"İxtiyar Şirinov Əbülfəz Elçibəyin həbsi haqqında qərar vermişdi"
- Rəhim müəllim, qarşıdan növbəti parlament seçkiləri gəlir. Siz fəal siyasətə qatılmaqla parlament seçkilərində iştirak etməyi düşünürsünüzmü? Hətta yayılan məlumatlara görə, belə bir ideyanızı hansısa blokun tərkibində reallaşdırmaq fikrindəsiniz...
- Mənim hansısa blokun tərkibində siyasətə qayıdacağım haqqında deyilən fikirlər absurddur. Mən siyasətdən qaçmamışam, belə bir fikirdə də deyiləm. Lazım gələrsə, Vətənim və millətim üçün canımdan, qanımdan keçməyə hazıram. Hesab etmirəm ki, parlament seçkilərinə qatılmamaq siyasətdən uzaqlaşmaq deməkdir. Mənim bu seçkilərdə iştirak etmək fikrim yoxdur. Dəfələrlə elan etmişəm ki, heç bir siyasi blokda təmsil olunmayacam. Çünki bu gün yaradılan blokların heç biri xalqın problemlərini həll etmək məqsədilə yaranmayıb. Mən də digər vətənpərvər el oğulları kimi, Azərbaycan torpaqlarının ərazi bütövlüyünün bərpa olunması üçün varlığımla çalışacağam. Bunun üçün parlament seçkilərinə qatılmaq vacib deyil.
- Elə şəxslər var ki, onlar öz iddialarını reallaşdırmaq üçün siyasətə gəlirlər. Bəs siz siyasətə hansı ideyaları reallaşdırmaq üçün gəlmisiniz?
- Bizim faciəmiz də ondadır ki, partiyalar yalnız seçkilər ərəfəsində mübarizə aparmalı olduğunu dərk edir. Seçkilərarası müddətdə müxalifət söyməklə məşğul olmamalıdır. Bu gün müxalifət qarşıya çıxan problemlərin mənbəyini, onların həlli yollarını qərəzsiz bir şəkildə göstərməlidir. Müxtəlif sahələrdə mövcud problemlərin aradan qaldırılması üçün öz proqramını təqdim etməlidir. Bunların yerinə yetirilməyəcəyi təqdirdə, cəmiyyətə bildirməlidirlər ki, onların irəli sürdüyü təkliflərə reaksiya verilməyib. Ona görə də təmsil olunduqları partiyaların seçkilərdə qalib gəlməsinin vacibliyini önə çəkməlidirlər. İndiki halda isə, bu, baş vermir. Çünki müxalifət partiyaları mövcud problemlərin həlli ilə əlaqədar heç bir ideya və ya təklif irəli sürmürlər. Yalnız hakimiyyətdə təmsil olunanları söyməklə məşğuldurlar. AXC-nin idarə heyəti istisna olmaqla, heç bir siyasi partiyada təmsil olunmamışam. Hər hansı siyasi partiya təsis etmək barədə düşünməmişəm.
- Bu, özünüzə inamsızlıqdan yarandı, yoxsa özünüzə elektorat toplaya bilməyəcəyinizdən qorxdunuz?
- 1992-cü ildə Əbülfəz Elçibəylə yanaşı, daha 6 nəfər prezidentliyə namizədliyini irəli sürdü. Həmin vaxt mənim reytinqim Elçibəyin reytinqindən 6 faiz yüksək idi. Prinsipim ondan ibarət idi ki, ölkədə 2-3 siyasi partiyanın olduğu halda, mənim yeni partiya yaratmağım düzgün deyil. Bizim qarşıya qoyduğumuz əsas məqsəd problemlərin həll olunmasıdır. İndi fəaliyyət göstərən partiyaların heç biri bu məqsədə xidmət etmir. Ona görə də, sizin qeyd etdiyiniz kimi, mənim hər hansı siyasi partiya yaratmamağım elektorat məsələsi ilə bağlı deyil. Bu gün elə partiyalar var ki, orada sədrindən başqa, ikinci bir şəxs yoxdur. Yəni, partiya yaratmaqdan ötrü elektorata ehtiyac yoxdur. Onlar üçün ad olsun ki, liderdir, hətta birgə liderlər qrupu da təşkil edirlər. Adam xəcalət təri tökür.
