PDF Oxu

Müsahibə

  • 11

Təbii fəlakətin qarşısı alınır

Təbii fəlakətin qarşısı alınır
Müsahibimiz YAP Qadınlar Şurasının sədri, Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru Nurlana Əliyevadır

- Nurlanə xanım, son günlər Kürün daşması ilə əlaqədar olaraq yaranan təbii fəlakətin qarşısının alınması üçün ciddi işlər görülür. Radikal müxalifət isə təbii fəlakətin yaratdığı problemlərdən siyasi məqsədləri üçün istifadə etməyə çalışırlar. Pozucu qüvvələrin bu hərəkətini necə qiymətləndirirsiniz?

- Əvvala, onu vurğulamaq istərdim ki, dünyanın müxtəlif bölgələrində vulkanlar, zəlzələlər, sel və daşqınlar baş verməkdədir. Son illər bu prosesin getdikcə daha da gücləndiyinin şahidi oluruq. Hazırda ABŞ-da tornado və qasırğalar, Böyük Britaniyada vulkan püskürməsi, Tacikistan, Yunanıstan, Türkiyə və Gürcüstanda yaşayış məsgənlərinin sel suları altında qalması, İslandiyada baş verən kül burulğanı, demək olar ki, həmin ölkələrin həyat fəaliyyətini iflic edib. Yəni, təbii fəlakətlərin baş verməsindən cəmiyyətlər, o cümlədən, ölkələr sığortalanmayıb. Bunu hansısa formada siyasiləşdirmək istəyənlər, ancaq çirkin niyyətli adamlardır. O cümlədən, bu gün Azərbaycan müxalifətinin parlament seçkiləri ərəfəsi növbəti iyrənc niyyətlərə əl atması heç də təəccüb doğurmur. Çünki müxalifət xalq tərəfindən hələ 2000-ci ildən tarixin arxivinə atılıb. Bu gün bu arxivə atılmış müxalifət xalqın yaddaşında qalmaq və "mən də varam" ideyalarını irəli sürmək üçün seçkiərəfəsi təbii fəlakətin yaratdığı problemdən bəhrələnmək istəyir. Soruşmaq istərdim ki, sel sularının qarşısının alınması üçün nə etmisiniz? Birmənalı cavab ondan ibarətdir ki, radikal müxalifət heç nə etməyib və nə isə etmək gücünə malik də deyillər. Bir iş görmək imkanına malik olmadıqları halda hay-küy yaradırlar. Azərbaycan müxalifəti Kür və Araz çaylarının daşması ilə əlaqədar olaraq Sabirabad, İmişli, Salyan, Neftçala və Saatlı rayonlarının bir neçə yaşayış məskəninin sel suları altında qalmasından öz çirkin məqsədləri üçün istifadə etməyə səy göstərirlər. Sözsüz ki, bütün bunlara görə, insanlar radikal müxalifətin yaramaz fəaliyyət yolu tutmasına kəskin etirazlarını bildirirlər. Çünki əhali dövlətin təbii fəlakətin qarşısının alınması üçün göstərdiyi çoxsaylı işləri görür və bunu da lazımınca qiymətləndirir. Hadisələri izlədikcə görürük ki, aidiyyəti qurumlar fasiləsiz fəaliyyət göstərərək, baş verə biləcək təhlükənin aradan qaldırılmasına çalışırlar. Görülən tədbirlər nəticəsində sakinlər digər təhlükəsiz ərazilərə köçürülüb. Onların qida, içməli su, tibb xidməti təchizatı və elektriklə təminatı, digər məsələlər artıq həll olunub. Sakinlər bildiriblər ki, tələbatları olan hər şeylə - qida, çay və digər gündəlik tələbat malları ilə tamamilə təmin olunublar. Onlar dövlətimizin başçısına göstərilən qayğı və diqqətə görə minnətdarlıqlarını bildiriblər. Həmçinin, çadır şəhərciyində 24 saat ərzində təhlükəsizliyi tam təmin etmək üçün Səhiyyə Nazirliyinin tibb heyəti və Fövqəladə Hallar Nazirliyinin bir helikopteri növbə çəkir. Xəstə, tibbi yardıma ehtiyacı olan insanlar xüsusi nəzarətə götürülüb. Bu gün ölkə Prezidenti İlham Əliyevin birbaşa nəzarətində olan fəlakət və bundan əziyyət çəkən insanlar üçün zəruri olan bütün işlər görülməkdədir.
