PDF Oxu

Müsahibə

  • 7

Müharibə başlasa Ermənistan darmadağın olar

Müharibə başlasa Ermənistan darmadağın olar
- Elçin bəy, Ermənistan tərəfi Madrid prinsiplərinin yeniləşmiş variantının guya Azərbaycan tərəfindən redaktə olunduğunu iddia edir. Yeniləşmiş Madrid prinsiplərinin Azərbaycan tərəfindən nə dərəcədə redaktə oluna bilər?
- Azərbaycan yenilənmiş Madrid prinsipləri ilə ümumən razılaşdığını bildirib. Yəni, ortalıqda tam razılıq yoxdur. Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimovun da açıqlamasında bu məqam diqqətə çəkilib. A.Əzimov qeyd edib ki, Ermənistan tərəfi ilə də bu məqam tam razılaşdırılmayıb. Bu baxımdan, prinsip etibarı ilə yenilənmiş Madrid prisiplərinin indiki halda tamamilə qəbul olunduğu barədə fikir söyləmək çətindir. Bilirsiniz ki, yenilənmiş Madrid prinsiplərində gələcəkdə Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi ilə bağlı referendumun keçirilməsi nəzərdə tutulub. Azərbaycan da bəyan edib ki, referendum yalnız Azərbaycanın Konstitusiyasına uyğun şəkildə həyata keçirilə bilər. Yəni, Azərbaycan Konstitusiyasına görə, ölkənin hər hansı bir ərazisi kontekstdən çıxarılaraq orada referendumun keçirilməsi mümkün deyil. Azərbaycanın bu məsələdə prinsipial mövqeyi aydındır. Bu mövqeyə Azərbaycan Prezidentinin son açıqlamaları bir daha aydınlıq gətirdi. Prezidenti bəyan etdi ki, Dağlıq Qarabağa heç zaman müstəqillik verilməyəcək. Bu problem yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və Dağlıq Qarabağa yüksək muxtariyyat statusu verilməklə həll oluna bilər. Yüksək muxtariyyat statusunun Azərbaycanda Naxçıvan MR timsalında presidenti var. Bu baxımdan, növbəti alternativlərin axtarılması yol verilməzdir. Münaqişənin həllinin bu müstəvi, çərçivə daxilində həll olunmasından başqa alternativi yoxdur. Bu məsələdə beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Bütün təzyiqlərə baxmayaraq, ölkəmiz bu məsələlərdə açıq, prinsipial mövqe nümayiş etdirir. Bu mövqe sonuna qədər davam etdirilməlidir.
- Şuşanın işğalının ildönümü ilə bağlı işğalçı ölkənin dövlət rəhbərlərinin Xankəndində keçirdikləri tədbirdə Azərbaycan əlyehinə separatçı fikirlər səsləndirilib...
- Ermənistan tərəfindən, mütəmadi olaraq, oxşar bəyanatlar səsləndirilir. Əslində, bu bəyanatlar onu sübuta yetirir ki, Ermənistanda çox ciddi müharibə xofu var. Bu, təkcə Ermənistan rəsmilərinin deyil, adıçəkilən ölkənin ayrı-ayrı siyasi dairələrinin dilindən səslənən bəyanatlarda da özünü büruzə verir. Yaxşı başa düşürlər ki, müharibə başlayarsa, bu, Ermənistanın tamamilə darmadağın olunması ilə nəticələnə bilər. Təbii ki, bu cür bəyanatlar verməlidir. Bu bəyanatların işğal olunmuş ərazilərdə verilməsi, həm də həmin ərazilərdə girov kimi yaşayan ermənilərin diqqətini müəyyən qədər mövcud problemlərdən yönləndirilməsinə və müharibə təhlükəsinin azaldılmasına xidmət edir. İşğal olunmuş ərazilərdə yaşayan ermənilər artıq müharibənin baş verəcəyi təqdirdə, hansı reallıqlarla üz-üzə qalacaqlarını yaxşı başa düşürlər. Ermənistanın məskunlaşma siyasətinin ən yüksək səviyyədə aparılmasına baxmayaraq, orada yaşayan insanlar həmin əraziləri tərk edirlər. Belə mesajların, bəyanatların verilməsi də, bilavasitə, Ermənistanın daxili siyasətinə yönəlmiş addımlardır. Azərbaycanda isə Ermənistan tərəfindən verilən hər hansı bir bəyanatın effektiv nəticəsi yoxdur. Bu, hər kəsə bəllidir. Çünki Azərbaycanın bu gün iqtisadi potensialı, ordusunun gücü də və s. hamısı göz qabağındadır. Ermənistanla müqayisə olunmayacaq dərəcədə Azərbaycan qat-qat güclüdür. Bu baxımdan, qeyd etdiyim kimi, verilən bəyanatların effektiv nəticə verdiyini söyləmək mümkün deyil.
