“Daşnaksütyun" partiyasının atılıb-düşməsi erməni həyasızlığından irəli gəlir"
- Rusiya ilə Türkiyə arasında viza rejiminin ləğv olunması onlar arasındakı əlaqələrin inkişafında hansı imkanları yarada bilər?
- Hesab edirəm ki, Türkiyə bu istiqamətdə düzgün addım atır. Çünki Türkiyə bütün qonşuları ilə vizasız gediş-gəliş sistemini tətbiq edir. Rusiya ilə də belə bir sistemin tətbiq edilməsi hər iki ölkə üçün çox əhəmiyyətlidir. Amma Türkiyə üçün daha əhəmiyyətlidir. Ona görə ki, Türkiyədən Rusiyaya gedib-gələnlərin, eyni zamanda, Rusiyadan buraya turist axınının artması baxımından prinsipial əhəmiyyətə malikdir. Bu gün Türkiyə iqtisadiyyatında əsas yerlərdən birini tutan turizm sahəsi məhz Rusiyadan gələn turistlərin hesabına inkişaf edir. Digər tərəfdən, Türkiyədən xeyli sayda işçi qüvvəsi Rusiyaya gedir və onlar həm ticarət əlaqələri, həm də tikinti sənayesində çox ciddi rol oynayırlar. Əgər indiyə qədər Rusiya Şimali Qafqazdakı hadisələrə görə vizasız gediş-gəlişdən qorxurdusa və bundan Şimali Qafqaz xalqlarının və çeçenlərin sui-istifadə edəcəyini düşünürdüsə, indi artıq Rusiya bu faktordan qorxmur. Həmçinin, Türkiyə Rusiyada olan PKK faktorundan onun əleyhinə istifadə olunacağından ehtiyatlanmır. Bir sözlə, hər iki tərəf çox risqli bir addım atıb. Güman edirəm ki, bu, iqtisadiyyatın inkişafı baxımından çox əlverişli bir addımdır. Əgər tərəflər yaxın gələcəkdə ticarət dövriyyəsini 30 milyard ABŞ dollarından 100 milyard ABŞ dollarınadək yüksəltməyi qarşılarına məqsəd qoyublarsa, deməli, vizasız gediş-gəliş həmin planın reallaşmasına ciddi kömək edəcək.
- Bəs Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan gərgin müzakirələr problemin həllinə hansı imkanları aça bilər?
- Türkiyənin hazırkı mövqeyini prinsipial adlandırmaq olar. Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyişlər əldə edilməyincə, Ermənistanla sərhədlərin açılmayacağı haqqında üzərinə öhdəliklər götürüb. Eyni zamanda, Türkiyə regional güc mərkəzi kimi bu proseslərdə əvvəlki illərlə müqayisədə xeyli fəal iştirak edir. Bu, həm ATƏT, həm BMT, həm də Rusiya ilə münasibətləri inkişaf etdirmək baxımından qarşıda duran əsas məsələlərdəndir. Zənnimcə, 25-dən artıq müqavilənin imzalanması nəticəsində Rusiya Türkiyədən iqtisadi cəhətdən asılı vəziyyətə düşüb. Bu da Türkiyənin Rusiyaya təsir etmək üçün əlavə rıçaqlar əldə etməsi deməkdir. Türkiyənin yaxşı diplomatik səyləri olarsa, həmin iqtisadi üstünlüklərin siyasi təlqinlərə keçəcəyini söyləmək olar. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar prosesində, eləcə də, Rusiya ilə bu məsələlərdə normal auranın yaranmasında əhəmiyyətli rol oynaya bilər. Məncə, Türkiyə bu məsələdə Azərbaycanın mövqeyini axıra qədər müdafiə edəcək. Əgər belə olarsa, danışıqlar prosesi daha da intensivləşər və bu da ədalət və beynəlxalq hüquq normalarının zəfər çalmasında münbit bir şərait yaranar. Ümid edirəm ki, proseslərdə bu istiqamətdə hərəkət edəcək.
- Qabil bəy, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Mövlud Çavuşoğlunun Ermənistana səfərinin nəticələrini necə şərh edərdiniz?
- Mövlud Çavuşoğlu AŞPA-nın prezidenti kimi Cənubi Qafqaz ölkələrinə səfərə çıxıb. O, birinci səfərini Azərbaycana edib. Eyni zamanda, Gürcüstanda olub və hazırda Ermənistanda səfərdədir. Amma onun əsas niyyəti AŞ-ın və onun mühüm orqanı olan Avropa PA-nın Dağlıq Qarabağ probleminin həllinə təsirinin artırılmasına nail olmaqdan ibarətdir. Mövlud Çavuşoğlu bu məsələdə Ermənistanın təcavüzkar olduğunu çox yaxşı bilir. AŞ bununla bağlı qətnamə qəbul edərkən və Ermənistanı təcavüzkar adlandırarkən Mövlud Çavuşoğlu və Türkiyədən olan digər deputatlar məhz bu sənədə səs verən deputatlardan olublar. İndi onun AŞPA-nın prezidenti kimi prosesə müdaxilə etməsi və bu proseslərdə qurumun iştirakını fəallaşdırmağa çalışması olduqca əhəmiyyətli bir prosesdir. Güman edirəm ki, AŞPA vasitəsilə Ermənistana əlavə siyasi təzyiqlər və təsirlər olarsa, işğalçı ölkə ətrafındakı dairə xeyli daralmış olar. Bununla yanaşı, Azərbaycanın hər gün daha da güclənən iqtisadi və hərbi qüdrəti dünya ictimai rəyində problemin daha dərindən dərk edilməsi və onun ədalətli, beynəlxalq hüquq normalarına uyğun şəkildə həll edilməsi üçün perspektivlər yarada bilər.
- Mövlud Çavuşoğlunun Ermənistana səfəri çərçivəsində qondarma erməni soyqırımı abidəsini ziyarət etməməsi "Daşnaksütyun" partiyasının narazılığına səbəb olub. Hətta bununla əlaqədar etiraz aksiyalarının keçirilməsinin planlaşdırıldığı bildirilir. Bu, nə dərəcədə əsaslıdır?
- Mövlud Çavuşoğlu türkdür və təmsil etdiyi Türkiyə dövləti qondarma erməni soyqırımını qəbul etmir. Bundan əlavə, onun Ermənistana səfəri ilə bağlı rəsmi protokol tutulub və Ermənistanla razılaşdırılıb. "Daşnaksütyun" partiyası rəsmi dövlət strukturu deyil və onların etirazının heç bir əsası yoxdur. Çünki Mövlud Çavuşoğlunun Ermənistana səfəri işgüzar xarakter daşıyır. Bu səfər də protokol qaydalarına uyğun şəkildə tənzimlənir. "Daşnaksütyun" partiyasının atılıb-düşməsi, onun beynəlxalq hüquq normalarını yaxşı bilməməsindən və erməni həyasızlığından irəli gəlir. Ona görə də, bu cür tələblər absurd tələblərdir və erməni tərəfini gülünc vəziyyətdə qoyur.