PDF Oxu

Müsahibə

  • 7

“Müxalifətin birliyi liderlərin ambisiyaları ucbatından baş tutmayır"

“Müxalifətin birliyi liderlərin ambisiyaları ucbatından baş tutmayır"
- AXCP (i), Müsavat və "Ümid" partiyaları ayrı-ayrılıqda olsa da, mitinq keçirmək haqqında qərara gəldiyi bildirilir. ADP-nin bu plandan kənarda qalması nə ilə bağlıdır?
- Kimin nə deməsindən asılı olmayaraq, ADP öz siyasi kursunu, dəsti-xəttini davam etdirir. Öz siyasi fəaliyyətimizi, mitinq və ya piket keçirməyimizi kiminsə sifarişi əsasında qurmuruq. Əgər bu zərurətdən gələn bir məsələdirsə, bununla bağlı qərar qəbul olunur və icrası həyata keçirilir. Azərbaycanda siyasi mühitdə olan və olmayan istənilən şəxs bilir ki, ADP-nin mitinq və piket keçirməklə bağlı kifayət qədər təcrübəsi var. Bununla belə, istənilən siyasi qurumun seçkilər ərəfəsində mitinq və piket keçirməsinin də əleyhinə deyilik. Lakin ADP-nin bu mitinqlərdə iştirak etməməsinin səbəbi hazırda onun keçirilməsini məqsədəuyğun hesab etməməsidir.
- Həmin mitinqlərdə iştirak etmək fikriniz varmı?
- Bununla bağlı ADP-yə müraciət olunmayıb. Əgər onlar ADP-yə müraciət edərlərsə, partiyamız mitinqlərdə iştirak edib-etməyəcəyi barədə müzakirələr aparacaq. Faktiki olaraq, bu günə kimi həmin partiyalar tərəfindən ADP-yə heç bir müraciət daxil olmayıb. Biz özümüz qərar verdiyimiz mitinqin iştirakçısına çevrilirik. Digər müxalifət partiyalarının mitinqlərinə kortəbii şəkildə qoşulmuruq.
- Sizcə, nə baş verdi ki, uzun müddət susan bu partiyalar parlament seçkiləri ilində, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səylərin artdığı bir vaxtda bir-birinin bəhsinə mitinqlər keçirməyə cəhd göstərirlər?
- Hesab etmirəm ki, mitinqlərin keçirilməsi yalnız müəyyən bir müddəti əhatə etməlidir. Bu gün Azərbaycan beynəlxalq aləmdə müəyyən siyasi təzyiqlərə məruz qalır. Lakin heç bir müxalifət partiyası bu təzyiqlərin vasitəsinə çevrilməməlidir. Dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da seçkilər ərəfəsində hökumətin icazə verdiyi ərazilərdə mitinqlərin keçirilməsi problem olmamalıdır. Burada təlimatı üzrə müəyyən tələbələr səslənə bilər və s. Yoxsa dövlətə qarşı hər hansı şüarların səsləndirilməsi yolverilməzdir. Hesab edirəm ki, hökumət bu məsələlərə normal yanaşır.
- Nurəddin bəy, nə üçün müxalifət partiyaları dövlət qurumlarının binaları qarşısında mitinqlər keçirməkdə israr edirlər?
- "Sərbəst Toplaşmaq Azadlığı haqqında" Qanunda hansı ərazilərdə mitinqlərin keçirilə bilməməsi qeyd olunur. Qanun dövlət tərəfindən mühafizə olunan, strateji əhəmiyyətli binalar qarşısında mitinqlərin keçirilməsini qadağan edir. Bunlardan kənar yerlərdə mitinqlərin keçirilməsi üçün isə, Bakı şəhər İcra Hakimiyyətinə müraciət olunmalıdır. Əgər bu mitinqlər insanların istirahət hüququnu pozmursa və ya ona mane olmursa, orada mitinqlərin təşkili problem deyil.
- "Bütün hallarda, yəni icazəsiz belə olsa, mitinqlərin keçirilməsinə nail olacağıq" sözləri ilə ultimativ çıxışlar etmək nə dərəcədə düzgündür?
- Təbii ki, bu cür fikirləri yersiz sayıram. Bunlar bizim sabitliyimizə xidmət etməyən məsələlərdir. Bu məsələlər öz asan həllini tapmalıdır ki, ultimativ həddə gəlib çatmasın. Çatırsa da, bu, təqdirolunacaq vəziyyət deyil.
- Partiyaların ayrı-ayrılıqda mitinqlər keçirməyə qərar verməsi, onu deməyə əsas verirmi ki, onların blok yaratmaq ideyaları farş olub?