- Elçin bəy, Eduard Nalbandyan Avropa Şurasının Nazirlər Komitəsinin 120-ci iclasında Azərbaycanda müharibə ab-havasından olmasından narahatlıq keçirdiklərini söyləyib. Onun bu narahatlığının arxasında Ermənistanın qorxu keçirməsinin dayandığını söyləmək olarmı?
- Dünya birliyinin Dağlıq Qarabağ məsələsi ilə bağlı mövqeyi aydındır. Daha doğrusu, istər ABŞ, istərsə də, ATƏT-in Minsk Qrupunun həmsədri olan dövlətlər bu münaqişənin həllinə guya səy göstərirlər. Əslində isə, məqsəd burada müəyyən qədər də olsa, ermənilərin maraqlarının daha aydın şəkildə təmin olunması deməkdir. Ancaq proselər onu sübuta yetirdi ki, zor və təzyiq yolu ilə Azərbaycanı hər hansı güzəştə məcbur etmək mümkün deyil. Müharibə başlayacağı təqdirdə, bu müharibənin ciddi fəsadlarının ola biləcəyini beynəlxalq təşkilatlar da başa düşür. Təbii ki, bu, Nalbandyanın fikirlərində də öz əksini tapır. Ermənistan uzun illərdir ki, Azərbaycana qarşı təxribatla məşğuldur. Bu gün hər kəs başa düşür ki, Azərbaycanın 20 faiz ərazisi Ermənistan tərəfindən işğal olunub. İşğalçı dövlətə qarşı da işğala məruz qalan dövlət məhz belə bəyanatlarla çıxış etməlidir. Bunun hər hansı bir alternativi yoxdur. Dedi-qodu xarakterli açıqlamalar isə, sadəcə, təbliğat xarakteri daşıyır. Eyni zamanda, beynəlxalq səviyyədə Azərbaycanın müəyyən qədər təzyiqlərə məruz qalmasına xidmət edir.
- Bu ay qondarma Dağlıq Qarabağ Respublikasında parlament seçkilərinin keçirilməsi nəzərdə tutulur. Bu seçkilərə beynəlxalq təşkilatların sərt mövqeyi hansı formada ola bilər?
- Bildiyiniz kimi, beynəlxalq təşkilatlar seçkinin keçirilməsini qəbul etmədiklərin və qondarma rejimi tanımadıqlarını bəyan edirlər. Ancaq nəzərinizə çatdırım ki, bu gün işğal olunmuş ərazilərdə baş verən bütün proseslər, o cümlədən də, qondarma seçkilər və digər amillərin hamısı nəticədir. Ortalıqda səbəb var. Səbəb isə, Azərbaycan ərazilərinin işğaldan azad olunmasıdır. Bütün bu qondarma problemləri, Azərbaycanın mədəniyyət abidələrini dağıdılmasını, qondarma seçkilərin keçirilməsini, aparılan təbliğatın qarşısının alınmasının yeganə yolu həmin səbəbin aradan qaldırılmasıdır. Yəni, Azərbaycan ərazilərinin işğaldan azad edilməsidir. Burada separatçı rejim seçki keçirdi və ya hansısa hadisə baş verdi. Xüsusi diqqəti bu prosesə yönəltmək lazım deyil. Əslində, burada beynəlxalq hüquqa ən zidd olan məqam nədən ibarətdir? O məqam işğal amilidir. Dünyada işğal və təcavüz amilindən dəhşətli heç nə yoxdur. Seçki və digər hadisələr də bütün bunlar sonrakı proseslərdir. Hesab edirəm ki, biz birinci növbədə, işğal faktını aradan qaldırılmasına çalışmalıyıq. O zaman nə qondarma seçki, nə də ki, bu cür bəyanatlar olacaq.

Digər xəbərlər