Müxalifətə xaricdən 12 milyon dollar ayrılıb
- Mütəllim bəy, son vaxtlar bəzi müxalifət partiyaları aksiyalara, mitinqlərə böyük həvəs göstərirlər. Nədənsə, Ədalət partiyası bu proseslərdən kənarda qalıb. Bu məsələ onların sizi qəbul etməməsidir, yoxsa başqa amillərlə bağlıdır?
- Bütün hallarda müxalifət partiyalarının öz etirazlarını küçələrdə mitinq və nümayişlər vasitəsilə bildirməsi lazımi effekt vermir. Bəzən bunlar nəzarətdən çıxaraq, ölkədəki kütləvi iğtişaşlara, özbaşınalıqlara gətirib çıxarır. Həm də bu etirazların seçilmə forması etirazın həlli məsələsini sürətləndirə və ya ləngidə bilər. İndiki halda biz indiyə qədər olan dövrdə Azərbaycanda müxalifətin öz etirazlarını küçələrdə kütləvi aksiyalar, mitinqlər və yürüşlər şəklində bildirməsinin şahidi olmuşuq. Bu, xüsusilə, 1988-ci ildən başlayan milli azadlıq hərəkatında geniş vüsət alıb. Amma zaman həmişə dəyişir. Zamanın dəyişdiyinə uyğun olaraq, siyasi proseslərə təsir mexanizmləri də dəyişməlidir. Əgər biz 20 il qabaq hər hansı hadisələri, nailiyyətləri kütləvi aksiyalarla əldə etmişiksə, bu, o demək deyil ki, bu gün də kütləvi aksiyalar keçirməklə nəyəsə nail olmaq mümkündür. Düzdür, bu siyasi formanın, siyasi mübarizənin ayrılmaz tərkib hissəsidir. Amma onun da vaxtı və zamanı düzgün seçilməlidir. Ədalət partiyası belə hesab edir ki, artıq biz meydan hərəkatında formalaşmış kütlə psixologiyasından uzaqlaşmalıyıq. Azərbaycanın problemlərinə, qarşılaşdığı çətinliklərə analitik gözlə baxmalıyıq. Bu da, ondan ibarətdir ki, Azərbaycan elə bir geopolitik məkanda yerləşir ki, Azərbaycanda xarici dövlətlərin, eləcə də, düşməni olan ölkələrin çox böyük maraqları var. Həmişə yadda saxlamalıyıq ki, dostlarımızla yanaşı, bizi sevməyən dövlətlər də çoxdur. Buna görə də, Azərbaycan problemlərinin həllində çox dəqiq hesablanmış addımlar atmalıdır. Bu, o demək deyil ki, Dağlıq Qarabağ problemini həll etməliyik. Bunun üçün mərkəzi meydanda kütləvi aksiyalar keçirməliyik. Bunun öz yolu var. Yaxud da ki, biz daxildə hər hansı iqtisadi tələb qoyuruqsa, bu, o demək deyil ki, biz xalqı yığmalıyıq və tələb etməliyik ki, heç səbəbi nəzərə almadan, bu problemin həllini tələb edirik. Bunun üçün siyasilərin üzərinə düşən vəzifə ondan ibarətdir ki, əgər doğrudan da, bu problemin həlli üçün kifayət qədər ehtiyac və bundan yayınma halları varsa, o halda, kütləvi aksiyalara getmək olar. Ədalət partiyasının indiki halda kütləvi aksiyalara qoşulmamasının əsas səbəbi bundan ibarətdir ki, biz indiki məqamda kütləvi aksiyaların keçirilməsi üçün kifayət qədər əsaslar görmürük.
- Sizcə, məhz icazəsiz aksiyalara meyillilik cəmiyyətə meydan oxumağa xidmət etmir ki?
- Ümumiyyətlə, Azərbaycanda sərbəst toplaşmaq azadlığı haqqında qanun hazırda müzakirə predmetidir. Zənnimcə, Azərbaycan vətəndaşı addımlarını qanunauyğun tərzdə atmağı bacarmalıdır. Biz dünya ictimaiyyətində özümüzə qarşı "barmaq" fikri yaratmalı deyilik. Əgər siyasilər özünə qarşı belə bir fikir formalaşdırırsa, onda cəmiyyətin digər təbəqəsi haqqında hansı fikri yaradırlar? Biz, sadəcə olaraq problemlərimizi polemika yolu ilə həll etməyə çalışmalıyıq. Hesab edirəm ki, bununçün hökumət normal şərait yaradıb. Müxalifət də bu şəraitə uyğun addımlar atmalıdır.
- Siz siyasi partiyalar haqqında qanundan danışdınız. Qanuna görə də, partiyaların xarici ölkələrdən maliyyələşməsi yolverilməzdir. Yayılan məlumatlara görə, bəzi müxalifət partiyalarına aksiyaların keçirilməsi ilə bağlı xaricdən 12 milyon dollar vəsait ayrılıb...
- Mənim zənnimcə, xaricdən maliyyələşən partiyalar Azərbaycan xalqının və dövlətinin milli maraqlarına xidmət edə bilməz. Ona görə də, bu cür siyasi qurumlar haqqında ciddi tədbirlər görülməlidir. Azərbaycan hökuməti həm KİV-lərə, həm də QHT-lərə maliyyə yardımları ayırır. Hesab edirəm ki, hökumətin bu cür maliyyə yardımları siyasi partiyaların sivil qaydalarda mübarizəsinə kömək edəcək. Xaricdən olunan yardımlar ölkədə qarmaqarşıqlıq salmaq niyyəti üzərindən birdəfəlik xətt çəkəcək.
- Bu gün blokların yaradılmasına daha çox səy göstərilir. Hətta İsa Qəmbərov və Əli Kərimov bir araya gəlmək üçün çalışırlar. Bu birlik əsas reallığı əks etdirə bilərmi?
- Siyasi partiyaların birləşməsi məsələsinə birmənalı baxmaq mümkün deyil. Bəzən birliklər siyasi gücün artmasına, bəzən də, zəifləməsinə gətirib çıxarır.