PDF Oxu

Müsahibə

  • 13

Strateji Əməkdaşlıq Şurasının yaradılması əhəmiyyətlidir

Strateji Əməkdaşlıq Şurasının yaradılması əhəmiyyətlidir
- Zahid müəllim, Türkiyə-Rusiya yaxınlaşması və bunun fonunda Türkiyə ilə İran arasında nüvə sazişinin imzalanması Türkiyənin bölgədəki nüfuzunun daha da güclənməsinə hansı formada təsir göstərə bilər?
- Türkiyənin geniş bir coğrafiyada fəal siyasi, diplomatik işlər aparması bölgənin geosiyasi həyatına ciddi təsir göstərir. Artıq bu ölkənin öz daxili problemləri ilə daxili məkanda vuruşmaq niyyətindən kənara çıxıb, daha geniş məkanda özünün siyasi və digər planlarının həyata keçirilməsində iştirak etməsi dünya ölkələrini onunla hesablaşmağa vadar edir. Türkiyə Cənubi Qafqazda, ümumiyyətlə, postsovet məkanında mühüm və aktiv oyunçuya çevrilib. Türkiyə-Rusiya münasibətləri ənənəvi tarixi düşmənçilikdən çıxması hər iki ölkəyə iqtisadi, siyasi və s. faydalar gətirir. Həmçinin, Azərbaycanın ümumi mənafelərinin xeyirinə işləyir. Türkiyə ilə Rusiya arasında 13 dəfə qanlı müharibə baş verib. Bunun nəticəsində Qafqaz öz həyatında çox ciddi və ağır məhrumiyyətləri yaşayıb. İndi bu ölkələr arasında böyük iqtisadi ticarət dövriyyəsi mövcuddur. Hətta hər iki ölkənin rəsmiləri bu göstəricinin 2015-ci ildə 100 milyard ABŞ dollarına çatdıracaqlarını bildirmişdilər. Lakin qlobal maliyyə böhranı bu əlaqələrə də müəyyən qədər təsir göstərib. Hər halda, Türkiyə və Rusiya bu əlaqələri daha da inkişaf etdirmək əzmində və səyindədirlər. İkincisi, Türkiyənin artıq beynəlxalq konfrantasiya predmetinə çevrilən nüvə qalmaqalında İranla anlaşaraq rəsmi sənəd imzalaması bu ölkənin beynəlxalq münasibətlər sistemində mühüm söz sahibi olduğunu sübut edir. Türkiyənin bu proseslərə fəal şəkildə qoşulması onu deməyə əsas verir ki, bu dövlətin Ermənistan-Azərbaycan münaqişəsinə müdaxilə etmək imkanları da artıb. Yəni Türkiyəni Rusiya, İran və regionla bağlayan xətlər onun gələcəkdə bu proseslərə daha dərindən nüfuz etməsinə şərait yaradacaq. Ermənistanın indiyəqədərki dövrdə Türkiyəni neytrallaşdırmaq və bu proseslərdən kənarda saxlamaq cəhdləri nəticə vermədi. Hər bir dövlət yaxşı anlayır ki, bu regionda fəal münasibətlərini bərqərar etmək üçün Türkiyə açar ölkədir. Hesab edirəm ki, Türkiyənin gələcəkdə Qafqazdakı sülhə və təhlükəsizliyə daha yaxında, təsir etmək imkanları artacaq.
- Azərbaycan və Türkiyə arasında Strateji Əməkdaşlıq Şurasının yaradılması ilə bağlı ilkin razılığın əldə olunduğu bildirilir. Hətta bununla bağlı Prezident cənab İlham Əliyevin iyun ayında Türkiyəyə nəzərdə tutulan səfəri zamanı müqavilənin imzalanacağı qeyd olunur. Sizcə, bu şuranın yaradılması Azərbaycanla Türkiyə arasındakı əlaqələrin inkişafına hansı təsirləri göstərə bilər?
