"Müsavat və AXCP (i)-nin liderləri ilə əməkdaşlıq etməyə dəyməz"
- Nazim bəy, son vaxtlar müxalifət partiyalarında mitinqlər keçirmək dəbə düşüb. Nədənsə, AMİP-də bu dəbə uyğunlaşma prosesi bir balaca gecikir. Bunu nə ilə əlaqələndirmək olar?
- AMİP fəaliyyətini, növünü dəyişib. Biz mitinq keçirənlərdən fərqli olaraq, müxalifət partiyalarının əməkdaşlığına çalışırıq.
- Yəni siz Müsavatın və ya "Azadlıq" blokunun keçirdiyi aksiyaları, belə çıxır ki, təlqin etmirsiniz?
- Hərənin öz yolu var. Yəni AMİP öz yolunu bir balaca redaktə edib.
- Aksiyalarda iştirak etməyiniz gündəmə gətirilə bilərmi?
- İnanmıram ki, konkret adını çəkdiyiniz partiyalarla orada iştirak edək.
- Yəqin ki, bununla bağlı hansı səbəb var?
- Bəli, səbəbləri bir vaxtı açıqlamışıq. İndi isə dərinliyinə varmaq istəmirəm. Həmin partiyalara inamımız yoxdur. Zamanında çoxları ilə əməkdaşlıq etmişik. Bu əməkdaşlıqların mənfi nəticəsini də görmüşük. Sözün açığı, ona görə də, onlarla bir yerdə olmaq istəmirik.
- Səbəbini Əli Kərimovun AMİP-ə qarşı olan qeyri-səmimi münasibətləri ilə əlaqələndirmək olarmı?
- Vaxtilə seçkilərə Etibar Məmədovla birgə gedən Əli Kərimov, yerlərdə tapşırmışdı ki, Müsavat partiyasının namizədinə səs versinlər. Seçki qutarar-qutarmaz, o, İsa Qəmbərovu təbrik etdi. Belə partiya liderləri ilə necə əməkdaşlıq etmək olar?
- Amma sonrakı mərhələdə Əli Kərimov AMİP-ə əməkdaşlıq təklifi etdi. Bu centlmen addımı onun səmimi münasibəti kimi əlaqələndirmək olarmı?
- Səmimilik dərin sözdür. Amma açıq deyirəm ki, biz onlarla özümüzü bir yerdə görmürük. Bu söz özündə çox şey ehtiva edir.
- Bəs Müsavatla?
- Fərq etmir, elə onlar ilə də əməkdaşlıq mümkün deyil.
- Belə çıxır ki, AMİP ancaq siyasi düşərgədə tək qalmağı daha məqbul hesab edir?
- Mən belə deməzdim. AMİP-in digər partiyalarla əməkdaşlığı olmasa da, onların bir çoxuna hörməti var. Biz çox bloklar, birliklər və onların acı nəticələrini görmüşük. Qeyd edim ki, kim bizimlə əməkdaşlıq etmək, həmçinin, AMİP-in bayrağı ətrafında seçkiyə getmək istəyirsə, buyursun. Ancaq AMİP-in kiminsə bayrağı altında getməsi mümkün olan məsələ deyil.
- Uzun müddətdir ki, adi bir qurultayını keçirə bilməyən partiyanın seçkilərə uğurulu start verməsi nə dərəcədə mümkünüdür?
- Bu il seçki ili olduğundan, bu işə çox ciddi başlamışıq.
- Mətbuatın yazdığına görə, Etibar bəy yenidən AMİP sədrliyinə qayıda bilər...
- Bu, mümkün deyil. Etibar bəy partiyanın lideridir. Bu da, o deməkdir ki, hər hansı bir seçkidə partiyanın birinci adamı kimi seçkiyə gedəcək. Partiyada idarəçilik kollegial şəklini alıb. Sədrlə baş katibin səlahiyyəti eynidir. Etibar bəyin özünün sədrliyə qayıtmaq fikri yoxdur.
- Bəs kənardan sədrliyə kiminsə gətirilməsi nə dərəcədə mümkündür?
- Bu, mümkün olan məsələ deyil.
- Bilmək olarmı sədrliyə neçə namizədiniz var?
- Sirr olaraq qalır. Qurultayda açıqlanacaq.
- Nazim bəy, hazırkı məsələdə müxalifət düşərgəsində süstlük müşahidə olunur...
- Bu süstlük AMİP-də müşahidə olunmur.