- Müxalifətin ümumi birliyinin yaradılması haqqında zəruri addımların atılması üçün ADP sədri Sərdar Cəlaloğlu da öz təkliflərini vermişdi. Ancaq hadisələrin sonrakı gedişatı onu göstərdi ki, müxalifətin ümumi birliyini yaratmaq müəyyən liderlərin ambisiyaları üzündən müşkülə çevrildi. Bu, heç də xoş olmayan bir haldır. Hesab edirəm ki, bu birliklərin yaradılması müxalifətin ümumi vəziyyətinə müsbət təsir edə bilərdi. Təəssüflər olsun ki, bu ideya alınmadı. Görünən odur ki, Müsavat, "KXCP", "Demokratiya Uğrunda İttifaq" bir qurumda təmsil olunur. "Azadlıq" bloku da özü ayrı bir siyasi birlikdir. Hətta onun seçkilərdə iştirak etməyəcəyi barədə fikirlər səslənir. Bu baxımdan, ADP parlament seçkilərində təkbaşına iştirak etmək qərarına gəlib. Yəni, bütün cəhdlər birliyin yaranmasına yönəlsə də, onun alınmaması istiqamətində atılan addımlar daha üstünlük təşkil etdi. Ona görə də, ümumi birlik modeli baş tutmadı.
- "Ümid" partiyası ətrafında gəzən qalmaqalların bu birliyin baş tutmamasına əsil əngəl olduğunu söyləmək olarmı?
- Yox, mən belə hesab etmirəm. "Ümid" partiyasından öncə də Müsavat partiyası ilə "Azadlıq" bloku arasında anlaşılmazlıqlar var idi. Yəni, birliyin baş tutmaması sırf onunla bağlı deyil. "Ümid" partiyası olmadan belə, Müsavat, AXCP (i) və "Azadlıq" blokunun da birləşməsi məsələsi alınmadı. "Ümid" partiyasının ADP ilə birgə seçkilərdə iştirak etməsi məsələsi gündəmdə idi. Bu da baş tutmadı. Hazırda da Müsavat və onun ətrafında olan siyasi partiyalarla "Azadlıq" blokuna daxil olan partiyalar arasında problemlər yaşanır. Bu məsələyə "Ümid"in heç bir aidiyyatı yoxdur.
- Bir müddət bundan öncə, ADP-nin Azərbaycan Liberal- Demokrat partiyası (ALDP) ilə eyni birlikdə təmsil olunacağı məsələsi gündəm idi. Bunun baş tutmaması hansı amillərlə bağlıdır?
- Bu qərar şəklində olan bir məsələ deyildi. S.Cəlaloğlu sonradan dəfələrlə açıqlama verdi ki, burada söhbət ALDP-dən deyil, ALP-dən gedirdi. Məsələnin nə üçün bu formada gündəmə daxil olmasını isə başa düşmürəm. Ancaq ADP-nin yalnız "Ümid"lə də birlik yaratması məsələsi də, yox idi. Sadəcə, bizim birgə hansısa qurumda təmsil olunmağımız barədə söhbətlər aparılırdı. Burada təkcə "Ümid" deyil, həmçinin, digər bir sıra müxalifət partiyalarının iştirak etdiyi qurumun yaradılmasından söhbət gedirdi.
- ALDP sədri Fuad Əliyev qəzetimizə verdiyi müsahibəsində bildirdi ki, onun S.Cəlaloğlu ilə birliyin yaradılması haqqında söhbəti olub. Sonradan ADP sədrinin həmin görüşlə bağlı mənfi fikir söyləməsinin onda təəccüb doğurduğunu qeyd edib. Bəs bu barədə nə deyə bilərsiniz?
- Bu, birbaşa S.Cəlaloğluna veriləcək sualdır. Ola bilər belə bir görüş olsun. Lakin bu, ilkin söhbətləşmələrdir. Onların hər ikisinin bu cür açıqlamalar verməsi cavabını da özlərində axtarmaq lazımdır. Qeyd edə bilərəm ki, Sərdar bəy müxalifətin ümumi birliyinin yaradılmasına böyük səy göstərirdi və bu istiqamətdə ciddi addımlar atırdı. Təbii ki, bu müəyyən müqavimətə rast gəlirdi. Bu da gözlənilən idi. Müxalifətin ümumi birliyinin alınmadığı təqdirdə, iki müxalifət partiyasının birləşərək, nə isə əldə etməsi effektsizdir. Ona görə də, seçkilərdə təkbaşına iştirak etmək qərarını verdik.
- Hansısa partiya tərəfindən ADP-yə eyni blokda təmsil olunmaq haqqında təklif gələrsə, siz öz qərarınızda dəyişiklik edərsinizmi?
- Partiyanın idarə heyətində parlament seçkilərinə təkbaşına qatılması ilə bağlı qərar vermişik. Bütün qərarların müzakirəsi isə ADP-nin ali məclisində aparılır. Ali məclisin iclası da bu günlərdə keçiriləcək. O vaxta qədər hər hansı müraciətlər və ya anlaşmalar olarsa, bu məsələlər yenidən müzakirə oluna bilər. Burada hər hansı bir problem yoxdur. ADP ümumi birliyin əldə olunması ilə bağlı sonuna qədər mübarizə aparmağa hazırdır.

Digər xəbərlər