- Bu məsələ mühüm bir dövrdə meydana gəldi. Keçmişdə iki ölkə arasında ən müxtəlif istiqamətlərdə geniş əməkdaşlıq imkanlarının formalaşmasına baxmayaraq, bu dövlətlər arasında tam siyasi anlaşmalar mövcud deyil. Ölkələrimiz arasında hərbi, iqtisadi, mədəni, tarixi əməkdaşlıq olsa da, lakin siyasi diplomatik mənada, əlaqələrin inkişafı üçün ciddi işlər görülməlidir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars və s. mühüm iqtisadi layihələr bu ölkələrimizi iqtisadi ortağa çevirib. Bizi, sadəcə, ideya və yaxud tarixi, milli, etnik zəminindəki qardaşlıq birləşdirmir. Bunun alt qatında iqtisadi maraqların olması da mütləqdir. Digər tərəfdən, düşünürəm ki, istənilən ölkə iqtisadi, siyasi əlaqələrini müxtəlif təhlükəsizlik alyanslarına çevirməyə çalışır. Bu baxımdan, Azərbaycan ilə Türkiyə arasında bu addımların atılması hər iki ölkənin təhlükəsizlik sistemini birləşdirmiş olur. Bunun real həyatda çox böyük mənası var. Bu mənada, nəinki Qars müqaviləsinə görə, təkcə Naxçıvanın, eyni zamanda, bütövlükdə, Azərbaycanın təhlükəsizliyində Türkiyənin hüquqi cəhətdən iştirakını təmin edir.
Əlbəttə, keçmişdə bir çoxları iddia edirdilər ki, ayrı-ayrı dairələr Türkiyənin bu münaqişələrə qoşulması ilə Qafqazda ənənəvi düşmənlərinin onu əzməsini düşünürlər. Azərbaycan belə bir mövqedə deyil ki, Türkiyə onun qlobal problemlərinin həllində əsgəri qüvvə ilə öndə getsin və özü problemlərə düçar olsun. Bu məsələ qətiyyən bu kontekstdə qoyulmayıb. Ayrı-ayrı dövlətlər arasında siyasi və strateji əməkdaşlıq sənədləri müxtəlif məsələləri əhatə edir. Burada məsləhətləşmələr, təhlükəsiz informasiyaların mübadiləsi, koordinasiyaolunma, xarici aləmdə qarşılıqlı müdafiə, Türkiyənin Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın isə hansısa məsələdə qəbul etdiyi öhdəliklər, o cümlədən, hərbi təcavüzlər baş verəcəyi təqdirdə, bu ölkələrin bir-birini müdafiə etməsi və s. məsələlər bu strateji əməkdaşlıq sənədlərinin əsas konturlarını təşkil edir.
Hesab edirəm ki, bu son dərəcə tarixi addım olacaq. Ölkə Prezidenti cənab İlham Əliyev bu mühüm dövrdə Azərbaycanla Türkiyənin maraqlarını və mənafelərini bir arada saxlamaqla, ölkəmizi türk dünyası ilə daha geniş mənada birləşdirməklə və türk liderlərini buraya cəlb etməklə sübut etdi ki, O, türk dünyasının siyasi çıxarlarını göz önünə almaqdadır. Beləliklə, demək olar ki, dövlət başçısı İlham Əliyev türk dünyasının liderlərindən biridir. Bu baxımdan, Azərbaycan və Türkiyə arasında bağlanacaq növbəti sənədlər hər iki ölkənin münasibətlərini yeni mərhələyə daşıyacaq və digər xarici dövlətləri bu siyasi mərkəzlə hesablaşmağa vadar edəcək.
- Ermənistan qlobal iqtisadi layihələrdən kənarda qaldığı kimi, yaxın qonşuluq siyasətindən də təcrid olunur. Sizcə, Azərbaycanla Türkiyə arasında məlum şuranın yaradılması Ermənistan üçün daha hansı ağır nəticələrə gətirib çıxara bilərmi?
