PDF Oxu

Müsahibə

  • 8

"Radikal müxalifətin mitinq keçirmək mədəniyyəti yoxdur"

"Radikal müxalifətin mitinq keçirmək mədəniyyəti yoxdur"
- Mayis müəllim, son zamanlar müxalifətin fəallıq nümayiş etdirməsinin arxasında hansısa daxili və xarici qüvvələrin dayandığını söyləmək olarmı?
- Bu gün fəallaşmağa başlayan müxalifət partiyalarının arxasında heç də böyük elektorat yoxdur. Başlıcası, cəmiyyətdə bu qüvvələri dəstəkləyən insanlar çox azdır. Getdikcə də onların sıraları azalmaqdadır. Bu qüvvələr uzun müddət siyasi arenada mövcud olsalar da, həmişə öz tərəfdarlarını itirməklə və seçkilərdə məğlubiyyətlə üzləşirlər. Siyasi arenada qalmaq üçün bütün mümkün olan və mümkün olmayan vasitələrdən istifadə edirlər. Məsələn, mitinqlər keçirməyə cəhd göstərirlər, bu və ya digər hadisəni siyasiləşdirməyə çalışırlar. Yəni, bununla gündəmdə qalmağa çalışırlar. Bəzən də hansısa beynəlxalq təşkilatın Azərbaycana aid raportunu əldə rəhbər tutaraq, siyasi hadisə yaratmaq istəyirlər. Cəmiyyət artıq bu qüvvələrə qəti şəkildə inanmır və onların heç bir tədbirini dəstəkləmir. Hesab edirəm ki, müxalifət qüvvələri tükənməkdədirlər. Xüsusilə, düşərgədə təmsil olunan partiyaların liderləri siyasi iflasa uğrayıblar. Onlar özlərində üz bağlayıb, siyasi arenadan getmək istəmirlər. Çünki onların bugünkü siyasi fəaliyyəti onlar üçün qazanc mənbəyidir. Seçkiləri bir-birinin ardınca uduzan heç bir siyasi lider partiyanın rəhbərliyində qalmır. Onlar bundan utanıb yerlərini digər siyasətçilərə verərdilər. Buradan belə nəticəyə gəlmək olar ki, onların siyasi fəaliyyəti mübarizə deyil, sadəcə, özlərinin və yaxınlarının dolanması üçün bir vasitədir.
- Qeyd etdiniz ki, cəmiyyətin onlara inamı yoxdur. Belə olan halda, onların bir-birilərinə inamı varmı?
- Xeyr, onlar bir-birilərinə də inanmırlar. Sadəcə olaraq, bu və ya digər maraqlar naminə tədbirlər keçirir və hansısa məsələ ətrafında birlik yaratmaq istəyirlər. Amma bu, heç də onların bir-birilərinə güvəndiklərini və inandıqlarını göstərmir. Ona görə də, ortaya normal birlik qoya bilmirlər.
- Mitinq azarına tutulan müxalifət bunu həyata keçirməklə sağala bilər?
- Onlar heç mitinq də keçirə bilmirlər. Son 10 ildə indiki müxalifət partiyalarının hansı normal mitinq keçirə bilib? Sadəcə olaraq, küçələrə düşüb, oradan-burdan qaça-qaça qışqırmaq mitinq keçirmək demək deyil. Mitinqlərin keçirilməsi üçün qanunauyğun şəkildə yerlər ayrılıb. Əgər doğrudan da, onlar mitinq keçirmək istəyirlərsə və tərəfdarları varsa, onları həmin yerlərə toplasınlar. Müxalifətdə mitinq keçirmək mədəniyyəti yoxdur. Ara qarışdırmaq, gözə kül üfürmək, gözdən pərdə asmaq başqa şeydir, siyasi mübarizə aparmaq isə tamam başqa şeydir. Normal mübarizə aparmaq və mitinqlər keçirmək üsulu bizim müxalifətə tamam yaddır. Normal siyasi nəzəriyyələrdə nəzərdə tutulan anlamda mitinqlər keçirə bilmirlər.
- Mayis müəllim, ölkənin iç məsələləri ilə bağlı hansısa xarici qüvvələrə məlumatlar satmaq partiya sədrlərinə başucalığı gətirə bilərmi?
- Əlbəttə ki, gətirməz. Əgər onlar özlərini Azərbaycandakı müxalif siyasi partiyaların liderləri hesab edirlərsə, bu hərəkətlərinin Azərbaycanla və azərbaycançılıqla əlaqəsi yoxdur. Əksər hallarda, bir sıra beynəlxalq təşkilatlar Azərbaycana təzyiq göstərmək üçün bu və ya digər üsullardan istifadə edirlər. Öz hesabatlarında ölkəmizi aşağılamağa, həqiqətləri təhrif etməyə və Azərbaycanı pis qələmə verməyə çalışarlar. Təəssüflər olsun ki, bəzi müxalifət partiyaları da onlara bu işdə dəstək verir. Hesabatlar da həm bəzi müxalifət partiyalarının, həm də qeyri-hökumət təşkilatlarının yanlış məlumatları əsasında hazırlanır. Hesab edirəm ki, bu hərəkətlər Azərbaycan xalqına və dövlət maraqlarına çox ciddi zərbə vurmaq deməkdir.
- Sizcə, bu, iş birliyinin arxasında hansı məqsədlər dayanır?
- Bu gün hər hansı bir ölkənin, superdövlətlərdən asılı olmayaraq, yaşaması çox çətin olardı. Azərbaycanın müstəqil dövlət olaraq heç bir dövlətdən asılı olmaması həqiqətdir. MDB məkanında adı müstəqil olub, özü müstəqil olmayan dövlətlər çoxdur. Xüsusilə, Ermənistanda müstəqillikdən tamamilə əsər-əlamət yoxdur. Dünyanın aparıcı dövlətləri də çalışırlar ki, Azərbaycan və digər qeyri-müstəqil dövlətlər onların təsiri altında olsun. Ölkəmiz isə bu cür çağırışlara məhəl qoymur və öz siyasətini davam etdirir. Dövlət başçısı İlham Əliyev xalqın maraqları istiqamətində fəaliyyət göstərir. Bu siyasət də bəzi xarici dövlətləri və beynəlxalq təşkilatları qane etmir. Ona görə də, ölkəmizə çoxçeşidli formalarda təzyiqlər göstərməklə, öz iradələrini təlqin etməyə çalışırlar. Bu isə, nəticəsi olmayan cəhdlərdir. Azərbaycanla diqtə ilə deyil, yalnız bərabər tərəf səviyyəsində danışmaq mümkündür. Bu baxımdan, bu işdə nə iqtidar, nə də xalq ziyan çəkir, bütün zərbələr elə müxalifətin və onların özlərinə dəyir.

Digər xəbərlər