PDF Oxu

Müsahibə

  • 14

Qarabağın işğalında bugünkü müxalifətin böyük rolu olub

Qarabağın işğalında bugünkü müxalifətin böyük rolu olub
- Son zamanlar "Vaşinqton-Post" qəzeti və "Azadlıq" radiosu Azərbaycanı kəskin tənqid edən məqalələr dərc edir. Sizcə, bu cür cəhdlər hansı məqsədə xidmət edir?
- Dünyadakı bütün informasiya vasitələri onu maliyyələşdirən qrupların əlində bir alətdir. Tam müstəqil mətbuat orqanı yoxdur. Məsələn, "Azadlıq" radiosu deyir ki, o, Amerikanın Dövlət Departamenti vasitəsilə maliyyələşir, lakin öz fikirlərində tam müstəqildir. Onun fikirləri ABŞ hökumətinin fikirləri ilə üst-üstə düşməyə bilər. Əslində isə, mətbuat orqanının yaşaması üçün maliyyə ayıran qurum ona zaman-zaman öz diqtəsini yeridir. ABŞ Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində ATƏT-in Minsk Qrupunun həmsədri olan digər ölkələrlə yanaşı, qeyri-obyektiv mövqe tutur. Bu mövqe də işğalçını zərbə altından çıxararaq, işğala məruz qalmış Azərbaycanı qəsbkar kimi təqdim etməkdən və ədalətsiz sülhə sürükləməkdən ibarətdir. Eyni zamanda, ABŞ-ın ciddi təpkisi ilə Türkiyə ilə Ermənistan arasında protokollar imzalandı. Bu protokollar imzalandıqdan sonra Azərbaycan Prezidenti cənab İlham Əliyevin qətiyyətli mövqeyi nəticəsində Türkiyə geriyə addım atmalı oldu. Çünki əgər bu məsələ yalnız Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğandan asılı olsaydı, o, mütləq sərhədləri açacaqdı. Əgər onlar bu məsələdə Qarabağı əsas şərt kimi irəli sürmək istəsəydilər, protokolları imzalamazdan əvvəl, onu masa üzərinə qoyardılar. Lakin Azərbaycan iqtidarının əzmi və siyasi iradəsi sayəsində, eləcə də, Türkiyədəki vətənpərvər qüvvələrin, xüsusilə, Cümhuriyyət Xalq Partiyasının başqanı Dəniz Baykalın, Milliyyətçi Hərəkat Partiyasının rəhbəri Dövlət Baxçalının qətiyyəti nəticəsində Türkiyə iqtidarı geriyə addım atmağa məcbur oldu. Beləliklə, Qarabağ məsələsini gündəmə gətirdilər.
- Dediniz ki, hər bir mətbuat orqanı maliyyələşdiyi qurumun diqtəsi ilə hərəkət edir. Əgər belədirsə, onda demək olarmı ki, adları çəkilən mətbuat orqanlarının arxasında ABŞ Dövlət Departamenti dayanır?
- Mən "Vaşinqton-Post" qəzetinin haradan maliyyələşdiyini deyə bilmərəm. Ancaq onların mövqeyi ilə ABŞ-ın Dövlət Departamentinin və onun bəzi diplomatik dairələrinin atdıqları addımların üst-üstə düşməsi bu məlumatın həqiqətə uyğunluğunu təsdiq edir.
- Belədirsə, Ə.Kərimovun "Vaşinqton Post" qəzetində Azərbaycan əleyhinə yazılar dərc etməsi vətəndaş olaraq, sizdə təəssüf doğururmu?
- Hər bir siyasətçinin hansısa mətbuat orqanında subyektiv fikrini söyləmək hüququ var. Lakin o düşünməlidir ki, onun söylədikləri dövlətin və xalqın əleyhinə yönəlməsin. Bu gün Dağlıq Qarabağ məsələsində Azərbaycana qarşı tənənin əsasını guya "Azərbaycanda demokratiya yoxdur" fikirləri təşkil edir. Nəzərə almaq lazımdır ki, demokratiya meyarları çox genişdir. ABŞ-dakı demokratiya ilə Böyük Britaniyadakı demokratiya, İsveçdəki demokratiya ilə Almaniyadakı demokratiya bir-birilərindən fərqlənir. Həmçinin, maşın oğurluğu ilə məşğul olan və biznesi dövlət səviyyəsinə qaldıran Albaniya və Kosovo albanları özünü demokratik adlandıran bütün dövlətlər tərəfindən müdafiə olunurlar. Orada heç kim demokratiyadan danışmır. Amma Azərbaycanın haqq səsinin tanınması məsələsi gündəmə gələndə, ortaya demokratiya məsələsini atırlar. Bu da, çox gülünc vəziyyət yaradır.
