PDF Oxu

Müsahibə

  • 7

Müharibə bu gün də davam edir

Müharibə bu gün də davam edir
- ABŞ-da Barak Obama-Rəcəb Tayyib Ərdoğan-Serj Sarkisyan arasında keçirilən görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ciddi müzakirələrin aparıldığı və hətta prinsipial razılığın əldə olunduğu bildirilir. Bu barədə nə deyə bilərsiniz?
- Vaşinqtonda aprelin 12-13-də "Nüvə təhlükəsizliyi" üzrə 47 ölkənin iştirakı ilə keçirilən tədbirdə Türkiyə və Ermənistan prezidentləri arasında görüşün keçirilməsi ideyası yaranmışdı. Elə bu məqsədlə hər iki prezident prinsip etibarilə bu görüşün keçirilməsində maraqlı olduğunu nümayiş etdirmişdilər. Təbii ki, ideya müəllifi kimi ABŞ çıxış edirdi. Təsadüfi deyil ki, Türkiyənin xarici işlər nazirinin müavini Firudin Sınıroğlunun həm Ermənistana, həm də Azərbaycana səfəri oldu və hər iki ölkənin prezidentinə Türkiyə Baş nazirinin məktubunu çatdırdı. Bu səfərdə bu fikir bir daha təsdiqini tapdı ki, Vaşinqtonda hər iki dövlətin rəhbərlərinin görüşü keçiriləcək. Diqqəti cəlb edən əsas sual budur ki, bu görüş əvvəlkilərdən nə ilə seçiləcək. Yəni, budəfəki görüşdə hansısa irəliləyişin əldə olunacağına ümid bəsləməyə dəyərmi?! Əvvəla, bununla bağlı Türkiyə KİV-ində artıq belə bir fikir yayılmışdı ki, bu görüşdə ABŞ tərəflərə yeni yol xəritəsi təqdim edəcək. Yol xəritəsinin mahiyyəti, əslində, bu günə kimi ratifikasiyası baş tutmayan protokolların ratifikasiyasının qrafiki ilə bağlıdır. Daha konkret desək, ratifikasiya gününü yaxınlaşdıran və onun reallaşmasını sürətləndirən addımlardır. Bu baxımdan, təbii ki, görüş əhəmiyyət kəsb edirdi. Əgər ABŞ protokolların ratifikasiyası ilə əlaqədar yol xəritəsi təqdim edir və təzyiqlərə keçirsə, onda Turkiyənin bu təzyiqlərə davamlılıq vəziyyətinin necə olacağı maraq doğurur. Doğrudanmı, Türkiyə əvvəlki mövqeyindən geri çəkiləcək?
Görüş Bakı vaxtilə 18.30-da reallaşıb. Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanla Ermənistan prezidenti Serj Sarkisyanın görüşü, təxminən saat yarım çəkib. Bu müddət ərzində ikitərəfli münasibətlər, müzakirə olunub. Dağlıq Qarabağ problemi ilə bağlı tərəflərin mövqeyində hər hansı dəyişikliklərin olub-olmamasına gəldikdə isə, bununla bağlı konkret fikir yoxdur. Qeyd edim ki, görüşdən sonra tərəflər bəyanatla çıxış etməyiblər. Amma Ərdoğan Corc Meysin Universitetində söylədiyi nitqində bildirib ki, biz bütün məsələlərlə bağlı danışıqlar apardıq və bir daha bəyan etdik ki, 1915-ci ildə qondarma genosid məsələsi olmayıb. Burada həm türklər, həm də ermənilər ziyan çəkib. Nəhayət, bu məsələlərin tənzimlənməsi və həlli ilə komissiya məşğul olmalıdır. Bizim bütün arxivlərimiz açıqdır və eyni qaydada, Ermənistan arxivlərinin açılmasını tələb edirik. Eyni zamanda, o, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı da mövqeyini açıqlayıb. Mövqeyi ondan ibarətdir ki, Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasında rəsmi Ankara olduqca maraqlıdır. Lakin bu prosesə gedən yol Dağlıq Qarabağ münaqişəsinin həllindən keçir. Maraqlıdır ki, Sarkisyan da bu görüşdən sonra öz mövqeyini bildirib. Onun mövqeyinə görə, ermənilər 1915-ci il qondarma erməni soyqırımı məsələsi ilə bağlı tutduqları yoldan heç bir halda geri dönən deyillər. O, qeyd edib ki, Türkiyə ilə münasibətlərin normallaşmasında ilkin şərti qəbul etmirik. Eyni zamanda, Türkiyənin münaqişənin həllində mühüm rol oynaması iddiasını qəbul etmirik.
- Konkret olaraq, görüşdə hər hansı razılıq əldə olunubmu?