- Rəhim bəy, sizin Etibar Məmmədov, İsgəndər Həmidov, Nemət Pənahlı, Əlikram Hümbətov və digərləri ilə çox yaxın münasibətləriniz, əqidə birliyiniz olub. Hazırda onlarla münasibətləriniz hansı səviyyədədir?
- O zaman hərəkata gələn və nüfuz qazanan şəxslər N.Pənahlı və E.Məmmədov olub. İ.Həmidov isə, hərəkata çox sonralar gəlib. Bizim ideya birliyində yeganə prinsipimiz, ərazi bütövlüyü, torpaqlarımızın işğaldan azad olunması və müstəqillik məsələləri idi. Bu üç əsas prinsipdə fikirlərimiz üst-üstə düşürdü. Bu gün də bizim ən ağrılı məsələmiz Dağlıq Qarabağın azad olunmasıdır. Əgər hansısa insanlar ən müqəddəs məsələdə öz şəxsi maraqlarından keçə bilmirlərsə, onda hansı əqidədən danışmaq olar.
- Açıqlamalarınızın birində demisiniz ki, sizi öldürmək istəyirdilər. Hər hansı peşəkar "çekist"lərin qurduğu planın bir hərbçinin pozması necə mümkün ola bilər?
- Həmin vaxt mən heç hərbçi də deyildim. Sadəcə olaraq, o plan o qədər sadə və bəsit hazırlanmışdı ki, məni bundan Allahın hikməti xilas etdi. Yəni, Allahdan hökm gəlməsə, ölmək və öldürmək mümkün deyil. Vaxtilə ölüm hökmünə məhkum olunmuş adamam. 11 ay müdafiə naziri işləmişəm. 16 ildir ki, ünvanıma yalan-böhtan danışmaqdan yorulmayıblar. Mənim oradan salamat çıxacağıma heç kim inanmırdı. İndi sizinlə üz-üzə dayanmışam.
- Rəhim bəy, dediniz ki, 16 ildir, sizin arxanızca danışırlar. Amma siz də danışırsınız. AXC-Müsavat dövründə baş prokuror işləmiş İxtiyar Şirinov sizi məhkəməyə verib. Sizcə, o, iddiasında əsaslıdırmı?
- O, ötən ilin 29-31 oktyabr tarixlərində "Yeni Müsavat" qəzetinə müsahibələr verib. Orada mənim ünvanıma həqiqətə uyğun olmayan, tarixləri hədsiz dərəcədə təhrif olunmuş müsahibə verib. Mənim "Yeni Müsavat" qəzetinə verdiyim müsahibələrin lazımlı məqamları çıxarıldığı üçün həmin qəzetə müsahibə vermədim. Ona cavab olaraq isə, müsahibəni bu ilin yanvar ayının 9-10-da "Xural" qəzetinə vermişəm. Bundan üç ay sonra İ.Şirinovun canına isti keçib, yenidən mənə qarşı iddia qaldırıb. Mən onu təhqir etməmişəm, şərəf və ləyaqətinə toxunmamışam. Çünki hər bir insan özü öz şərəf və ləyaqətini qorumalıdır. Əgər özü şərait yaratmasa, kənardan heç kim buna müdaxilə edə bilməz. Sadəcə olaraq, orada işlətdiyim ifadələrdə 1992-ci ildə onun baş prokuror təyin edildiyi iclasda işlətdiyim fikirləri təkrar etmişəm. Bir də, onu qeyd etmişəm ki, o, necə şərəf və ləyaqətdən danışır ki, baş prokuror olacağını yuxusunda belə görsə, ona inanması qeyri-mümkün olan İ.