MSK "DQR"-də keçirilməsi nəzərdə tutulan qondarma seçkilərə etiraz edən bəyanat yayıb
Məlum olduğu kimi, Azərbaycanın işğal edilmiş Qarabağ bölgəsinin dağlıq hissəsində separatçı rejim tərəfindən mayın 23-də qondarma "parlament seçkiləri"nin keçirilməsi haqqında qərar qəbul edilib. Cəmiyyətin müxtəlif təbəqələri, eləcə də, dövlət qurumları Azərbaycanın ayrılmaz hissəsi olan bölgədə seçkilərin keçirilməsinə kəskin etirazlarını bəyan edirlər. MSK da bu cür seçkilərin qanunsuz olduğunu bildirərək, bunula bağlı dünya ictimaiyyətinə ünvanlanan sərt bəyanat yayıb. Məsələyə aydınlıq gətirən MSK katibi Natiq Məmmədov "Səs" qəzetinə açıqlamasında qəbul edilən bəyanatda Azərbaycanın mövqeyinin aydın şəkildə ifadə olunduğunu söylədi:
- Artıq 20 ilə yaxındır ki, Azərbaycan ərazilərinin işğal altında olması dünya ictimaiyyətinə bəllidir. Bununla bağlı bir sıra beynəlxalq təşkilatların qərarları da mövcuddur. Amma nəyə görəsə demokratik prinsiplər əsasında formalaşmış təşkilatların qərarları Ermənistan tərəfindən qulaqardına vurulur. Heç kimdə şübhə qalmır ki, bu məsələdə maraqlı tərəflər var və o maraqlı tərəflər böyük güc sahibləridir. Digər bir fakt isə, Ermənistanın Azərbaycanın 20 faizindən çox ərazisini işğal etməsi, etnik təmizləmə apararaq, bir milyondan artıq azərbaycanlı əhalini həmin ərazilərdən çıxarmasıdır. Bu, danılmaz faktdır ki, Ermənistan Azərbaycan ərazilərində insan hüquq və azadlıqlarını pozub, "Dağlıq Qarabağ Respublikası" deyilən qondarma bir qurum yaradaraq, orada dəfələrlə seçki görüntüsü yaratmağa cəhd edir. Qondarma dövlətin Azərbaycanın işğal altında olan torpaqlarında yeni seçki oyunu qurması beynəlxalq hüquq normalarına, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tamamilə ziddir. Bu, həm də Ermənistanın siyasi hakimiyyət dairələrinin işğalın əsil mahiyyətini və səbəblərini artıq dərk etməkdə olan beynəlxalq ictimaiyyəti və dünya dövlətlərini çaşdırmaq, sülh danışıqlarına əngəl törətmək cəhdidir.
MSK-nın bu məsələ ilə bağlı bəyanatı tək Azərbaycanın deyil, həm də beynəlxalq ictimaiyyətin mövqeyidir və həmin təşkilatlar bizim mövqedən çıxış edərək, özbaşınalığa son qoymağı tələb edirlər. Qəbul olunan bəyanatda bildirilir ki, "Azərbaycan Respublikasının Konstitusiyasına görə, heç bir sosial qrup, təşkilat və şəxs hakimiyyətin həyata keçirilməsi səlahiyyətini mənimsəyə bilməz, seçkilər və referendumlar Azərbaycan Respublikasının Konstitusiyasına və Seçki Məcəlləsinə əsasən keçirilməlidir. Qondarma qurumdakı "seçkiləri" müşahidə etmək niyyətində olan "müşahidəçilər" beynəlxalq normalara etinasızlıq göstərməkdən çəkinməlidirlər. Onların bu hərəkətləri Azərbaycan dövlətinin suverenliyinin kobud pozulması kimi qiymətləndiriləcəkdir.
MSK bəyan edib ki, işğal altında olan ərazilərdə seçkilər və referendumlar yalnız həmin torpaqlar işğaldan tam azad edildikdən, Azərbaycanın ərazi bütövlüyü bərpa olunduqdan və həmin ərazilərdə yaşamış insanlar öz daimi yaşayış yerlərinə qayıtdıqdan sonra Azərbaycan Konstitusiyasına və qanunlarına əsasən keçirilə bilər. MSK Azərbaycan dövlətinin suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş belə "seçkiləri" qanunsuz hesab edir və tanımır, beynəlxalq ictimaiyyəti də buna çağırır. Eyni zamanda, Dağlıq Qarabağın separatçı rejiminin seçki keçirmək cəhdi həm də regionda sülhə və təhlükəsizliyə ciddi təhdiddir. Ümid edirik ki, dünya birliyi beynəlxalq hüquq normalarına, qəbul edilmiş ümumi prinsiplərə zidd olan, dövlətlərin ərazi bütövlüyünü və suveren hüquqlarını pozan bu kimi addımların atılmasına imkan verməyəcək.
