PDF Oxu

Müsahibə

  • 4

Radikalların sonu çatıb

Radikalların sonu çatıb
- Araz bəy, Ayaz Mütəllibovun parlament seçkilərində iştirak etməməsi müxalifət düşərgəsində təmsil olunan radikal partiyaların, deyəsən, işinə yarayır?
- Bu, onların öz işidir, bizi maraqlandırmır. Ümumiyyətlə, onlar doğulandan özlərindən məmnundurlar. Elə bilirlər ki, xoşbəxtlik quşunun quyruğundan yapışıb, həyatda nəyəsə nail olublar. Amma həyatda onlar heç nəyə nail olmayıblar. Əgər Azərbaycanda problemlər varsa və həmin problemlərdən danışılırsa, onun kiçik birpayı həmin şəxslərin üzərinə düşür.
- Həmin partiyaların ASDP-yə olan qərəzli münasibətin kökündə 1992-ci ilin may hadisələri dayana bilər?
- Xeyr. Ondan da əvvəl biz daim onlarla mübarizə aparmışıq. Çünki onlar naşılığına və savadsızlığına görə, daima xalqı uçuruma aparıblar. O zaman SSRİ konstitusiyasına dəyişiklik edirdilər ki, respublikaların icazəsi olmadan respublikanın ərazisində fövqalədə vəziyyət tətbiq etmək olar. Bu dəyişikliyə qarşı biz mübarizə aparanda, o zaman Moskvanın göstərişi ilə meydan hərəkatı yaratdılar. "Kommunist" qəzetində də "Topxananın harayı" adlı məqalə dərc olundu. Həmin harayla da camaat ortalığa töküldü. Amma Topxanada iş, Bakıda nümayiş gedir deyəndə, onda Azərbaycan Respublikası Ali Soveti bu düzəlişləri qəbul etdilər. Ondan sonra ilk dəfə fövqəladə vəziyyəti Azərbaycanın üzərinə tətbiq etdilər. Necə deyərlər, dəlləkliklərini Azərbaycan başında etdilər. Ona görə də, biz buna qarşı mübarizə aparırdıq. Biz 20 Yanvara gedən yolu onlara göstərirdik ki, xalqı qana-qırğına aparırsınız. Onlar deyirdilər ki, Tbilisi hadisələrindən sonra cürət etməzlər ki, Bakıda qırğın törətsinlər. Ancaq gəldilər, xalqı qırdılar, bunların heç birinin burunu da qanamadı. Biz onlara həmişə ağıllı yol göstərmişik, onlar bunu dərk etməyiblər. Hətta Əbülfəz Elçibəy Kələkiyə qaçdıqdan sonra, Türkiyə televiziyasına müsahibəsində çox qəribə məntiqsiz və özünə uyğun məntiqlə cavab vermişdi. Əvvəl demişdi ki, Azərbaycanda Sosial-Demokrat Partiyasının heç bir nüfuzu yoxdur. Sonra "sizi kim yıxdı" deyəndə, demişdi ki, AMİP-lə sosial demokratlar yıxdılar. Jurnalist demişdi ki, nüfuzu olmayan bir partiya sizi necə yıxa bilərdi. Çox gözəl söz demişdi ki, onlar bizə həmişə ağıllı təkliflər verirdilər və bilirdilər ki, biz onu qəbul etməyəcəyik. Biz də onların təkliflərini qəbul etmirdik və gedib tələyə düşürdük.
- Tələnin hələ də mövcud olduğunu söyləmək olar?
- Yaxşı ki, ölkədə hərc-mərcliyə son qoyulub. Hər gəda özünə bandit, quldur dəstəsi düzəldə bilmir. Hər gəda istədiyi vaxt efirə çıxıb, "Malboro" oynada bilmir. Azərbaycanda sabitlik var. Özünü radikal adlandıran qüvvələrinin çığır-bağırının da heç bir əhəmiyyəti yoxdur.
- Köhnə təfəkkürlü siyasətçinin müasir dövrdə "mən siyasətçiyəm" deməsi nə dərəcədə düzgün hesab oluna bilər?
- Zorla heç kəsi siyasətdən qovmurlar. Amma bir məsələ var ki, istər köhnə, istərsə də, təzə olsun insan şüuru inkişaf etdikcə, onun təzəsi, köhnəsi olmur. Ümumilli lider Heydər Əliyev yaşına baxmayaraq, dünyada ən müasir siyasətçilərdən biri idi.
- AXCP (i), Müsavat, ADP və "KAXCP" Müsavat qərargahında gizli toplantı keçiriblər...
- Kim harada kiminlə görüşür, kimlə öpüşür bizə dəxli yoxdur. Mən Bakı şəhər İcra Hakimiyyətinin yerinə olsaydım, onlara "Azadlıq" meydanında mitinq keçirməyə icazə verərdim. Görünərdi ki, onların heç bir qüvvəsi yoxdur. Qüvvəsi olmayan siyasi hərəkat heç bir qarşıdurma yarada bilməz.
- Bəs, 2003-cü ilin oktyabrın 15-16-dakı iğtitaşları, 2005-ci il noyabrın 26-dakı qarşıdurmalar yaddan çıxıb? Axı Əli Kərimov və digərləri öz rollarını kifayət qədər ifa etməyə səy göstərirdilər?
- Nə oldu ki, çıxdılar bir az dükanların vitrinlərini sındırdılar, bir-iki bədbəxtin maşınını əzdilər. İsrarla səy göstərməyə nə var ki? Nəyəsə nail oldular? Bir-iki qapaz da yedilər. Yadıma gəlir ki, Sabir Rüstəmxanlı o vaxt həmişə öndə gedib, başını "dubinka"nın altına qoyurdu. Sonra da iki il başısarıqlı gəzirdi. Məhlədə futbol oynayanda, futbol oynamağı bacarmayan adamı qapıda qoyurdular. O da, təbii ki, topları buraxırdı. Ona deyirdilər ki, yıxıl, heç olmasa adın çıxsın.
- Radikallar mayın 21-də keçirəcəkləri mitinqləri təxirə salıb. Bunu baş verən təbii fəlakətlə əlaqələndiriblər...
- Onlar görəndə ki, bacarmırlar, bəhanə axtarırlar. Çörçill deyirdi ki, siyasətçi seçki zamanı vədlər verir. Gələn seçkidə səbəb tapmalıdır ki, bu vədləri niyə yerinə yetirməyib. İndi bunlar da qalib gələ bilməyəndə, bəhanə tapırlar ki, istilər düşüb, seçki kampaniyası başlayıb, seçki kapaniyası qurtarıb, ona görə də insanlar çıxmırlar. Nə qədər ki, bunlara inanan 3-4 nəfər qalıb, onlar hələ mitinq keçirmək arzusunda olacaqlar.

Digər xəbərlər