Şirinov bir vurulmayan silləyə görə, 3 ağır maddə ilə Elçibəyin həbsinə qərar verdi. O zaman Ali Baş Komandan, ölkə prezidenti haqqında həbs qətiimkan tədbirinin seçilməsinə qərar verib. Diqqətinizə çatdırım ki, bu qərar 5 iyun 1993-cü ildə verilib. Yəni, Gəncə hadisələrinin baş verməsindən bir sütka belə keçməmişdi və ona təzyiq göstərməyə hələ heç kim vaxt tapmamışdı. Mən axmaq deyiləm ki, əlimdə fakt olmadan danışım. İ.Şirinov müsahibəsində onu da qeyd edib ki, bilmədiyim kağız parçası gətirdilər və ona imza atdım. Təsəvvür edin ki, ölkənin baş prokuroru deyir ki, mənə bir kağız gətirdilər və bilmədən ona imza atdım. Sizcə, hüquqşünas, birinci dərəcəli ədliyyə müşaviri olan bir şəxsin elə çətin vəziyyətdə hansısa sənədə dərk etmədən imza atması normaldırmı? Xatırladım ki, o sənəd kağız parçası deyildi, 6 nömrəli forma idi. Onun qaldırdığı cinayət işi Cinayət Məcəlləsinin 3 ağır maddəsi ilə qaldırılıb və Cinayət Prossesual Məcəlləsinin 2 maddəsi ilə tam əsaslandırılıb. Burada Elçibəyə qarşı ən ağır-güllələnmə maddəsinədək ittihamlar verilib.
- Bəs daxili işlər naziri bu qərarı nə üçün icra etmədi?
- Bu qərar kağız üzərində qaldı. İ.Şirinovun bu qərarı hansı məqsədlə verdiyi mənə məlum deyil. Məhkəmə zamanı bütün bu və digər faktlarımı da ortaya qoyacam.
- Siz həmin forma 6-nı necə əldə etdiniz?
- 1993-cü il iyunun 14-də parlamentin iclasında indiki Müsavat başqanı İsa Qəmbər istefa vermişdi və Heydər Əliyevi buraya seçmək istəyirdilər. Bu məsələni gündəmə salmaq istəyəndə parlament üzvü olaraq buna öz münasibətimi bildirdim. Dedim ki, Heydər Əliyev, Gəncədə qan tökülüb, ölən də, öldürən də bizdəndir. Hazırda ölkə prezidenti, spiker və baş nazirin heç biri həmin əraziyə getməyib. Soruşdum ki, indi siz hansı addımı atacaqsınız? Daha sonra iclasda yarım saatlıq fasilə elan olundu. Mən parlamentin bufetində çay içirdim. Mənə dedilər ki, Heydər Əliyev səninlə görüşmək istəyir. Biz birlikdə Onun yanına getdim. O, mənə dedi ki, hadisə yerinə yalnız səninlə gedəcəyəm. İndiki general Vaqif Axundovun müşayiəti ilə biz oraya getdik. Səhəri gün hadisə yerinə baxış keçirdik. Heydər Əliyevlə Surət Hüseynovun uzun söhbəti oldu. Həmin söhbətlərin heç birində iştirak etmirdim. Oradan qayıdarkən, yolda gördüm ki, Heydər Əliyevin əlində qatlanmış bir qəzet var idi. Artıq Yevlaxı keçmişdik və üzü Xaldan tərəfə gələndə, Heydər Əliyev özünəməxsus bir gülüşlə dedi ki, Elçibəyin prokuroru onun haqqında həbs qərarı verib. Eşidəndə, mənə qəribə gəldi. O, həmin forma 6-nı mənə verdi ki, Rəhim, səndə qalsın. Həmin sənədin məndə olmasına səbəb budur.
- Həmin forma 6 hazırda sizdədir?
- Bəli, məndədir.
- Bizə təqdim edə bilərsiniz?
- Hazırda yanımdadır. Onun sürətini çıxarıb, sizə verərəm.
