“Minsk Qrupunun həmsədr ölkələri arasındakı çarpışma münaqişənin həllini ümidsiz edir"
- Zahid müəllim, ATƏT-in Minsk Qrupunun amerikalı həmsədrindən sonra rusiyalı həmsədri də dəyişdirildi. Sizcə, bu dəyişdirilmə Dağlıq Qarabağ münaqişəsinin həllinin sürətləndirilməsinə nə kimi təkan verə bilər?
- Məhşur riyazi formul var: toplananların yerini dəyişəndə cəm dəyişmir. Yəni, bu, o anlama gəlir ki, həmsədrlərin hansı ranqda dayanan üzvlərindən asılı olmayaraq, ötən dövr ərzində bu dəyişilən mahiyyət etibarı ilə Dağlıq Qarabağ probleminin həllini təmin etməyib. Çox təəssüflər olsun ki, bu məsələ üzərində bir çoxları özlərinə diplomatik və siyasi karyera qazanıb. Onların təmsil etdikləri ölkələr isə bu problem üzərində çox böyük iqtisadi-siyasi gəlirlər əldə edib. İndi daha çox çalışmalıyıq ki, qarşıdakı dövr üçün bu regionda Dağlıq Qarabağ məsələsini dondurulmuş vəziyyətdə saxlamağı təmin edən amilləri aradan götürək. Ümidvaram ki, Azərbaycan iqtidarının siyasəti məhz buna yönəlib. Dövlət başçımızın ən prinsipial xətti ayrı-ayrı hallarda xaricdən yönələn təzyiqlərə qarşı güclü müqavimət təşkil etməsidir. Paralel şəkildə qurulan beynəlxalq əməkdaşlıq ona xidmət edir ki, bizim ölkəmiz Qarabağ cəbhəsində siyasi hədəfləri ələ keçirərək, bütövlükdə, torpaqlarımızı işğaldan azad və ərazimizin tam bütövlüyünü təmin edək. Bu mənada, ATƏT-in Minsk Qrupu formatı indiki gerçəklikdə ən mürəkkəb situasiyanı yaradan quruma çevirilib. Çünki bu dövlətlər arasındakı münasibətlər Dağlıq Qarabağ probleminin həllinə mənfi təsir edir. Çox təəssüflər olsun ki, bu fikirlərdən bir o qədər də danışmırıq. Yəni, aşkar şəkildə bildirməliyik ki, Minsk Qrupunun həmsədr ölkələrinin aralarındakı çarpışma real olaraq bu məsələnin həllini, hələlik, ümidsiz edir.
- Bəs alternativ hansı qüvvətlər ola bilər? Hansısa başqa bir dövlətlər Minsk Qrupunun həmsədrlərinə qarşı dirəniş göstərərək, bu problemin həllində bölgədə real addımlar atılmasına nail ola bilərmi?
- Əlbəttə, bu suala tam əminliklə cavab vermək mümkün deyil. Yəni, bunu təsdiqləmək olmur. Lakin biz regiondakı situasiyanın dəyişməsi üçün addımlar atmaqdayıq. İqtisadi imkanlarımızın artması da, dediyimiz kimi, ölkəmizin beynəlxalq siyasi müstəvidə yerinin möhkəmlənməsi də mahiyyətcə ona xidmət edir ki, Ermənistan üzərində üstünlüyə malikik. Bu, inkarolunmazdır. Məhz onun üçün də həmin ölkəni bizim əleyhimizə yönəltmək yönündə çox böyük cəhdlər artıb. Beynəlxalq birliyin təmsilçiləri hesablayırlar ki, 2015-ci ildə Azərbaycan və Ermənistan arasındakı inkişaf fərqi 5 dəfə olacaq. Belə olan təqdirdə, iqtisadi-siyasi üstünlük Dağlıq Qarabağ məsələsində də bu şeyləri tələb edəcək. Bu, Ermənistanın özünün vasitəçilərlə geri çəkilməyə vadar olması ilə reallaşa bilər. Bu Ermənistanın xisləti baxımından bir o qədər inandırıcı görünmür. İkinci versiya isə, təbii ki, bunun planlı tərzdə gerçəkləşməsi ehtimalıdır. Bunu hesablayan dairələr zorakı vasitələrlə Azərbaycan və Ermənistanın inkişaf səviyyələrini bərabərləşdirmək, bunlar arasında balans yaratmaqdır. Deməli, bu vasitə ilə Qarabağ problemini indiki vəziyyətdə saxlamaq niyyətindədirlər.