Yadımdadır ki, SSRİ dövründə bir nəfər həbs ediləndə "Amerikanın Səsi", "Alman dalğası" və s. radiostansiyaları aylarla, illərlə insan haqlarından danışırdılar. Lakin 1990-cı ilin 20 yanvar tarixində M.Qorbaçov Azərbaycan xalqını qanına qəltan etdiyi halda, bütün demokratik dünyanın bəh-bəh dediyi bu şəxsə Nobel sülh mükafatı verdilər. Odur ki, bəzi dövlətlər, onlara sərf etdiyi halda, demokratiyadan danışırlar.
- Araz bəy, parlament seçkiləri öncəsi müxalifət rəhbərlərinin birgə blok yaratmaq cəhdləri daha qabarıq şəkildə özünü göstərdi. Bununla bərabər, bir-birilərini ittiham etməkdən də çəkinmirlər. Ümumiyyətlə, bu birliyin baş tutmamasının əsas səbəbi nə ilə bağlıdır?
- Onlar vaxtilə bir yerdə olub, ayrılmış insanlardır. Onların hər biri əqidəyə görə deyil, şəxsi ambisiyalara görə ayrılıblar. Özləri də şəxsi ambisiyalarını bu günə kimi təmin edə bilməyiblər. Ona görə də, müxalifətçilər arasında heç vaxt birlik ola bilməz. Bunu Azərbaycanın yeni siyasət tarixinin son 20 ili sübut edir.
- "Demokratiya Uğrunda İttifaq"ın həmsədri Mirmahmud Fəttayev bir müddət bundan öncə, Qarabağa həsr olunmuş forum keçirdi. Lakin Qarabağ məsələsindən dividend məqsədilə bəhs edən bir çox müxalifət liderləri həmin tədbirdə iştirak etmədilər...
- Qarabağ məsələsi vaxtilə onların siyasətə gəlməsi və hakimiyyətdə olan qidalanma əmziyindən istifadə etməsi üçün bir üsul idi.
- Onda belə çıxır ki, onların Qarabağ məsələsindən danışmağa haqları çatmır?
- Bu gün Qarabağ şüarı ilə heç kimi heç nəyə cəlb etmək olmaz. Çünki artıq hər kəsə bəllidir ki, onlar zamanında Qarabağ adından öz məqsədləri üçün istifadə ediblər. O cümlədən, bu gün Qarabağın işğalında bugünkü müxalifətin də böyük rolu olub.
- Bu fikriniz hansı formada nəzərdə tutulur, torpaqların satılmasında, yoxsa səriştəsiz siyasi fəaliyyətdə?
- Əgər siyasətçi bilərəkdən və ya bilməyərəkdən atdığı addımlarla Vətəninə böyük zərbə vurubsa, onun siyasətdən getməsi xalqına böyük xidmət olardı. Əfsuslar olsun ki, bizim müxalifət bu cür düşünmür.
- Yeri gəlmişkən, sabiq müdafiə naziri Rəhim Qazıyev qəzetimizə verdiyi müsahibəsində bildirib ki, keçmiş baş prokuror İxtiyar Şirinov Əbülfəz Elçibəyin həbs olunması ilə bağlı bir neçə cinayət maddəsi üzrə ittiham irəli sürüb. Onu bu vəzifəyə təyin edən Elçibəy haqqında bu cür ittihamlar irəli sürməsi nədən qaynaqlanırdı?
- İxtiyar Şirinov dünyada misli görünməmiş prokurordur ki, iki prezidentin həbsi barədə sanksiya verib. Onlardan biri Ayaz Mütəllibov, digəri isə onu bu vəzifəyə təyin etmiş Əbülfəz Elçibəydir. Onun respublikanın baş prokuroru təyin edilməsi, onu göstərirdi ki, hakimiyyətə gəlmiş AXC üzvlərinin heç birində prinsip, əqidə və məfkurə yox idi. Çünki İ.Şirinov Qaradağ rayonunun prokuroru olanda, öz ayağından corabını çıxarıb, AXC üzvlərinin ağızlarına soxurdu. Bu cür düşüncəyə malik prokuror da prezidentin həbsinə sanksiya verə bilərdi. O anlamırdı ki, prezidentin toxunulmazlıq hüququ var.

Digər xəbərlər