PDF Oxu

Müsahibə

  • 13

Azərbaycan bu gün bölgənin lider dövlətidir

Azərbaycan bu gün bölgənin lider dövlətidir
- Mübariz müəllim, son zamanlar Türkiyə bölgədə sülh və təhlükəsizliyin təmin olunması istiqamətində bir sıra vacib təşəbbüslərlə çıxış edir. Bu dövlətin regiondakı rolunun artmasının Azərbaycanla olan münasibətlərinin inkişafına təsiri nə dərəcədədir?
- Türkiyənin bölgədəki rolunun artması onu beynəlxalq münasibətlər sistemində, demək olar ki, aparıcı dövlətlər sırasına çıxarıb. Bu da səbəbsiz deyil. Türkiyənin getdikcə artan iqtisadi potensialı bu ölkəyə imkan verir ki, bu və ya digər məsələlərlə əlaqədar mövqeyini ortaya qoysun və öz maraqları baxımından fəaliyyət göstərsin. Türkiyənin güclənməsi onun beynəlxalq münasibətlərində rolunun artması Azərbaycan üçün olduqca əhəmiyyətlidir. Vaxtilə Ümummilli Lider Heydər Əliyevin "bir millət-iki dövlət" prinsipi bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ona görə də, Türkiyənin güclənməsi istər-istəməz Azərbaycanın da maraqlarının beynəlxalq miqyasda qorunmasına müsbət təsirini göstərir. Təbii ki, Azərbaycan bu gün bölgənin lider dövlətidir. Ölkəmiz öz maraqlarını qorumaqda kifayət qədər gücə malikdir. Amma buna baxmayaraq, Azərbaycanın müttəfiqlərinin də güclü olması bizim üçün əhəmiyyətlidir.
- Bildiyimiz kimi, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ölkəmizə səfər etdi. Sizcə, bu səfər ölkələr arasında əlaqələrin genişləndirilməsi baxımından nə dərəcədə rol oynayacaq?
- Türkiyə Azərbaycan üçün strateji tərəfdaş və müttəfiq ölkədir. Bu gün Türkiyə dünyanın iqtisadi cəhətdən inkişaf edən 20 dövləti sırasında 14-15-ci yerləri tutmaqdadır və qardaş ölkə bu göstəricilərə görə, 20 inkişaf etmiş ölkələr sırasında bəzi göstəricilərinə görə 6-7-ci yerləri tutur. Bu gün Türkiyə Avropa iqtisadiyyatında 5-ci yerdə dayanır, onun iqtisadi inkişafı sürətlə gedir. Dünya iqtisadi böhranının fəsadlarına baxmayaraq, Türkiyənin ümumi daxili məhsulunun həcmi 6 faiz civarında artıb və proqnozlar var ki, 2010-cu ilin yekunlarında dost ölkə iqtisadi cəhətdən inkişaf sürətini qoruyub saxlaya biləcək. Türkiyə, eyni zamanda, bölgəmizdə baş verən hadisələrə həssas münasibət bəsləyir. Türkiyənin xarici siyasətinin 6 mühüm istiqaməti müəyyən olunub. Bu, hazırkı iqtidarın - AKP hakimiyyətinin xarici siyasətinin mühüm və prinsipal istiqamətləridir. Bunlardan biri Qafqazda sülhün yaradılmasıdır ki, Türkiyə dövləti bu istiqamətdə addımlar atır. Bütün bunları nəzərə alaraq, qardaş ölkənin Baş nazirinin Azərbaycana səfərini yüksək qiymətləndirirəm.
- Baş nazir R.T.Ərdoğan öncə İrana, daha sonra Azərbaycana səfər etdi. Türkiyənin İranın nüvə məsələsi ilə bağlı təşəbbüslərinin müsbət nəticə verməsi, beynəlxalq müstəvidə dəstək qazanması nə dərəcədə realdır?
