PDF Oxu

Müsahibə

  • 11

"Müxalfət liderləri zaman-zaman prinsiplərini, mahiyyətlərini satıblar"

"Müxalfət liderləri zaman-zaman prinsiplərini, mahiyyətlərini satıblar"
- Əhməd bəy, Müsavat, AXCP (i), ADP və "KAXCP" sədrlərinin Müsavat qərargahında bir araya gələrək, gizli planlar həyata keçirmək barədə razılığa gəldikləri bildirilir. Bu barədə nə deyə bilərsiniz?
- Toplantı deyil, çayiçmə mərasimi olub. Orada hansısa ciddi məsələ müzakirə olunmayıb. Çay içməyə toplantı görüntüsü vermək, nəzər-diqqəti proseslərin mahiyyətini yayındırmaq məqsədi daşıyır. Bilirsiniz ki, yanvar ayından "DUİ", "Azadlıq" bloku və Müsavat məsləhətləşmələrə başlamalı idi. Sonrakı etapda məsləhətləşmələrə ayrı-ayrı partiyaların və şəxslərin qatılması nəzərdə tutulurdu. Bizim Müsavatla müəyyən təmaslarımız olubdur. AXCP (i) isə, həmişə sağ və sol mövqelər göstərməklə, yəni, müxtəlif baş-ayaq ifadələrlə yayınıblar. Müəyyən etapın gedişində ADP-nin həmin düşərgədə olmağının əleyhinə deyilik. Müsavatla AXCP (i) arasında razılaşma protokolu mövcuddur. "Azadlıq" blokunda bu məsələyə qatılmağı ilə bağlı özləri bildirmişdi ki, guya heç bir problemləri yoxdur. Sonradan nəyəsə görə görüşüb çay içiblərsə, bu, onların şəxsi işidir. Biz onlara çay içməyi qadağan edə bilmərik. Başqa şey içməkdənsə, elə çay içmələri yaxşıdır.
- Həmin o, çay süfrəsində beşincinin də olması fəlakət yaradardı?
- Çay süfrəsi verənin öz məntiqi var. Zorla özümüz həmin çay süfrəsinə getməyəcəkdik ki? Gərək dəvətnamə göndərəydilər.
- "Bizim Azərbaycan" blokunda süfrə arxasında 10-dan çox adam otururdu?
- O, blok idi. Orada məqsəd var idi. Amma bu, çay qonağlığı idi.
- AXCP (i) sədri Əli Kərimov bir qədər əvvəl iddialı tələblər irəli sürürdü. Bu tələblərin fonunda 4 formatda görüşün keçirilməsi artıq onun tələbinin müəyyən hissəsinin yerinə yetirildiyini söyləmək olarmı?
- Ona format deyilməsini bir az qeyri-ciddi qarşılayıram. Jurnalistə də qadağan etmək olmaz. Bir şeyi qeyd edim ki, xüsusi olaraq, yay aylarında mən dağ suları içməyi xoşlayıram. Ona görə də, məni dəvət etməyiblər.
- Çayxanaya dəvət olunmamağınızda AXCP (i)-yə mənfi münasibətiniz və ADP ilə münaqişədə olmağınızın müəyyən qədər rol oynadığını söyləmək olarmı?
- Açığı deyim ki, şəkərbura deyiləm ki, hamının məndən xoşu gəlsin. AXCP (i)-nin, ADP-nin və ya digərlərinin hansısa milli maraqlara zidd, milli maraqlardan uzaq olan, öz konnektur mövqelərini aparmağa yönəlik və ya separatçılığa meyillənmiş addımları olanda reaksiya vermişəm. Kiminsə məndən xoşunun gəlib-gəlməməsi mənim üçün heç bir əhəmiyyət kəsb etmir. Onların da bu məsələyə hansısa reaksiya verməsi özlərinin problemidir. Bizim onlara "bunları etməyin, milli maraqlara ziddir" kimi iddialarımıza heç bir ağılkəsən cavab verə bilməyiblər. Zaman-zaman bizi söyüblər. Bu da onların bacardığı işdir. Özləri, funksionerləri, mətbuat orqanları, qohum-əqrəbaları, dost-tanışları söyüblər, amma ağıllı cavab verməyiblər.
- Əli Kərimov və Sərdar Cəlaloğlunun prinsipi yoxdur?
- Biz heç vaxt prinsipsiz addım atmamışıq. Onlar da özlərini bu düşərgədən hesab edirlərsə, hansısa şəkildə "Azadlıq" partiyası və "DUİ" ilə hesablaşmaq zorundadırlar. İnsanlara nəyi isə zorla qəbul etdirmək olar. Ancaq zorla ağıllandırmaq olmaz.
- Çay süfrəsində 4 partiyanın oturması, sonradan hansısa seçki blokuna çevrilməsi təhlükəsi yaranarsa, o zaman "DUİ"-nin aqibəti necə ola bilər?
- "DUİ"-nin sədri həmin o çayxanada iştirik edib, həm də yetərincə çay içibdir. Ona görə də, "DUİ"-nin təhlükəsi yoxdur. 5 ay ərzində "DUİ"-yə cavab verə bilməyən adamların yenidən sağa-sola manevrlər edəcəkləri gözləniləndir. Ayrı-ayrı zaman kəsiyində müxalifətçilər parlamentə düşmək üçün prinsiplərini, liderlərini, mahiyyətlərini satıblar.
- "Qarabağ və Respublika Uğrunda Hərəkat" da var idi. İqbal Ağazadədən canlarını qurtarmaq üçün bu qurumu dağıtdılar. Bunu deməyə əsas varmı?
- "QRUH" müəyyən məqsədlər üçün yaradılmışdı. Orada təmsil olunanlar nə Qarabağla, nə də respublika ilə dərindən maraqlanan adamlar deyildi. Planı bəlli olmayan qurum, nədənsə, bəlli olmayan şəkildə dağıdıldı.

Digər xəbərlər