Müxalifətin isə, yaxşı olar ki, özlərinə əziyyət verib daşqın baş verən ərazilərə baş çəksinlər. Onlar bu ərazilərə gəlsələr, dövlətimiz tərəfindən daşqından əziyyət çənən insanlara istənilən formada göstərilən köməklikləri öz gözləri ilə görmüş olacaqlar. Doğrudur, müxalifət həmişə hay-küylə danışmağa adət edib, ancaq əməli işləri heç vaxt görünməyib.
Onu da vurğulayım ki, bu gün xalqımız əvvəlki düşüncə ilə düşünmür. Artıq çoxdan yaxşını- pisi görür. Son illər ərzində respublikamızın bütün regionlarında sürətli inkişaf baş verməkdədir. Bu inkişafı və onun nəticələrini dəyərləndirən Azərbaycan vətəndaşlarıdır, eləcə də, ölkəmizi kənardan müşahidə edən iqtisadi göstəricilər üzrə monitorinq aparan beynəlxalq təşkilatlardır. Əlbəttə, onların gəldiyi ümumi nəticələr bundan ibarətdir ki, dünyada maliyyə böhranının tüğyan etməsinə baxmayaraq, Azərbaycan bu böhrandan uğurla çıxa bilib. Məhz bunun nəticəsidir ki, bu gün Azərbaycan iqtisadiyyatı, nəinki böhrandan yan keçib, hətta inkişaf edir. Bu inkişaf tendensiyası, onu göstərir ki, Azərbaycanda yürüdülən siyasət tamamilə düzgündür və bu, əməli nəticələrdə özünün əksini tapır.
- Nurlanə xanım, Azərbaycan qadını kimi, bütövlükdə, ölkəmizdə qadınlarla bağlı siyasəti necə dəyərləndirirsiniz?
- Ulu Öndər Heydər Əliyev Azərbaycan qadınını, onun mərdliyini, əməyini, vətəninə, ailəsinə sadiqliyini daim yüksək qiymətləndirirdi. Bu gün respublikamızın Prezidenti İlham Əliyev, bütün digər sahələrdə olduğu kimi, bu istiqamətdə də ulu öndərimizin siyasi kursunu uğurla davam etdirir. Onu da qeyd etmək istəyirəm ki, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın fəaliyyəti nəticəsində ölkədə xeyriyyəçilik bir hərəkata çevrilib: uşaq evləri və məktəblər cəmiyyətin diqqət mərkəzinə keçib. "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi hər bir vətəndaşın arzusunun reallaşmasının ifadəsidir. Azərbaycanın zəngin mədəniyyətinin incisi sayılan muğamın geniş təbliği, milli mədəni dəyərlərimizin qorunub saxlanması istiqamətində atdığı addımlar, təhsilin, səhiyyənin inkişafına verdiyi əvəzsiz töhfələr Mehriban xanımın Azərbaycan qadınlarını layiqli şəkildə təmsil etdiyinin bir örnəyidir. Bu gün hər bir Azərbaycan qadını fəaliyyətində, dövlətimiz, xalqımız üçün gördüyü işlərdə Mehriban xanım Əliyevadan örnək götürməlidir. Çünki Mehriban xanım Əliyeva miqyası və mahiyyəti etibarı ilə böyük işlərin təşəbbüskarıdır.
- Parlament seçkiləri ərəfəsi radikal müxalifət icazəsiz aksiyalar keçirməyə daha çox meyil edir. Sizcə, onların arxasında xarici maraqlı qüvvələrin dayandığını söyləmək olarmı?
-
- Təbii ki, radikal müxalifət heç bir addımını xarici havadarlarının razılığı olmadan atmır. Çünki onlar özlərini tamamilə maddi və mənəvi dəstək aldıqları xarici maraqlı qüvvələrə təslim ediblər. 2003-cü il 15-16 oktyabr iğtişaşları, 26 noyabr 2005-ci il qarşıdurması və bu kimi digər pozuculuq cəhdləri məhz Azərbaycanın uğurlarına qısqanclıqla yanaşan qüvvələrin Bakıdakı təmsilçilərinə göstərişlər verməklə həyata keçirilmişdir. Bu gün də parlament seçkilərinin yaxınlaşması ilə əlaqədar olaraq işbazlar ortaq mövqedən çıxış etməyə başlayıblar. İcazəsiz aksiyaların planlaşdırılması da əməkdaşlığın nəticəsidir. Ancaq qətiyyətlə demək olar ki, istər müxalifət istərsə də, onların arxasında dayanan qüvvələr çirkin planlarını həyata keçirə bilməyəcəklər. Çünki xalq pisi yaxşıdan, o cümlədən, müxalifətin pozucu niyyətli planlarının arxasında dayanan gizli məqamları gözəl anlayır. Bu isə müxalifətin istənilən anda xalq tərəfindən ifşa olunması deməkdir.

Digər xəbərlər