"Sarkisyanın başının üzərindən iki Domokl qılıncı asılıb: ABŞ və Rusiya"
- ABŞ prezidenti Barak Obama ilə Ermənistan prezidenti Serj Sarkisyan arasında keçirilən görüşdə tərəflərin hər iki ölkənin bayraqlarının əksinə olaraq əyləşmələri prosesi baş verdi. Sizcə, bu bilməyərəkdənmi baş verdi, yoxsa Obamanın Ermənistana dəstəyinin göstəricisi idi?
- İstənilən tərəf təsdiq olunmuş protokol qaydalarına əməl etməlidir. Məncə, bu səhvə, ilk növbədə, Obama yol verib. Sarkisyan da ondan naşı olduğu üçün heç nəyin fərqinə varmadan boş qalan digər oturacaqda əyləşib. Protokolu tənzimləyən şəxslər isə bu yanlışı düzlətməyə ya cürət etməyiblər, ya da onların xatırlatması əhəmiyyətsiz olub.
- Ola bilərmi ki, ABŞ bu jesti ilə Rusiyaya Cənubi Qafqazdakı iddialarından əl çəkməyəcəyini bildirib?
- Fikrimcə, bu hadisə hər iki ölkə prezidentinin ucbatından baş verən çox ciddi bir yanlışlıqdır. Bunun məcazi yozumunu axtarmaq lazım gələrsə, demək olar ki, Ermənistanı Rusiyanın ağuşundan çıxararaq, Qərbə inteqrasiyasını sürətləndirməyə cəhd edilir. Bu mənada, Qərb Ermənistan üzərində müəyyən təsirlərə malikdir. Amma son dövrlərdə MDB məkanında uğur qazanan dövlətin Rusiya olduğunu nəzərə alsaq, onun təsiri altında olan bir ölkənin bu təsirdən yayınaraq, ABŞ-ın təsiri altına düşəcəyi barədə düşünmək ciddi risq tələb edir. Belə olarasa, ən azından, demək olar ki, Ermənistanda bir gün içərisində hakimiyyət dəyişikliyi baş verə bilər.
- Qabil bəy, Ərdoğan-Obama-Sarkisyan görüşündə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində hansı nikbin nəticəyə gəlmək olar?
- Düzdür, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan keçirdiyi bütün görüşlərdə bu məsələni qaldırdı. Dağlıq Qarabağ məsələsində Türkiyənin hər zaman prinsipial mövqe tutacağını bildirdi. Ermənistan-Azərbaycan münaqişəsi xatırlansa da, bu, hələ danışıqlar prosesi idi. Bu görüş Ermənistan-Türkiyə münasibətlərini özündə ehtiva edən və Amerikanın qəyyumluğu altında keçirilən bir görüş idi. Türkiyənin mövqeyi Ermənistana müəyyən qədər təsir göstərə bilər. Ancaq Dağlıq Qarabağ münaqişəsinin həll ediləcəyi və ya Ermənistanın yeniləşdirilmiş Madrid prinsiplərini qəbul edəcəyi kimi yanlış fikirlərə gəlmək olmaz. Dağlıq Qarabağ münaqişəsinin həllində bu görüşlərin həlledici rolu olduğunu və əhəmiyyət kəsb etdiyini söyləmək çətindir.
- Hər zaman deyilir ki, Dağlıq Qarabağ münaqişəsinin açarı Rusiyanın əlindədir. Azərbaycan tərəfi hansı addımları atmalıdır ki, Rusiya bu açarı Azərbaycana təhvil versin?
- Rusiya ilə Ermənistan arasında münasibətlərin bir-iki günlük tarixi yoxdur. Bu münasibətlər tarixi xarakter daşıyır, möhkəm ideoloji zəmin üzərində oturub. Pyotrun vəsiyyətlərindən bu günə kimi, Rusiyadakı bütün imperatorların, eləcə də, sovet dövrü rəhbərliyinin Ermənistana qarşı xüsusi münasibəti olub. Ermənistan dövlətçiliyinin bərpa edilməsi, onların köçürülərək hazırkı ərazilərə gətirilmələri, Dağlıq Qarabağ məsələsinin problem kimi ortaya çıxması, daha sonra bunun müharibəyə çevrilməsi və müharibədə Azərbaycan torpaqlarının işğal edilməsi, məhz rusların yaxından köməkliyi ilə həyata keçirilib. Ona görə də, Rusiyanı bu proseslərdə neytrallaşdırmağa və ya onu öz tərəfinə çəkməyə cəhd göstərmək belə yersizdir. Çünki Rusiyanın Ermənistanda hərbi bazaları var və buranı özünün forpostu adlandırır. Yəni, Rusiya bu dövlətlə əlahiddə münasibətlərə malikdir. Amma Azərbaycanın səyləri ona yönəlməlidir ki, Rusiya Gürcüstana bəslədiyi kimi, bizə də aqressiv münasibət bəsləməsin. Çalışmalıyıq ki, Rusiya ilə qonşuluq münasibətlərini qoruyub saxlayaq və Azərbaycan tərəfi buna nail ola bilir.
- Hər kəsə bəllidir ki, Ermənistan siyasi, iqtisadi, sosial cəhətdən çökmə prosesi yaşayır. Belə olan halda, demək olarmı ki, Ermənistan Amerikaya yaxınlaşdığı üçün Rusiya tərəfindən cəzalandırıla və məlum Qırğızıstan hadisələri orada baş verə bilər?
- Qərbə inteqrasiya, Amerika ilə münasibətlərin yaxşılaşdırılması prosesləri hələ yenicə başlayır. Bu münasibətlərin davamının olub-olmayacağını isə gələcək göstərər. Əgər Rusiya görsə ki, Ermənistan onun təsirindən uzaqlaşır və tamamilə Qərbin təsiri altına düşür, onda cəzalandırma prosesi dərhal baş verəcək. Beləliklə də, Ermənistanda hakimiyyət dəyişikliyi baş verəcək. İkincisi, Ermənistanda hakimiyyət dəyişikliyini şərtləndirən və yaxud mövcud hakimiyyəti təhdid edən təkcə Rusiya deyil. Ermənistandakı müxalifət də artıq hakimiyyəti təhdid etmək dərəcəsinə gəlib çatıb. Bu onunla şərtlənir ki, vaxtilə iqtidarda olmuş, amma indi onlardan uzaqlaşan qüvvələr, xüsusilə, Ermənistanın keçmiş prezidenti Robert Köçaryan Sarkisyana düşmən mövqedədir. Bu nöqteyi-nəzərdən, Ermənistan prezidentinin başının üzərindən iki Domokl qılıncı asılıb. Bu qılınclardan hər ikisi təhlükəlidir və hər an işə düşə bilər. Ona görə də, Sarkisyanın Dağlıq Qarabağ məsələsində müəyyən siyasi manevrlərə getmək cəhdi hakimiyyət qoruyub-saxlamaq istəyindən irəli gəlir.