Azərbaycanla Rusiya arasında əlaqələr strateji müttəfiqlik müstəvisinə yüksəlib
- Mirkazım müəllim, bu günlərdə keçirilən Rusiya-Azərbaycan münasibətlərinin inkişafına həsr olunmuş konfransın məram və məqsədinin nədən ibarət olması barədə fikirlərinizi bilmək maraqlı olardı.
- Bu Rusiya-Azərbaycan münasibətləri, onun tarixi, müasirləşmə və gələcək perspektivlərinə həsr olunmuş üç günlük elmi-mədəni konfrans idi. Konfrans Rusiya və Azərbaycanın nəqliyyat nazirliklərinin, eləcə də, Rostov Dövlət Universitetinin birgə təşkilatçılığı ilə həyata keçirildi. Tədbirin keçirilməsində əsas məqsəd Rusiya və Azərbaycan münasibətlərinin müasir mərhələdə gələcək perspektivlərinə yanaşma, Rostov Dövlət Universiteti ilə Azərbaycan Milli Aviasiya Akademiyası arasında əməkdaşlıq haqqında protokolların imzalanması və faşizm üzərində qələbənin 65 illiyi münasibətilə baş tutub. Bilirsiniz ki, faşizm üzərində qələbədə azərbaycanlı döyüşçülərin də böyük əməyi var. Taqanrok şəhərində iki Azərbaycan diviziyası bu döyüşlərdə şücaət göstərərək, həmin şəhərin azad olmasına nail olublar. Onların bu qəhrəmanlığı hər kəs tərəfindən etiraf və böyük qürur hissi ilə yad olunur. Taqanrok şəhərində ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə müharibə zamanı həlak olmuş Azərbaycan əsgərlərinin xatirəsinə abidə qaldırılıb. Qeyd edim ki, bu tədbir yerli əhalinin həm sevincinə, həm də böyük marağına səbəb olub.
Rostov Dövlət Universitetində təşkil olunmuş tədbirlərin əsas məqsədi ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünün qeyd olunması idi. Tədbir zamanı ümummilli liderin həyat və fəaliyyətini əks etdirən foto-stendlərin, video materialların və müxtəlif tərtibatlı kitabların nümayişi keçirilib. Görkəmli dövlət xadimi olan Heydər Əliyevin müxtəlif dövrlərdə həm SSRİ, həm də Azərbaycanda siyasi fəaliyyətinə həsr olunmuş geniş çıxışlar səsləndirildi. Natiqlər bir daha bildirdilər ki, ulu öndər Heydər Əliyev böyük bəşəri liderdir. Ona görə də, ulu öndər Heydər Əliyevin əziz xatirəsi bütün dünya xalqları tərəfindən hörmətlə yad edilir.
- Konfransda iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət edən hansı əhəmiyyətli məsələlər müzakirə edildi?
- Konfransın müsbət əhəmiyyətini iki istiqamətdə vurğulamaq istəyirəm. Birincisi, bu konfransın keçirilməsi Azərbaycan elminin, gənclərinin inkişafı yönündə mühüm bir addımdır. Bu inkişaf elmin qarşılıqlı tərəqqisinə dair imzalanmış protokollarda da özünü göstərir. İkincisi, bu konfransın siyasi əhəmiyyətini qeyd etmək istəyirəm. Çünki Rusiya ilə Azərbaycan arasında 300 ildən artıq qədim tarixi dostluq əlaqələri mövcuddur. Ümummilli liderimiz Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra Rusiya ilə Azərbaycan arasında dostluq əlaqələrinin inkişafında əsaslı dərəcədə dönüş yaranıb. Bu münasibətlər hazırda da uğurla davam etdirilir. Eyni zamanda, Rusiya ilə Azərbaycan arasında münasibətlər qohumluq əlaqələrinə söykənir. Belə ki, rəsmi statistikaya görə, 500-600 mindən çox azərbaycanlı kişisi rus qadını ilə nikah bağlayır. Bu cür faktlar iki ölkə arasında əlaqələrin inkişafına müsbət təsir göstərir. Lakin təəssüflər olsun ki, dünyanın bir çox hegemon dövləti və işğalçı Ermənistan bu dostluq əlaqələrinin sarsılması istiqamətində daim müxtəlif addımlar atıblar.