- Natiq müəllim, MSK-nın etiraz bəyanatına ATƏT-in Minsk Qrupu həmsədrlərinin münasibət bildirmələri nə dərəcədə gözləniləndir?
- Tək ATƏT-in Minsk Qrupu yox, ümumiyyətlə, beynəlxalq qurumların böyük əksəriyyəti Azərbaycanın ərazi bütövlüyünü, seppratçı rejimin işğalçılıq siyasətini, Ermənistanın siyasi rəhbərliyinin etnik təmizlənmə aparmasını tanıyıblar. Ona görə də, bu cür məsələlər bizim üçün arzu olunan və baş verməyən hadisə deyildir. Ermənistanın beynəlxalq təşkilatların, o cümlədən, BMT qətnamələrinin Azərbaycanın torpaqlarının azad olunması barədə qətnamələri var ki, buna da əməl olunmur. Burada bir məsələ əsas götürülməlidir. Belə ki, işğal olunan yerdə, seçki oyunu keçirməyin hansı nəticə verməsi də bəllidir. Amma bu oyunbazlar öz cavabını alacağına ümid edirik. İnanırıq ki, beynəlxalq qurumlar bu ikili standartlardan əl çəkəcək və obyektiv münasibət bildirəcəklər.
- Qondarma seçkilərlə bağlı Türkiyə istisna olmaqla digər dövlətlərin, hələ ki, mövqe ortaya qoymaması təəccüb və təəssüf hissi doğurmur ki?
- Əlbəttə ki, Türkiyə qardaş ölkə olaraq qabaqlayıcı bəyanatla çıxış edib. Ancaq əslində, dünya dövlətlərinin dırnaqarası seçkiləri də ciddi qəbul etməsi də düzgün deyil. Çünki onların bu oyununa daha çox fikir verilərsə, o zaman özlərinin, həqiqətən də, varlıqlarını düşünmüş olarlar. Lakin bütün bunlara baxmayaraq, inanıram ki, bu məsələyə birmənalı cavab veriləcək, daha doğrusu, artıq cavab verilib. Ümumiyyətlə, dünyanın nüfuzlu dövlətləri haqqın tərəfindədirlər. Haqq isə Azərbaycanın tərəfindədir.
- Natiq müəllim, noyabr ayında Azərbaycanda keçiriləcək parlament seçkilərinin Xankəndi seçki dairəsində baş tutması üçün MSK beynəlxalq təşkilatlarla hansı əlaqələrin qurulmasını nəzərdə tutur?
- Maraqlı məsələdir. Əgər söhbət işğal altında olan ərazilərdən gedirsə, bəyanatda da bildirmişik ki, həmin ərazilər işğaldan azad edildikdən sonra orada yaşayan vətəndaşlar Azərbaycan qanunvericiliyinə və Konsititusiyasına uyğun olaraq keçiriləcəkdir. Biz buna ümid edirik. Qaldı ki, Xankəndi seçki dairəsində seçicilər qeydə alınıblar və bu vətəndaşların Azərbaycanda konsititutsyon hüquqları var. Azərbaycanda keçiriləcək parlament seçkilərində erməni əsilli vətəndaşların iştirakı ilə bağlı yenidən müraciət ola bilər. Onların seçkilərdə iştirak etməsi üçün şərait yaratmaq bizim borcumuzdur. Baxmayaraq ki, hələ tezdir, amma yenə də bəyan edirik ki, ötən seçkilərdə etdiyimiz müraciət qüvvədədir.
- Sizcə, 125 saylı Xankəndi seçki dairəsindən həmin bölgədən qaçqın və məcburi köçkün düşmüş insanlar arasından parlamentə namizədlərin irəli sürülməsi nə dərəcədə mümkündür?
- Bilirsiniz, passiv seçki hüququ bu məsələdə onların yerinə işləyir. Təəssüflə qeyd etmək istəyirəm ki, bələdiyyə orqanlarının formalaşması zamanı məcburi köçkünlər bu hüquqdan məhrum olmuşdular. Çünki yerliözünüidarəetmə üçün torpaq olmalı və həmin torpağın üzərində hakimiyyət formalaşmalıdır. Amma Milli Məclisə seçkilər zamanı məcburi köçkünlərin seçilmək hüququ var. Çünki onlar Azərbaycan ərazisində yaşayırlar və bu, onlara şamil oluna bilər.
RƏFİQƏ KAMALQIZI