və sizi hakimiyyətlə iş birliyində günahlandırırlar. Bu barədə nə deyə bilərsiniz?
- Hər hansı fikrimi söyləyərkən bununla bağlı kimin nə deyəcəyindən əndişələnmirəm. Azərbaycanda hər kəs siyasi konnekturalardan kənar bütün reallıqları xalqa çatdırmalıdır. Ona görə də, məni subyektiv fikirlərimə görə, kimlərəsə işləməkdə günahlandırmaları əhəmiyyətsizdir. Onlar mənim reytinqimə ziyan vurmağa çalışırlar. Haqqımda tənqidi fikirlər səsləndirən müxalifət rəhbərləri, buyursun mənimlə dialoqa çıxsın. Yoxsa ki, monoloq şəklində əleyhimə hansısa sözlərin səsləndirilməsini əsassız hesab edirəm. Mənim konkret fikrim ondan ibarətdir ki, bu gün xalq müxalifətin mitinqlərinə dəstək vermir və bu cür aksiyalarda iştirak etməkdən qaçır.
- Bu yaxınlarda Müsavat partiyasının qərargahında "Dördlər"in toplantısı keçirildi. Lakin toplantı iştirakçılarından birinin qəzetimizə verdiyi açıqlamaya görə, bu toplantı çayxana söhbətlərindən kənara çıxmadı...
- Azərbaycanda müxalifətin adət-ənənələrinə uyğun olaraq, emperik siyasi məkan onların birləşib fikir mübadiləsi aparacaqları yer çayxanalardır. Həmin toplantıda da çayxana söhbətləri olmayıb. Orada iştirak etməyən şəxs orada hansı məsələlərin müzakirə olunduğunu bilə bilməz. Sadəcə, Əhməd Oruc bu cür çıxışları ilə kiməsə lazımlı şəxs olduğunu göstərmək istəyir. Hətta o öz müttəfiqlərinə belə gərəkli olduğunu sübut edə bilməyib.
- Bu gün siyasi düşərgədə təmsil olunan müxalifət partiyaları sədrlərinin müəyyən hissəsi xarici maraqlı qüvvələrin diqtəsi ilə hərəkət edir. Bunun fonunda onların cəmiyyətə yararlı olması fikrini necə irəli sürmək olar?
- Müxalifət partiyası özünü dünyadan, hakimiyyətdən və cəmiyyətdən təcrid etməməlidir. Əksinə, siyasətdə geniş əlaqələr qurulmalıdır. Bu cür halları mənfi qüsur hesab etmirəm. Konfliktologiya elmi sübut edir ki, konfliktlərin əmələ gəlməsinin əsas səbəblərindən biri də problemlərin birgə müzakirə olunmamasıdır.