"Fəlakətin nəticələrinin aradan qaldırılması üçün dövlətimiz tərəfindən ən zəruri addımlar atılır"
- Kür çayının daşması nəticəsində bir sıra rayonlarda baş verən fəlakətin nəticələrinin aradan qaldırılması üçün həyata keçirilən tədbirləri necə qiymətləndirirsiniz?
- Son zamanlar bütün dünyada təbii fəlakətlər baş verir. Azərbaycan da istisna deyil. Yalnız Kür çayının daşması ilə əlaqədar yox, o cümlədən, bir sıra regionlarda torpaq sürüşməsi ilə bağlı da ciddi fəsadlar yaranıb. Qubada, Qusarda, Daşkəsəndə, Gədəbəydə, İsmayıllıda bu cür torpaq sürüşməsi baş verib. Təbii ki, bu cür hadisələrin tez-tez baş verməsinin səbəbi Kür çayının daşmasıdır. Əgər Prezident İlham Əliyev məsələyə daha ciddi reaksiya verməsəydi, nəticələr daha ağır olardı. Dövlət başçısı özü fəlakətin baş verdiyi ərazilərə baş çəkdi və dövlət rəsmilərinin iştirakı ilə müşavirə keçirdi. Beləliklə də nəticələrin aradan qaldırılması üçün müvafiq göstəriş və tapşırıqlarını verdi. Bundan sonra yaranmış vəziyyət bir qədər düzəlməyə başladı. Prezident İlham Əliyev oraya baş çəkməmişdən öncə, hadisə yerində bir şirkətin gəmisi işləyirdisə, hazırda 4-5 şirkətin gəmisi nəticələrin aradan qaldırılması istiqamətində tədbirlər həyata keçirir. Bununla da, Kür çayının deltasının tamamilə təmizlənməsi prosesi aparılır, müəyyən bəndqurma işləri görülür. Artıq əhalinin bir qismi öz yerlərinə köçürülüb və s. Təbii ki, bu, çox böyük fəlakətdir. Bu hadisənin baş verməsində günahı olan insanlar da var. Kür çayı mənsəbinin vaxtında təmizlənməməsi, onun Xəzər dənizinə tökülən hissəsində gil qatının yığılıb qalması fəlakətin baş verməsinə səbəb olub. Ona görə də, Prezident cənab İlham Əliyev bununla bağlı qəti şəkildə göstərişlər verdi. Hazırda dövlət başçısının tapşırıqları istiqamətində müvafiq tədbirlər davam etdirilir.
- Təbii fəlakətin nəticələrini aradan qaldırdıqdan sonra dəymiş ziyanın hesablanması və insanlara kömək göstəriləcəyi bildirilir. Bunun üçün dövlət büdcəsindən əlavə vəsait ayrıla bilərmi?
- Dövlət büdcəsində həm hökumətin, həm də Prezidentin ehtiyat fondu var. Qeyd etdiyiniz məqsədə hər iki ehtiyat fondundan vəsait xərcləmək mümkündür. Əlavə dövlət büdcəsinə də baxıla və oradan müəyyən vəsait ayrıla bilər. Bu cür hadisələrin nəticələrinin aradan qaldırılması üçün vəsait problemi yoxdur. Azərbaycan dövlətinin 23,5 milyard ABŞ dolları məbləğində ehtiyat vəsaiti var. Bu ehtiyat vəsaitindən istifadə olunması məsələsi də realdır. Ona görə də, dövlət başçısı İlham Əliyev xüsusi göstəriş verib ki, heç bir humanitar yardıma ehtiyac yoxdur. Dövlət bütün tədbirlərin keçirilməsini öz üzərinə götürür. Belə ki, insanların yerləşdirilməsi, onların ərzaqla təmin olunması, evlərinin yenidən tikilməsi və s. məsələlərin icrasını Azərbaycan dövləti təmin edəcək.
- Vahid müəllim, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın ölkəmizə səfəri zamanı iki ölkə arasında qazın nəqli ilə bağlı müqavilənin imzalanacağı bildirilir. Bu məlumat nə dərəcədə realdır?
- Hesab edirəm ki, R.T.Ərdoğanın Azərbaycana səfərinin məqsədi Prezident İlham Əliyevlə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələrin aparılmasıdır. Çünki son zamanlar bu istiqamətində intensiv danışıqlar gedir. Türkiyə münaqişənin sülh yolu ilə öz həllini tapması yönündə ardıcıl siyasət aparır. Bununla yanaşı, Azərbaycan və Türkiyə arasında qazın nəqli ilə əlaqədar olaraq Qars sazişinin imzalanması gözlənilir. Bu yaxınlarda Azərbaycan, Türkiyə, İtaliya və Yunanıstan NABUCCO layihəsinin nəqli ilə bağlı da görüşün keçirilməsini planlaşdırırlar. Burada kəmərin qazla doldurulması məsələsinə baxıla bilər. Yəni, müzakirələr zamanı bu məsələlərin gündəmdə olacağı ehtimalı var.
- Bu məsələdə Azərbaycanın öz iqtisadi maraqlarından müəyyən qədər geri çəkiləcəyi ehtimalı varmı?
- O zaman iqtisadi maraqlardan geri çəkilmək olar ki, ortada hansısa siyasi maraqlar olsun. Hazırda Azərbaycanın ən ağrılı siyasi problemi Dağlıq Qarabağ münaqişəsinin həllini tapmasıdır. Bu məsələdə Türkiyə böyük əzmlə çalışsa da, hələ də nəticəsiz qalır. Qazın nəqli ilə bağlı sazişin imzalanması gəldikdə isə, dövlət başçısı İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan qazın qiyməti ilə əlaqədar olaraq Xəzər dənizində bir çox məsələlər ətrafında müzakirələr başladı. Həmin dövlət başçısı qeyd etdi ki, Azərbaycan qazını bir neçə istiqamətdə diversifikasiya edir. Burada hansı tərəf Azərbaycan qazına daha yüksək qiymət verərsə, ölkəmiz öz qazını həmin ölkəyə satacaq. Yəni indiki qlobal maliyyə böhranı şəraitində hansı dövlət Azərbaycandan qazı baha qiymətə alacaqsa, ölkəmiz həmin dövlətlə saziş imzalayacaq.
- 2010-cu ilin birinci rübünün yekunlarına görə, Azərbaycanda ərzaq məhsullarının idxalında azalma müşahidə edilir. Sizcə, buna nə səbəb ola bilər?
- Dövlət başçısı İlham Əliyev bu sahədə vəziyyəti nizamlamaq məqsədilə "Ərzaq Təhlükəsizliyi Proqramı"nı qəbul edib. Dövlət Proqramı çərçivəsində müəyyən tədbirlər həyata keçirilir. Məsələn, taxılın istehsalının 2 min tona çatdırılmasında, meyvəçilik və tərəvəzçiliyin inkişafında ciddi işlər görülüb. Təbii ki, Azərbaycanın ərzaq təhlükəsizliyi ilə bağlı üzləşdiyi bütün problemlər həll olunmalıdır. Çünki bununla bağlı Prezident İlham Əliyevin də sərt tapşırıqları var.