- Ermənistanın region ölkələri ilə münasibətləri, onu deməyə əsas verir ki, bu ölkə getdikcə daha çox beynəlxalq təzyiqlərə məruz qalacaq. Son zamanlar beynəlxalq birlik tərəfindən qəbul olunmuş qərarlar da onu göstərir ki, Ermənistan siyasi müstəvidə özünü müdafiə edə bilmir. Həmçinin, qonşu dövlətlərin onun üzərinə siyasi sipər çəkməsi və qeyri-haqq işini stimullaşdırmasının ənənəvi qaydası mümkün deyil. Azərbaycan-Türkiyə və Türkiyə-Rusiya əlaqələri büsbütün Ermənistanın əleyhinədir. İnkar etmək mümkün deyil ki, Rusiya və İran Ermənistan amilini hər zaman Azərbaycana və Türkiyəyə qarşı istifadə etməyə çalışacaqlar. Çünki dövlətlərarası münasibətlər ümumi düşüncənin və ideyaların əsasında deyil, daha artıq maraqların üzərində qurulur. Lakin reallıq bundan ibarətdir ki, Türkiyənin bugünkü xarici siyasəti onun regiondakı mövqeyini daha da möhkəmləndirir. Bu amil, həmçinin, gələcəkdə Ermənistanı sülhə vadar etmək üçün böyük rol oynayacaq.
- Zahid müəllim, Prezident cənab İlham Əliyev Ermənistanın yeniləşmiş Madrid prinsiplərinə münasibət bildirməyəcəyi təqdirdə, danışıqlar prosesini dayandıracağını bəyan edib. Bu fikirlər onu deməyə əsas verirmi ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün hərbi variant qaçılmaz olacaq?
- Təbii ki, Prezident İlham Əliyevin bu cür fikirlər səsləndirməsi və bunun alt qatında daha nələrin dayandığını söyləməyə ehtiyac yoxdur. Bu ona işarədir ki, Azərbaycan daha ciddi proseslərə hazırlıq mərhələsindədir. Prezident İlham Əliyevin bu bəyanatının məqsədi Ermənistana təzyiq edərək, hansısa sənədlərə imza atdırmaq deyil. Sadəcə, ölkəmizin bundan sonra Ermənistanın taktikasına uyması və onu qəbul etməsi qeyri-mümkün olacaq. Düşmən ölkə belə bir şərait yaradır ki, Azərbaycan torpaqları uzun müddət işğal altında qalsın və bunu mənən ona qəbul etdirsin. Beləliklə, yeni nəsil gələcək və onlar Göyçənin, Zəngəzurun, İrəvanın itirilməsi kimi, Qarabağın itirilməsi ilə də barışacaqlar. Vəziyyətin ermənilərin arzuladığı kimi bu qaydada getməməməsi üçün Azərbaycan hökumətinin qətiyyətli addımlar atacağı mühüm bir faktor kimi ortadadır.
- Mayın 23-də qondarma Dağlıq Qarabağ rejimində parlament seçkiləri keçirildi. Aparıcı dünya dövlətləri və beynəlxalq təşkilatlar bu seçkiləri beynəlxalq hüquqa zidd hesab etdiklərini bəyan etdilər. Ancaq Ermənistan dövləti seçki şousuna davam etdi...
- Dağlıq Qarabağdakı "seçkilər" heç bir halda hüquqi mənada daşımır. Qarabağda hərbi xuntanın mövcud olduğu heç kəsə sirr deyil. Səhra komandirləri vasitəsilə idarə olunan bu rejimdə demokratik prosedurları bərqərar etmək, ictimai institutlar formalaşdırmaq və bununla cəmiyyət həyatını hüquqiləşdirmək qeyri-realdır. Qarabağın separatçı rəhbərliyi bu addımı ilə aşkar şəkildə və konkret siyahılar üzrə özünün hərbi işğalçı addımlarını davam etdirir. Azərbaycan öz ərazi bütövlüyünü təmin etdikdən sonra Qarabağda qanuni seçkilərini keçirəcək.

Digər xəbərlər