Ermənistan fəlakət burulğanındadır
- Elman müəllim, Ermənistan hakimiyyəti beynəlxalq təşkilatlara müraciət edərək, Azərbaycanı Dağlıq Qarabağ münaqişəsinin həlli üçün hərbi variantdan istifadə etmək niyyətindən çəkindirməyə çağırıb. Bu çağırış, sizcə, Ermənistan hakimiyyətinin qorxması ilə bağlıdır, yoxsa onların növbəti məkrli siyasətidir?
- Ermənistan rəhbərliyi, xüsusən də, Serj Sarkisyan dəfələrlə belə bəyanatlarla çıxış etmişlər. Onlar bəyanatlarında Azərbaycanın hərbə üstünlük verdiyini və müharibə tərəfdarı olduğunu bildirmişlər. Hətta bəyanatların birində Azərbaycanın müharibə çağrışları ilə danışıqları uzatdığını və ikili rol oynadığını qeyd etmişlər. S.Sarkisyanın bu cür bəyanatlar verməsi yalnız dünya ictimaiyyəti qarşısında məsələyə humanist yanaşdıqlarını göstərmək niyyətindən başqa bir şey deyildir. O, həm də bu kimi bəyanatlarla Türkiyənin mövqeyini dəyişmək xülyasına düşmüşdü. Onların istinad etdikləri Barak Obama belə Türkiyənin mövqeyini dəyişmədi. Heç müttəfiqləri olan Medvedev belə Türkiyəyə təsir göstərə bilmədi. Hətta Rusiya prezidenti Medvedevin Türkiyənin baş naziri R.T.Ərdoğanla görüşündə, eləcə də, Fransanın belə səyləri nəticə vermədi. Bütün bu görüşlərdə Qarabağ məsələsi müzakirə olunub. Onlar hətta Türkiyəyə Ermənistanla sərhədlərin açılması ilə bağlı bir çox təklifər irəli sürmüşlər. Ancaq gördülər ki, Türkiyənin mövqeyini deyişmək mümkün deyil. Çünki Türkiyə çox güclüdür. Hətta xarici qəzetlerin birində "Türkiyə diplomatlarını dünyanı fəth etməyə göndərdi" başlıqlı məqalə dərc etmişlər. Ermənistan görür ki, Azərbaycan regionda aparıcı dövlətə çevrilir və Türkiyə kimi müttəfiqi var. Bunları nəzərə aldıqda, Ermənistanın təlaşını anlamaq mümkündür.
- Serj Sarkisyanın yeniləşmiş Madrid prinsiplərinə hələ də münasibət bildirməməsini necə başa düşmək olar?
- Madrid prinsiplərinin yeniləşmiş formasının hazırlanmasından altı aya yaxın vaxt keçir. Çox kiçik istisnalar nəzərə almadan Azərbaycan Madrid prinsiplərinin yeniləşmiş formasını qəbul edir. Onu da qeyd etmək lazımdır ki, Ermənistan rəhbərliyi bu barədə dəqiq bir açıqlama verməyib və bu da indiki şəraitdə Ermənistanın çox çıxılmaz şəraitdə olduğunu göstərir. Çünki ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistan tərəfindən konkret mövqe bildirməsini tələb edir. Həm də ki, mövqe bildirməkdənsə, mövqe bildirməyib onu uzatmaq Ermənistanın çıxış yolu hesab olunur. Məsələ ondadır ki burada iki mövqe var: ya Madrid prinsiplərinin indiki versiyasını qəbul etmək variantıdı, yadakı qəbul etməmək. Ancaq Ermənistan nə birincini qəbul edirəm, nə də qəbul etmirəm deyir. Azərbaycan Respublikasının Prezidenti də bu yaxınlarda Türkiyənin baş naziri R.T.Ərdoğanın Bakıya səfəri zamanı qeyd etdi ki, üç həmsədrin irəli sürdüyü yeniləşmiş Madrid prinsiplərinə Ermənistan "hə" deyərsə, o zaman münaqişənin həllinə yaxınlaşılacaq, yox əgər "yox" deyərsə, o halda, Azərbaycan danışıqları kəsəcək və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində yeni mərhələ baş verəcək. Yeni mərhələ özündə hərbi gedişi daha çox ehtiva edir. Çünki Ermənistanın "hə" demək niyyətinin olmadığı hiss olunmur.
- Elman müəllim, erməni deputat Viktor Dallakyan bəyan edib ki, Qırğızıstan hadisələrinin təkrarlanması üçün Ermənistanda tam şərait mövcuddur. Əgər fəlakət baş verərsə, bu zaman S. Sarkisyanın həbs olunaraq, cəzalandırılması nə dərəcə də realdır?
- Bu məsələ ilə bağlı bir şeyi deyim ki, Ermənistanda bu aralar, həqiqətən də, ictimai vəziyyət çox pisdi. Yeritdiyi işğalçılıq siyasəti nəticəsində ölkə acınacağlı vəziyyətə düşmüşdür. Ancaq Qırğızıstan variantının Ermənistanda təkrarlanması Moskvanın iradəsindən asılıdır. Yəni əgər rəsmi Moskva bu rejimin fəaliyyətini görmək istəmirsə, o zaman Qırğızıstanda baş verənlərin Ermənistanda da təkrarlanması qaçılmazdır. Yox, əgər Moskva bu hakimiyyətin qalmasını istəyirsə və dəstəkləyirsə bu gedişat inqilaba kimi gedəcək. Heç Ermənistanın da elə güclü müxalifəti yoxdur. Mən düşünürəm ki, Qırğızıstan variantı kimi, Ermənistanda da hakimiyyət dəyişikliyinin baş verməsi mümkün deyil.