“Müxalifət parlament seçkilərində heç bir uğur qazana bilməyəcək"
- Bir müddət bundan öncə, ADP, Müsavat və "Ümid" partiyalarının iştirakı ilə yeni siyasi blokun yaradılacağını bildirmişdiniz. Amma sonradan bu məsələ mətbuatda təkzib edildi. Bununla, onların sizi çıxılmaz vəziyyətdə qoyduqlarını demək olar?
- Bu, düzgün məlumat deyil. Çünki ADP, Müsavat, "Ümid" və ALDP arasında yox, sadəcə, ADP, "Ümid" və ALDP arasında seçkilərdə birgə iştirak etməklə bağlı müzakirələr aparılırdı. Amma ADP-nin adını belə bilmədiyim sədr müavininin məlumatı düzgün deyildi. Partiyanın sədri Sərdar Cəlaloğlu da bildirdi ki, danışıqlar olub və heç bir nəticə yoxdur. Bizim S.Cəlaloğlu ilə danışıqlarımız olmuşdu və müəyyən razılığa gəlmişdik. Bu razılıq ondan ibarət idi ki, seçkilərdə birgə iştirak edək və seçki dairələri üzrə namizədlərin müəyyənləşdirilməsində qarşılıqlı güzəştə gedək. Bundan sonra məlum oldu ki, ADP də bizimlə yanaşı, "Ümid" partiyası ilə danışıqlar aparıb. Ona görə də, qeyri-ciddi bəyanatlar verirdilər. Təbii ki, S.Cəlaloğlu ilə bu barədə söhbətimiz var. Bütün bunlara baxmayaraq, ALDP növbəti parlament seçkilərində iştirak edəcək. Müxalifət partiyası olaraq, dünən partiyanın rəyasət heyətinin iclası keçirildi. Orada qərar qəbul olundu ki, qurultaya qədər namizədləri müəyyənləşdirək və dairə-seçki komissiyaları üzrə müxalifətin ən real namizədinə güzəştə gedək. Bu istiqamətdə partiya daxilində işlər görülür. Hesab edirəm ki, ALDP ümummüxalifət birliyinə nail olacaq. Çox təəssüf ki, bəzi müxalifət partiya rəhbərləri öz şəxsi maraqlarını ümumi müxalifətin və hətta rəhbərlik etdiyi partiyanın maraqlarından üstün tutur. Ona görə də bu birliklər reallaşmır.
- Bəzi ADP rəsmiləri mətbuata açıqlamasında sizin S.Cəlaloğlu ilə görüş keçirməniz barəsində məlumatlarınızı təkzib edib. Ümumiyyətlə, ADP sədri ilə görüşünüz olubmu və orada hansı nəticəyə gəlinib?
- ADP rəsmiləri belə bir görüşün keçirilməsini təkzib etməyiblər. Sadəcə olaraq, ondan xəbərsiz olduqlarını söyləyiblər. Qeyd etdiyim kimi, belə bir görüş olub. Çox təəssüf edirəm ki, ADP funksionerləri sədrlərinin gündəlik iş rejimindən xəbərsizdirlər. Ona görə də, bu cür bəyanatlar verirlər. ALDP-nin rəyasət heyəti mənə belə bir səlahiyyət verib ki, bu istiqamətdə digər partiyalarla da danışıqlar aparım.
- Fuad bəy, məlumatlara əsasən, Böyük Quruluş, Ədalət və Bütöv Azərbaycan Xalq Cəbhəsi partiyaları parlament seçkilərinə blok şəklində qatılmağı planlaşdırır. Nə üçün siz həmin qurumlarla deyil, radikal partiyalarla seçkilərdə birgə iştirak etməyə üstünlük verirsiniz?
- Biz, sadəcə olaraq, müxalifətin ümumi birliyinə nail olmaq istəyirik. Çünki bugünkü müxalifət çox pərakəndə vəziyyətdədir. Daha konkret desək, müxalifət partiyaları pis gündədir. Onların bir-birini agent adlandırması və digər bu kimi ittihamlar onların birliyinə xələl gətirən amillərdəndir. Lakin ALDP ona çalışır ki, müxalifət partiyaları bir yerdə olsun və bir-birinin irəli sürdüyü namizədləri müdafiə etsin. Sualınızda qeyd etdiyiniz partiyalarla 2008-ci ilin prezident seçkilərində birgə təmsil olunsaq da, parlament seçkilərində tamamilə başqa fikirdəyik. Çünki həmin partiyaların mövqeyi ilə bizim mövqeyimizlə üst-üstə düşmür. Onların seçkilərə baxışı bizimkindən fərqlidir. Bir daha bildirirəm ki, mən müxalifət partiyalarının seçkilərdə vahid mövqedən çıxış etməsini arzu edirəm. Əgər ALDP-nin mövqeyi hansısa siyasi partiyanın və ya blokun mövqeyi ilə uyğun gəlirsə, biz seçkilərdə onlarla birgə iştirak etməyə tərəfdarıq.
- Müxalifətin pərakəndəliyi fonunda parlament seçkilərində onların perspektivini necə görürsünüz?
- Sözsüz ki, belə bir vəziyyətdə müxalifətin qələbəsindən danışmaq olmaz. Çünki biz dəfələrlə müxalifətə birləşməklə bağlı çağırışlar etmişik. Onlara bildirmişik ki, əgər bu birlik alınmazsa, deməli, müxalifət parlament seçkilərində heç bir uğur qazana bilməyəcək. Müxalifətin bütün dövrlərdə buraxdığı səhvlər bu gün də davam etdirilir. Bu baxımdan, qarşıdakı seçki prosesi onlar üçün sonuncu şansdır. Onların budəfəki məğlubiyyətləri isə, sonrakı proseslərdə mövcudluğunu tamamilə şübhə altına alır. Belə ki, müxalifətin öz şəxsi ambisiyalarından çıxış edərək, müxalifətin birliyinə cəhd göstərməməsi hazırkı vəziyyətə əsaslı zəmin yaradır.
- Son vaxtlar bəzi xarici qüvvələr müxalifət partiya sədrlərindən yararlanmağa çalışırlar. Daha konkret desək, Müsavatın icazəsiz mitinq keçirməyə cəhd göstərməsi, AXCP (i) sədri Əli Kərimovun "Vaşinqton-Post" qəzetində məqaləsinin dərc olunması xarici sifarişlə əlaqələndirilir. Azərbaycan vətəndaşı olaraq, bunlar sizdə hansı təəssüratı oyadır?
- Əlbəttə, bəzi daxili və xarici qüvvələr Azərbaycanda sabitliyi pozmağa və bu işdə müxalifət rəhbərlərindən istifadə etməyə çalışırlar. Təəssüf hissi ilə qeyd edirəm ki, bu cür məqamlar var. Onların tutduqları bu cür hərəkətlərlə özlərinə dividend qazanmaq istəmələri əsassızdır. Təbii ki, müxalifətə dəstək verən xarici qüvvələr onun müqabilində onlardan Azərbaycan dövlətçiliyi əleyhinə hansısa addımların atılmasını tələb edəcək. Müxalifət partiyaları da bunun qarşılığında onların qarşısında müəyyən öhdəliklər götürürlər.