- Bu, hansısa mətbuat orqanında dərc olunub?
- Xeyr.
- Rəhim bəy, dediniz ki, insanlar bir-biri ilə dalaşsa belə, gərək düşmənçilik etməsin. Bəs İ.Şirinovun Elçibəyi həbs etmək istəməsinin səbəbi nə idi? Sillə hədəsi, yoxsa başqa insident var idi?
- 1993-cü ilin fevral ayının 17-nə qədər, ümumiyyətlə, İ.Şirinovun Elçibəyə və İ.Həmidova qarşı sərt təpkisini görməmişdim. Mən Elçibəylə mübarizə yoldaşı idim və onunla saatlarla mübahisəm olurdu. Amma heç vaxt ona qarşı tərbiyəsizlik və etikadan kənar hərəkət etməmişdim.
- O vaxtkı Ali Məclisin sədri İ.Qəmbərov və dövlət katibi Əli Kərimovla müəyyən münasibətləriniz olub. Bu gün onlar qondarma erməni soyqırımı günü, yəni 24 aprel tarixində mitinq keçirməyi planlaşdırırlar. Onların hələ də meydan təfəkküründən çıxış etməsi və səhvlərini davam etdirməsi sizi təəssüfləndirirmi?
- Əvvəla, mitinq keçirməyi mən qəbul etmirəm. Heç keçirə də bilməyəcəklər. Onlarınkı budur ki, aç qapını, gələk səni öldürək. Onların hərəkətləri stəkanda siyasi fırtına törətmək, siyasətdə mən də varam deməkdir. Mən onların hərəkətlərini qəbul etmirəm. Hazırda bizim ən böyük problemimiz Dağlıq Qarabağ münaqişəsini həll etməkdir.
- Dağlıq Qarabağ münaqişəsinin həllinin vacibliyindən hər kəs danışır. Lakin istər adları çəkilən şəxslər, istərsə də, siz bu problemin həlli istiqamətində konsepsiya ortaya qoymamısınız...
- Bu iş konsepsiya ilə kifayətlənmir.
- Burada iki varinat var, sülh və müharibə. Siz hansına tərəfdarsınız?
- Mən bu məsələnin həllini sülh yolu ilə görmürəm.
- Bununla bağlı əsasınız var?
- Bəli, var. Çünki müharibə yolu ilə alınan torpaq sülh yolu ilə qaytarılmaz. İkincisi, 1992-ci ildə ATƏT-in Minsk Qrupu yarananda, mən güldüm və bunun əbəs olduğunu dedim. Çünki Fransa, Rusiya və Amerika ermənipərəstdir. Açıq mövqeyinin Ermənistanı müdafiə etmək olan bu üç dövlətin birləşdiyi Minsk Qrupu məsələni həll də bilərmi? Tarixi hadisələrdən anlayışı olmayan senatorlar Dağlıq Qarabağ münaqişəsini həll etməyə başlayıblar. Azərbaycanın beynəlxalq hüquq normalarına görə, öz ərazi bütövlüyünü bərpa etmək haqqı var. Bu məsələ bizim ümummilli məsələmizdir və iqtidar-müxalifət birgə səylə onun həllinə çalışmalıdır. Bu gün mən Prezident İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ortaya qoyduğu siyasi mövqeyini dəstəkləyirəm. O, dövlət başçısı olaraq, Azərbaycanın haqq sözünü dünya ölkələri qarşısında böyük cəsarətlə deyir. Ancaq bu problem təkcə Prezidentin problemi deyil.
Hesab edirəm ki, əgər Azərbaycan öz prinsipial mövqeyini ümümmilli zəmində ortaya qoyarsa, onda müharibə baş verməyə bilər. Ölkəmiz strateji cəhətdən çox əhəmiyyətli bir mövqedə yerləşir və superdövlətlərin maraq dairəsindədir. Belə olan halda, dünya dövlətləri bu məsələnin ədalətsiz həllinin regionda onların maraqlarını yerə vuracağını bilməlidir.
Ardı-var