- Son vaxtlar ABŞ-ın demokratik hakimiyyəti Azərbaycana qarşı münasibətlərdə ikili standartlara yol verən addımlar atır. Sizcə, ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkə kimi Qarabağ probleminin həllində ortaya ədalətli mövqe qoya biləcəyi nə dərəcədə inandırıcı görünə bilər?
- Son dövrlər Azərbaycanının artan ictimai və siyasi dairələrdəki narahatçılığı və narazılığı son olaraq cavablandırmağa çalışan Dövlət Departamentinin sözçüsü ölkəmizi bir daha tərəfdaş saydığını bildirib. Eləcə də, Qarabağ məsələsində neytral mövqe tutduğunu söyləyib. Bu, onların baxışlarına görə, mövqeyimizə cavab jestidir. İş ondadır ki, ABŞ-dan bu məsələdə neytrallıq tələb etmirik. Daha artıq dərəcədə beynəlxalq hüquq prinsiplərinə əməl olunması üçün öz üzərinə düşən missiyanın yerinə yetirilməsi istənilir. Ən kiçik neytral bitərəflik fonunda ABŞ bu məsələdəki davranışlarını Ermənistanın indiki gerçəklikdə vəziyyətdən çıxarılmasına yönələn istiqamətdə qurmalıdır. Yəni, ABŞ tərəfindən Azərbaycanın mövqelərinin tanınması, onun birmənalı şəkildə qəbulunu ummuruq. Məsələnin mahiyyətini bir az da asanlaşdıraq. Onu deməliyik ki, bu dövr ərzində Azərbaycan heç də təkcə onu qabartmır ki, ABŞ-la Azərbaycanın münasibətləri bu bölgənin geosiyasətini dəyişib. Həmçinin, bu bölgədə hökmranlıq edən dairələrin qabağına sipər çəkib. Qərbin müxtəlif təhlükəsizlik siyasətində bu əməkdaşlıq əlaqələri rol oynayıb. Bu parametrləri sadalayaraq, bunun müqabilində reaksiyalar istəmirik. Məsəlinin başqa tərəfi var. Minsk Qrupunun konkret mandatı var. Həmin dövlətlər öz üzərlərinə öhdəliklər götürüblər. Əgər ABŞ bu prosesdə yer almasaydı, indi Azərbaycandan qalxan bu səslər fərqli üslubda olacaqdı. Bizim indiki reaksiyamızın real hüquqi əsasları var. ABŞ bu vasitəçilik prosesində yer alıb. Ötən dövr ərzində Azərbaycanın ərazi bütövlüyünü dəfələrlə tanıdığını rəsmilərin vasitəsi ilə dilə gətirən, həmçinin, departamentin sənədlərində əks etdirmiş ABŞ, axı bununla işini bitmiş saya bilməz. Tutaq ki, Almaniya dövləti istəyir ki, öz münasibətini sadəcə, reaksiya göstərməklə tamamlasın. Bəli, bu məsələnin tənzimlənməsində bir qurum var. Almaniyadan fərqli olaraq, ABŞ bu siyasətdə mühüm yer alıb. Ona görə də, əminəm ki, ABŞ-ın böyük mərkəzləri, siyasi institutları, dövlət idarəçiliyində iştirak edən nümayəndələri birmənalı şəkildə, siyasi bəyanatlar verməklə münasibətləri əvvəlki səviyyədə qoruyub saxlamağının mümkün olmadığını görəcək və strateji tərəfdaş probleminin həllini tələb edəcəklər. Bu kontekstdə yeri gəlmişkən, bir fikri vurğulamaq istəyirəm. Azərbaycan kiçik, ABŞ isə böyük ölkədir kimi məsələlərə cənab Prezident özü son müşavirədə münasibətini bildirib. Beynəlxalq münasibətlər sistemində hər hansı bir ölkə başqası ilə eyni corafi məkana və eyni sayda əhaliyə malik olmadığı üçün onları tamamilə bir-birindən ayırmaq lazımdır. İnsanlarda aşağılıq kompleksinin səviyyəsinə diqqət çəkmək istəyərdim. Bunu fil ilə qarışqanın davası kimi dəyərləndirməyə başlayıblar. Buna qədər insanlar özləri balacalıq kompleksini yaşayırlar. Azərbaycanın siyasi əhəmiyyəti, əhalisi və coğrafiyası çox-çox böyük ölkələrdən ABŞ üçün əvəzolunmaz dərəcədə böyükdür. Belə olan təqdirdə, deyirik ki, bu qarşıdakı kiçik zaman məsafəsi üçün ssenariləşdirilmiş proseslərdir. Azərbaycanın maraqları zərbə altında qoyulmamalıdır. Sarkisyanın ABŞ-a dəvəti Türkiyə və Azərbaycanın əleyhinə yönəldilmiş birmənalı sərt addım idi.
