PDF Oxu

Müsahibə

  • 7

“Sarkisyan şahmat taxtası üzərində xod ediləcək bir peşkadır"

“Sarkisyan şahmat taxtası üzərində xod ediləcək bir peşkadır"
- Son zamanlar Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ziddiyyətli məqamlar ortaya çıxıb. Belə ki, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Ağdam və Kəlbəcərin boşaldılması haqqında açıqlama verir, ATƏT-in Minsk Qrupu həmsədrlərinin kontingenti dəyişdirilir, eləcə də, Türkiyənin həmsədrlikdə təmsil olunması barədə fikirlər səsləndirilir. Ümumi mənzərə münaqişənin həlli ilə bağlı hər hansı ümidə qapılmağa əsas verirmi?
- Təbii ki, regionun bu formada qalması və belə bir vəziyyətin mövcud olması dünyada heç bir ölkənin maraqlarını təmin etmir. Hətta bu proseslərin səbəbkarı olan və Ermənistanın arxasında duran Rusiyanın da regiondakı nüfuzuna ağır zərbə vurur. Bunu artıq bütün dünya etiraf edir. Qafqaz geosiyasi maraq dairəsindədir və bu maraqlar hələ təmin olunmayıb. Bu geosiyasi maraqlar təmin olunana qədər hər bir dövlət öz maraqları müstəvisində bu problemin həllinə çalışır. Bu məsələdə Azərbaycana ən istiqanlı münasibət bəsləyən isə Türkiyədir. Təbii ki, Ermənistan-Türkiyə arasında protokolların imzalanmasının dayandırılması, həmçinin, erməni təcavüzünün və cığallığının mahiyyətinin dünyaya bəyan edilməsində bu prosesin çox böyük əhəmiyyəti oldu. Bu protokollar imzalananda, bütün Azərbaycan narahat oldu ki, Türkiyə Azərbaycanı taleyüklü məsələsində tək qoyur. Lakin həyat sübut etdi ki, bu siyasi addımlar Ermənistanın bu məsələdəki qeyri-konstruktiv mövqeyinin açılmasına kömək etdi. Dünya dövlətləri bir daha şahid oldular ki, Ermənistan dövləti işğalçıdır və öz işğalçı niyyətlərindən, zəbt etdiyi torpaqlardan geri çəkilmək istəmir.
Türkiyənin ATƏT-in Minsk Qrupu həmsədrliyinə qoşulması prosesin ədalətli həllinə təkan verə bilər. Amma həmsədrlikdə təmsil olunduğu ölkələrin nümayəndələrinin dəyişdirilməsi "toplananların yeri dəyişsə də, cəm dəyişmir" deyiminə oxşayır. Bu dövlətlərdən imtina edilməsi isə münaqişənin həllinə heç cür kömək edə bilməz. ABŞ, Fransa və Rusiya kimi böyük dövlətlərin Minsk Qrupunda təmsil olunması vacibdir. Çünki bu münaqişənin tənzimləyici qüvvələri elə bu dövlətlərdir. Türkiyənin həmsədrliyə cəlb olunması prosesdəki neqativ halların qarşısının alınmasına kömək edə bilər.
- Ermənistan tərəfi bu ölkənin prezidenti Serj Sarkisyanın timsalında əməlləri ilə ziddiyyət təşkil edən açıqlamalar verir. Hətta o, Rusiyaya səfəri zamanı münaqişənin həllində maraqlı olduqlarını bildirib. Bunun ardından isə bəyan etdi ki, Dağlıq Qarabağın Azərbaycanın tərkibinə verilməsinə heç zaman razı olmayacaq. Bununla yanaşı, may ayının sonunda qondarma "Dağlıq Qarabağ Respublikası"nın parlamentinə seçkilər keçiriləcək. Ümumi proseslərin gedişatı barədə nə deyə bilərsiniz?