- Türkiyə baş nazirinin İrana səfəri təsadüfi deyildi. Məlumdur ki, İran nüvə enerjisi istehsalı üzrə böyük proqram həyata keçirir. İranın həyata keçirdiyi proqram çərçivəsində uranın zənginləşdirilməsi məsələsi var. Uranın zənginləşdirilməsi məsələsi ilə əlaqədar Qərb dövlətləri ilə İran arasında danışıqlar gedir. Dəfələrlə müxtəlif səviyyələrdə müzakirələr aparılsa da, İran bu məsələnin özü tərəfindən həll ediləcəyini bildirib. Hazırda İranla ABŞ arasında yaranan ziddiyyətlər Türkiyənin NATO üzvü olaraq bu məsələyə müdaxiləsini zəruri edib. Ərdoğanın İrana səfəri zamanı İran tərəfi rəsmi qaydada uranın zənginləşdirilməsinin Türkiyə ərazisində aparılmasının razılığını bəyanat şəklində ifadə edib. Bu, Qərb-İran münasibətlərində Türkiyə diplomatiyasının əldə etdiyi uğurdur. Ümumiyyətlə, bu gün İrana qarşı sanksiyaların tətbiq edilməsi, ona zərbə endirilməsi baxımından ABŞ-ın həyata keçirmək istədiyi siyasəti Türkiyə dəstəkləmir. Türkiyə tərəfi bu məsələ ilə bağlı öz mövqeyini açıq şəkildə bildirib. O, məsələnin hərbi yolla həllinin əleyhinə çıxmaqla, bunun sülh yolu ilə həll olunmasına tərəfdar olduğunu bildirir və bu istiqamətdə çox ciddi diplomatik təşəbbüslər irəli sürür, addımlar atır. Təbii ki, baş nazirin İran üzərindən ölkəmizə gəlməsi Azərbaycan-Türkiyə, Türkiyə-İran-Azərbaycan münasibətlərinə, onun inkişafına təsir edən məsələ deyil. Söhbət burada Türkiyə-Azərbaycan münasibətlərindən gedir və bu münasibətlər də yüksələn xətt üzrə inkişaf etməkdədir. Bu strateji əməkdaşlıq dönməz xarakter alıb və Azərbaycan da bu siyasəti davam etdirir.
- Rəsmi Ankaranın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hazırkı mövqeyini, münaqişənin həlli istiqamətindəki səylərini necə dəyərləndirirsiniz?
- Türkiyənin xarici siyasətinin mühüm prinsipləri sırasında Qafqazda sülh əsaslı yer tutur və Türkiyə Qafqazda sülhün həll olunması üçün sülh və sabitlik paktının imzalanması təşəbbüsü ilə çıxış edib. Hamıya da bəllidir ki, qardaş ölkə Ermənistanın təcavüzü məsələsində torpaqlarımızın işğaldan azad olunması ilə əlaqədar siyasətdə hər zaman ölkəmizi müdafiə edib, bu gün də müdafiə edir. Türkiyə tərəfi yeganə ölkələrdəndir ki, bu yöndə Ermənistana diplomatik, iqtisadi təzyiqlər göstərir. Əgər bütün dövlətlər Türkiyə kimi addım atmış olsaydı, təcavüzkar Ermənistan heç bir hərbi güc tətbiq olunmadan işğal olunan Azərbaycan torpaqlarını çoxdan qaytarmış olardı. Təəssüf ki, biz təcavüzkara qarşı qardaş ölkə kimi həqiqi münasibəti başqa ölkələrdə görmürük. Qərb dövlətləri danışıqlarda, Ermənistana münasibətlərində həddindən artıq liberal mövqe tutur. Bu isə təcavüzkarı dolayısı ilə müdafiə etmək deməkdir. Bu, prinsip etibarı ilə beynəlxalq münasibətlərdə mövcud olan normalara zidd olan addımdır. Türkiyə Ertmənistanla münasibətini bütün prinsiplərə uyğun olaraq, həyata keçirir. Haqlı olaraq Ermənistanla sərhədlərini açmır, haqlı olaraq, Ermənistanla diplomatik əlaqələr yaratmır. Əgər bütün MDB ölkələri, Rusiya başda olmaqla, təcüvüzkar Ermənistana bu cür münasibət bəsləmiş olsaydı, ATƏT-in Minsk Qrupuna həmsədr olan ölkələr - Fransa, ABŞ bu addımları atmış olsaydı, təcavüzkarı çoxdan buxovlamaq, dayandırmaq və təcavüzə məruz qalan, işğal olunan torpaqları azad etmək mümkün olardı. Türkiyə Dağlıq Qarabağ məsələsində ölkəmizlə tam həmrəylik nümayiş etdirir.

Digər xəbərlər