- Zahid müəllim, may ayında ABŞ-Azərbaycan hərbi təlimlərinin təxirə salınmasını Vaşinqton sammiti ilə əlaqələndirmək olar?
- Məsələni, bilavasitə buna bağlamaq istəmirəm. Çünki tamamilə rəsmi açıqlama olmadan bunu söyləmək yanlışdır. Çünki etiraf edək ki, ABŞ-Azərbaycan münasibətlərinin soyuqlaşmasının olmasını istəyən xarici dairələr də az deyil. Onu da nəzərə alsaq ki, müqəddəs yer boş qalmır. Onun yerini tutmaq üçün regional güclər açıq çarpışmalar aparmaqdadır. Ağ Ev onu nəzərə almalıdır ki, İranın son dövrlər regionda müxtəlif siyasi təşəbbüslərlə çıxış etməsi, həmçinin, Qarabağ danışıqlarında yer almaq niyyətləri və s. Amerkanın bu bölgəyə yönələn siyasətində lənglik, qeyri-müəyyənlik, bir sıra hallarda isə geçikmələrilə bağlıdır. Başqa tərəfdən də, ABŞ-ın strateji planları, məhz Azərbaycandan keçib gedərək, həyata keçirilə bilər. Başqa ölkə mövcud deyil. Gürcüstanın dünya siyasətinə verə biləcəyi töhfələr böyük deyil. Nəzərə alsaq ki, adıçəkilən ölkənin Rusiya ilə mövcud problemi ABŞ-dan bu bölgədə mühüm tərəfdaşlara münasibətdə müdrik olmağı tələb edir. Belə olan təqdirdə, Azərbaycanın qarşıdakı maraq və mənafeləri ABŞ tərəfindən nəzərə alınacaq. Hərbi təlimlər bir neçə ildir ki, NATO-nun tərəfdaşlıq üzrə əməliyyat proqramının mühüm hissəsi kimi reaallaşmaqdadır. Bu birgə təlimlər hər iki ölkənin faydasınadır. Mahiyyətcə, bir çoxları bunu ABŞ və Azərbaycan arasındakı hərbi alyans kimi nəzərdən keçirib, bu bölgənin hərbi-siyasi balansında mühüm amil kimi dəyərləndirirdi. İndi ölkəmizin bu məsələdə qərar verməsinin ola bilsin ki, texniki səbəbləri var. Amma ikinci tərəfdən, digər siyasi səbələri də ola bilər. Dövlətlərarası səviyyədə təhlükəsizlik məsələləri üzrə məsləhətləşmələr keçirilən zaman Departamentin sənədlərindəki yanlışlıqlara görə, Azərbaycan həmin danışıqlara qatılmadı. Qısa bir zaman gərək oldu ki, problemlər ortadan götürüldü. Ondan sonra Araz Əzimovun rəhbərlik etdiyi həmin kommisiya Vaşinqtona getdi və orada danşıqlarda iştirak etdi. Təhlükəsizlik istiqamətində çoxdan bəri hazırlanan müəyyən sənədlər var. Hələ də onun üzərində tam anlaşma başa çatmayıb. Ona görə də, hesab edirəm ki, qarşıdakı dövr üçün ABŞ bu bölgəyə yönəldilmiş siyasətinin dəqiq trampitlərini bir daha açıqlamalıdır. Barak Obama adminstarsiyası Cənubi Qafqazda bu ölkənin maraqlarını xeyli dərəcədə geri çəkilməsi ilə özünü nümayiş etdirir.