PDF Oxu

Müsahibə

  • 14

"Azərbaycan sülhsevər və bütün dinlərə hörmətlə yanaşan ölkədir"

"Azərbaycan sülhsevər və bütün dinlərə hörmətlə yanaşan ölkədir"
- Bakıda dünya dini liderlərinin toplantısı keçirildi. Bu, Azərbaycanın dünyada mövqelərinin möhkəmlənməsi demək deyilmi?
- Bu gün Azərbaycanın üzləşdiyi problem Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı yaranmış problemdir. İşğalçı ölkənin qeyri-konstruktiv mövqeyi nəticəsində hələ də, bir çox hallarda, dünyada ikili standartlar mövcuddur. Yəni təcavüzkarla təcavüzə məruz qalan ölkə arasında bərabərlik işarəsi qoyulub. 1992-ci ildə Azərbaycan torpaqları işğal edilərkən ABŞ Konqrensi ölkəmizə özünün "907-ci düzəliş"ini tətbiq etdi. Belə olan tədqirdə Azərbaycan üçün ən önəmli iş ölkəmiz ətrafına cərəyan edən informasiya blokadasını yarmaq idi. Bu istiqamətdə görülən işlər bu gün öz bəhrəsini verməkdədir. İlk dəfə olaraq, ABŞ-ın ştatlarından biri Xocalı soyqırımının tanınması ilə bağlı qərar qəbul edib. Bu, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasının bir təsdiqidir. Azərbaycanda bütün dinlərə hörmət edilir. Yəni Azərbaycan suveren, tolerant ölkədir. Qeyd edim ki, Bakıda keçirilən toplantıda bütün ölkələrin KİV-ləri təmsil olunurdu. Yəni bütün dünya ictimaiyyəti Azərbaycanın necə tolerant ölkə olduğunu bir daha öz gözləri ilə görəcək. Ermənistanın dini liderinin də toplantıya qatılması, onu deməyə əsas verir ki, Azərbaycan sülhsevər və bütün dinlərə hörmətlə yanaşan ölkədir.
- Mətbuatın yazdığına görə, yaxın zamanlarda Ağdam və Füzuli rayonları qaytarılacaq. Bundan sonra sərhədlərin açılması məsələsi gözlənilir. Bu, nə dərəcədə doğrudur?
- Belə məlumatlar mətbuatda, xüsusən də, Türkiyə KİV-lərində yer almaqdadır. Amma hələlik, bununla bağlı təsdiq edilmiş məlumat yoxdur. Azərbaycan danışıqlar prosesində prinsip etibarı ilə 5+2 variantına razılıq verdiyini bildirmişdi. Bu, ən optimal variant idi. Ancaq 2+5 variantı ilə bağlı, yəni əvvəlcə iki rayonun, sonra isə, 5 rayonun işğaldan azad olunacağı ilə bağlı rəsmi açıqlama eşitməmişik. Qeyd edim ki, adları çəkilən hər iki rayonun (Ağdam və Füzuli) böyük hissəsi Azərbaycanın nəzarətindədir. Ümumiyyətlə, onu vurğulamalıyam ki, Azərbaycan dövlətinin, ölkə başçısı İlham Əliyevin qarşıya qoyduğu məqsəd odur ki, işğal altında olan bütün torpaqlarımız azad olunsun. Heç şübhəsiz ki, uğurlu siyasət nəticəsində erməni işğalı altında olan bütün torpaqlarımız azad olunacaq.
- Bildiyiniz kimi, bir müddət öncə, Ermənistan "Sürix" protokollarından imtina edib. Bu, adıçəkilən ölkənin iç üzünü açıb göstərdi...
- Təbii ki, belədir. Ermənistanın bu cür addım atması mənim üçün təəccüblü deyil. İşğalçı ölkə fevralın 25-də protokollara düzəliş edilməsi ilə bağlı qanun qəbul etmişdi. Yəni bu prosesin əsası hələ fevral ayından qoyulub. Ermənistan belə bir addımı atmaqla istəyirdi ki, Türkiyə və Azərbaycana ABŞ təzyiq göstərsin. Lakin proseslər onu göstərdi ki, ABŞ kimi dünyanın güclü bir ölkəsinin təzyiqləri də Türkiyə və Azərbaycanın mövqelərini dəyişə bilməz. Bu iki dövlətin qardaşlığına heç kəs zərbə vura bilməz. Belə olan halda, işğalçı ölkənin heç bir çıxış yolu qalmadı. 2007-ci ilin fevral ayının 7-də Ermənistanın milli təhlükəsizlik strategiyası qəbul olunub. Həmin strategiyada açıq şəkildə yazılıb ki, Ermənistanın xarici siyasətinin tərkib hissələrindən biri də Dağlıq Qarabağın müstəqilliyinə nail olmaqdır. Eyni zamanda, o da qeyd olunub ki, Türkiyə ilə yaxınlaşmanın limiti olmalıdır. Belə bir yanaşma və strategiyası olan ölkədən başqa heç nə gözləmək də mümkün deyil.
- Dünyada son zamanlar gedən proseslər onun deməyə əsas verir ki, Rusiyanın dünyada mövqeyi getdikcə güclənməkdədir...
- ABŞ-ın nüfuzlu qəzetlərindən birinin yazdığı məlumata görə, Rusiya öz nüfuz dairəsini bərpa etməkdədir. Məqalə müəllifi faktlara əsaslanaraq, qeyd edib ki, RF ABŞ-ın qarşısında bir sıra tələblər qoyub. Birləşmiş Ştatların davranışları, onu deməyə əsas verir ki, rəsmi Vaşinqton prinsip etibarı ilə bu təkliflərlə razılaşıb. Birinci tələb ondan ibarətdir ki, MDB ölkələrinin NATO-ya daxil olmasını ABŞ dəstəkləməməlidir. İkinci tələb ondan ibarətdir ki, potsovet məkanında RF-yə müxalif olan dövlətləri rəsmi Vaşinqton dəstəkləməlidir. Həmçinin, məqalə müəllifi onu da qeyd edib ki, Ukraynada hakimiyyətə Rusiyapərəst qüvvələrin gəlməsi, eyni hadisələrin Qırğızıstanda təkrarlanması və bütün bu proseslərə Birləşmiş Ştatların sakit yanaşması, onu deməyə əsas verir ki, rəsmi Moskvanın mövqeləri getdikcə möhkəmlənməkdədir. ABŞ mətbuatının yazdığına görə, Mixail Saakaşvili beynəlxalq nüvə sammitində iştirakı zamanı Barak Obama ilə görüşməyə cəhd etsə də, görüş baş tutmadı. Yəni bir daha onu qeyd etmək istəyirəm ki, Rusiya Federasiyası regionda, həmçinin, dünyada mövqelərini gücləndirməkdədir.

Digər xəbərlər