“İxtiyar Şirinov Əbülfəz Elçibəyin həbsi haqqında qərar vermişdi"
- Əgər Azərbaycan dirəniş göstərərsə, o halda, 2008-ci il avqust tarixində Gürcüstanda baş verən hadisələr burada təkrarlana bilərmi?
- Xeyr, bu hadisələr Azərbaycanda baş verə bilməz. Çünki tamam başqa vəziyyətdir.
- Ola bilərmi ki, siz ilkin konsepsiya ilə çıxış edərək, münaqişənin həlli ilə bağlı təklif irəli sürəsiniz?
- Əlbəttə, olar. Nə üçün ANS telekanalında səhərdən-axşama kimi əxlaqsız verilişlər verilir. Olmazmı ki, onların formatını milli-vətənpərvərliyə çevirsinlər. Bu ölkənin savadlı alimləri, 17-18 yaşlı çox istedadlı gəncləri var. Azərbaycanda 14 yaşında atasını itirən və onun yerinə müharibəyə gedən qeyrətli oğullar var. Bunları efirə təqdim etmək lazımdır. Mən heç bir vaxt qisasçılıq hissi ilə yaşamamışam.
- Pənah Hüseynovla konfliktiniz var?
- Yox, sadəcə olaraq, o, yalnız danışmağı bilir. Danışmaqdan başqa, əlindən heç bir iş gəlmir. O, əgər bir balaca da olsa Vətənini fikirləşsəydi, 1992-1993-cü illərdə Rəhim Hüseynov kimi iqtisadiyyatı, sənayeni, maliyyəni, təsərrüfatı və digər sahələri mükəmməl bilən "əjdahanı" baş nazirlik kürsüsündən itələyib, özü onun yerində oturmazdı. Hələ o vaxt ona dedim ki, R.Hüseynova toxunmayın. Çünki təzəcə SSRİ-nin tərkibindən çıxmışdıq və xarici bazara çıxışımız yox idi. İstehsal etdiyimiz məhsulu keçmiş SSRİ məkanında reallaşdırmaq üçün onun əməyindən istifadə etməliydik. Ancaq onu işləməyə qoymadılar. P.Hüseynov təsərrüfatı, iqtisadiyyatı, sənayeni bilmədən o zaman ölkədəki mövcud problemlərin aradan qaldırılmasına necə səy göstərə bilərdi? O, baş nazirliyi dövründə bir sıra ciddi səhvlərə yol verib. Beləliklə, bir sıra faktları diqqətinizə çatdırmaq istəyirəm. İrandan 1960-cu ilin modeli olan yüzlərlə "Mersedes" markalı avtobuslar gətirildi. Həmin avtobusların birinin qiymətinə Rusiyanın istehsal etdiyi avtobuslardan 7-8 ədəd almaq olardı. Onun aldığı avtobuslar çox keyfiyyətsiz idi. Daha sonra Türkiyədən istifadə olunmuş köhnə "Mersedes" və "Limuzin" alıb gətirdi. Yəni, adam bilmədiyi işin atlına girəndə, nəticəsi belə olur. Bundan başqa, mənim onunla heç bir konfliktim olmayıb. Hərəkata qədər onu, ümumiyyətlə, tanımamışam.
- Bəs onun öhdəsindən gələ biləcəyi bir iş var idi?
- Əgər bir-birini vurmasını istədiyin iki nəfər varsa, onları P.Hüseynovun öhdəsinə buraxsan kifayətdir. Onların arasını elə vurar ki, onlar əbədi qan düşməni olarlar. Hələ o vaxt demişdi ki, Dövlət Şurası yaratmaq istəyirik. Ölkənin prezidenti var idi, o, ali baş komandandır, eyni zamanda, Təhlükəsizlik Şurası fəaliyyət göstərirdi. Dövlət Şurasını yaratmaqla, onun hansı məqsədə qulluq etdiyi hər kəsə bəllidir. O, bununla, Elçibəyi sıxışdırıb, aradan çıxarmaq istəyirdi. Lakin onun bu niyyəti baş tutmadı. İndi də parlamentdə pafoslu çıxışlar edir.