- Serj Sarkisyanın və onun komandasının, eləcə də, Dağlıq Qarabağ ermənilərinin Ermənistanda siyasi hakimiyyətə yiyələnməsinin və siyasi mövqeyinin arxasında Dağlıq Qarabağ kartı durur. Bu gün Sarkisyan ondan imtina etməklə "taxt-tacından" və digər sahib olduqlarından da imtina etməlidir. Ona görə də, manevr edir ki, prezidentlik müddətini başa vursun və xalqın nəzərindən düşməsin. O, siyasi alverçiliklə məşğul olur. Digər tərəfdən, Sarkisyanı hakimiyyətə gətirən və onun arxasında Rusiya kimi bir dövlət var. Bu baxımdan, münaqişənin tənzimlənməsində hansısa başqa dövlətin iştirakı Sarkisyanı idarə edənlərin xoşuna gələ bilməz. O özü müstəqil fəaliyyət göstərmir. Sanki şahmat taxtası üzərində xod ediləcək bir peşkadır. Ona şah və ya vəzir statusunda baxmaq düzgün deyil.
- Fəzail müəllim, Ermənistanın qeyri-konstruktiv mövqeyi və bunun fonunda Azərbaycanın Ali Baş Komandanı, Prezident İlham Əliyevin dəfələrlə müharibə variantının qaçılmazlığını önə çəkməsi, onu deməyə əsas verirmi ki, yaxın vaxtlarda Dağlıq Qarabağda müharibə yenidən alovlana bilər?
- Bunu konkert deyə bilmərəm. Bizim dövlətimiz kifayət qədər səbirli və təmkinli siyasətlə məşğuldur. Bu dövlət başçısının istədiyi vaxt verə biləcəyi bir bəyanatdır.
- Bəzi dünya KİV-nin yaydığı məlumatlara görə, Azərbaycan tərəfi Dağlıq Qarabağda antiterror əməliyyatları keçirməyə hazırlaşırmış və qonşu dövlətlərin müəyyən tövsiyəsi əsasında bu fikrindən daşınıb. Bu məlumatlar həqiqətə uyğundurmu?
- Bu sualın cavabı yalnız Prezident İlham Əliyevdədir. Ona görə də, Onun hansı addımları atacağı və hansı əmrləri verəcəyi öz ixtiyarındadır. Bəzi dünya KİV-lərinin Azərbaycana münasibətinə gəldikdə isə, onlar dəfələrlə ölkəmizə ləkələr yaxmağa cəhd göstərir, yanlış və qızışdırıcı materiallar dərc edirlər. Bununla da, Azərbaycandakı inkişafa kölgə salmağa çalışırlar.
- Sizcə, müharibə başlayarsa, siyasi partiyalar ölkə rəhbərliyinə hansı formada kömək edəcəklər?
- İstər Milli Məclisdə təmsil olunan siyasi partiyaların, istərsə də, ölkədə fəaliyyət göstərən digər siyasi partiyaların Vətənimizin, torpaqlarımızın taleyüklü məsələlərinin müzakirəsində ortaya qoyduqları mövqeləri bunu deməyə əsas verir ki, əgər Azərbaycan tərəfi müharibəyə başlayarsa, siyasi əqidəsindən asılı olmayaraq, hər bir ölkə vətəndaşı vahid komandanlıq altında sıx birləşəcək. Müharibə elə bir tarixi yükdür ki, siyasi mövqeyindən asılı olmayaraq hər bir kəsin fiziki mövcudluğudur, Vətən namusudur, Vətən qeyrətidir. Ona görə də, bu cür məsələlərdə heç bir çaşqınlıq ola bilməz. Güman edirəm ki, Azərbaycan Ermənistanla müharibəyə başlayarsa, bütün vətəndaşlarımız vahid mövqedən çıxış edərək, Ali Baş Komandanın apardığı siyasəti dəstəkləyəcəkdir. Bu vəziyyət müharibə edən bütün ölkələrdə olub. Yeganə faktdır ki, Lenin Birinci Dünya müharibəsini Rusiyada vətəndaş müharibəsinə çevirmək şüarı ilə çıxış edib. Bu baxımdan, onu satqınlıqda ittiham ediblər. Yəni, müharibə vaxtı hər hansı mövqe nümayiş etdirmək dövlətə, millətə və xalqa qarşı xəyanətdir.

Digər xəbərlər