- Bu konfransda hər iki ölkənin dövlət rəsmiləri hansı formatda iştirak ediblər?
- Rusiya Federasiyasının müxtəlif regionlarından alimlər, professorlar da bu elmi-mədəni konfransa qatılıb. Həmin konfransda Azərbaycandan Azərbaycan Prezidenti Administrasiyasının İctimai-Siyasi Məsələlər şöbəsinin müdiri Əli Həsənovun və nəqliyyat naziri Ziya Məmmədovun rəhbərlik etdiyi geniş nümayəndə heyəti iştirak edib. Həmçinin, Azərbaycan Milli Aviasiya Unieversitetinin rəhbərliyinin iştirakı ilə Rostov Dövlət Universiteti arasında qarşılıqlı əməkdaşlıq protokolları imzalanıb. Bu əməkdaşlıq protokolları hər iki ölkənin təhsil sisteminin qarşılıqlı tərəqqisi və gənclərin birləşməsi istiqamətində olduqca əhəmiyyətlidir. Digər tərəfdən, Moskva, Sankt-Peterburq, Volqoqrad və Novosibirsk şəhərlərini tədbirdə mən təmsil edirdim. Yerli milli mədəniyyət muxtariyyətlərinin rəhbərlikləri də bu tədbirlərdə iştirak ediblər. Onlar milli mədəniyyətimizi özündə əks etdirən foto-stendlər təşkil ediblər. Bu da, onu göstərir ki, Azərbaycandan kənarda tarixi ənənələrimizin, milli mədəniyyətimizin qoruyub-saxlayanlar və onu layiqincə təmsil edənlər var. Lazım gəldikdə də bunu başqa xalqların nümayəndələrinə çatdırırlar.
- Konfrans zamanı işğal edilən Dağlıq Qarabağda ermənilər tərəfindən məhv edilən Azərbaycanın tarixi, mədəni abidələri ilə bağlı məsələlər müzakirə predmeti olubmu?
- Mən öz çıxışımda bu faktları konfrans iştirakçılarının diqqətinə çatdırdım. Bildirdim ki, Azərbaycanın 20 faiz torpağı ermənilər tərəfindən işğal olunub. Bu gün Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanması Ermənistanın qeyri-konstruktiv siyasəti ilə bağlıdır. Ermənistan Azərbaycanla barışmaq haqqında düşünmür və Azərbaycan torpaqlarını işğal altında saxlamaqda davam edir. Çıxışımı daha sonra yenidən Rusiya və Azərbaycan əlaqələrinin inkişaf perspektivlərinə toxunmaqla davam etdim. Qeyd etdim ki, bu gün Azərbaycanda Slavyan Universitetinin fəaliyyət göstərməsi, rus dili probleminin olmaması dostluq əlaqələrinin möhkəmliyindən xəbər verir. Bu baxımdan, bu cür konfransların keçirilməsi iki ölkə arasında münasibətlərin müasir mərhələdə daha dinamik inkişafına təsir göstərir. Xüsusilə, konfrans iştirakçılarının böyük əksəriyyətinin gənclərdən təşkil olunduğunu nəzərə alaraq, tədbirin əhəmiyyətini yüksək qiymətləndirmək olar. Çünki gənclər bizim gələcəyimizdir. Onların milli ruhda tərbiyə olunması, tarixi mədəni abidələrimizə, adət-ənənələrimizə bağlı olması uğurlu inkişafdan xəbər verir. O cümlədən, çıxışımda rusiyalı gənclərin diqqətinə çatdırdım ki, Azərbaycanda heç zaman başqa xalqların milli dəyərlərinə qarşı qısqanclıq olmayıb və hər hansı ayrı-seçkilikdən söhbət belə gedə bilməz. Azərbaycan tolerantlıq hisslərini ən yüksək formada qoruyur və onu gələcək nəsillərə çatdırır. Bunun qarşılığı olaraq da öz milli-mənəvi dəyərlərimizə və tarixi abidələrimizə hörmət gözləyirik. Dövlətçilik ənənələrimizin əsasını ulu öndər Heydər Əliyev təşkil etdiyindən bu cür məqamlarda Onun xidmətlərindən danışmamaq olmaz. Sevindirici haldır ki, bu gün Onun Azərbaycançılıq ideyaları Prezident cənab İlham Əliyev tərəfindən layiqincə yerinə yetirilir.