- Saat yarımlıq görüşdə ciddi fikir ortaqlığı meydana gəlməyib. Yəqin ki, bunun nəticəsidir ki, ABŞ həmin gün Bakı vaxtı ilə saat 22.00-da protokolda nəzərdə tutulmayan növbəti görüşün keçirilməsinə nail olub. Bu görüşdə isə, ABŞ dövlət katibinin köməkçisi Filipp Qordon da iştirak edib. Üçtərəfli danışıqlarda belə fikirlər səslənib ki, ABŞ hər iki tərəfə yol xəritəsi deyilən planını təqdim edib və bu məxfi xarakter daşıyır. Belə olan halda, tərəflərin bununla bağlı mövqeyini gözləyirlər. Ən son məlumata görə, Obama ilə Sarkisyanın da 45 dəqiqəlik görüşü olub. Ağ Evin Mətbuat Katibliyinin yaydığı xəbərə görə, Obama Ermənistan və Türkiyənin münasibətlərin normallaşması ilə bağlı atdığı addımları dəstəkləyir. Bu prosesə kömək etməkdə hər zaman maraqlıdır. Nəticənin, konkret olaraq, nədən ibarət olacağını isə, növbəti görüşlərdən sonra biləcəyik.
- Rusiyanın iştirakı və razılığı olmadan Ermənistan tərəfinin ABŞ-da hər hansı prinsipial razılığa gəlməsi nə dərəcədə realdır?
- Ermənistan bütün mənalarda Rusiyadan asılı olan bir dövlətdir. Belə prinsipial məsələdə qəti addım atması mümkün deyil. Amma Rusiyanın prinsip etibarilə Ermənistan-Türkiyə münasibətlərinin normallaşması xəttini müdafiə etdiyini nəzərə alsaq, bunun mümkünlüyünü söyləmək olar. Çünki Ermənistan onun starteji müttəfiqidirsə, Türkiyə isə Rusiyanın strateji tərəfdarıdır. Bir faktı qeyd edim ki, əgər bu gün strateji müttəfiq olaraq, ABŞ və Türkiyə arasındakı ticarət dövriyyəsi 15 milyard ABŞ dolları təşkil edirsə, Rusiya və Türkiyə arasında isə, bu rəqəm 38 milyard dollar təşkil edir. Nəticədə, Rusiyanın hər iki tərəflə çox sıx əlaqələri olduğundan, bu münasibətlərin yaxınlaşmasının lehinədir. Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindəki mövqeyində hər hansı dəyişikliyin olması da rəsmi Moskvanın təzyiqi ilə baş tuta bilər. Lakin belə bir təzyiq yoxdur. Çünki Ərdoğanla keçirdiyi görüşdən sonra Sarkisyanın səsləndirdiyi fikirlər, onu deməyə əsas verir ki, onların mövqeyində kompromisə meyillilik hiss olunmur. Hər kəsə bəllidir ki, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması layihəsinin müəllifi və əsas söz sahibi ABŞ-dırsa, əksinə, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində bu missiyanı Rusiya yerinə yetirir. Ona görə də, bu münaqişədə, təkcə Ermənistan və Azərbaycanın adını deyil, digər iki oyunçunun, Rusiya və ABŞ-ın da adlarını qeyd etmək lazımdır. Bunların öz aralarında gəldikləri razılaşma Dağlıq Qarabağ münaqişəsinin həllində olduqca ciddi faktordur. Hələ ki, bu tendensiya müşahidə olunmur.
- Sarkisyan ABŞ səfəri ərəfəsi birmənalı şəkildə, bəyan edib ki, "Dağlıq Qarabağ xalqı" öz müqəddəratını həlletmə prinsipindən və mübarizəsindən geri çəkilməyəcək. Onun sözdə sülhə meyillilik nümayiş etdirdiyi halda, əməli fəaliyyətində qeyri-ciddiliyə söykənməsinin arxasında dayanan səbəbləri nə ilə izah etmək olar?
- Sarkisyan, həmçinin, belə bir fikir söyləyib ki, biz Türkiyə ilə münasibətlərin normallaşmasında artıq qərar qəbul etmişik. Amma həmin qərarı vaxtı çatanda qeyd edəcəyik. Onun intriqalı bəyanatı ABŞ-da da çox böyük ajiotaja səbəb olub ki, əslində, bu qərarın mahiyyəti nədən ibarətdir. Həqiqətən, Sarkisyan münaqişənin sülh yolu ilə həllində maraqlı olduğunu bildirsə də, paralel olaraq, burada əsas söz sahibinin Dağlıq Qarabağda yaşayan əhali olduğunu qeyd edir. Onların öz müqəddəratını təyinetmə hüququnun tanınması Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasına gətirib çıxara bilər. Bu açıqlamanın əsas mənası ondan ibarətdir ki, Azərbaycan Dağlıq Qarabağın müstəqilliyini tanısın, bunun əvəzində isə biz Dağlıq Qarabağın hüdudlarından kənar torpaqları Azərbaycana qaytaraq. Bu, Sarkisyanın xülyası və istəyidir ki, onu da bu formada çatdırır. Halbuki münaqişə Dağlıq Qarabağa görə, başlayıb. Onun məsələyə bu cür yanaşması, onu göstərir ki, hələ Ermənistan siyasi rəhbərliyi münaqişənin dinc yolla həllinə hazır deyil.
Münaqişənin dinc yolla həllinin iki üsulu var. Birincisi, Sarkisyanın timsalında Ermənistanın siyasi rəhbərliyi siyasi iradə nümayiş etdirmək iqtidarında olmalıdır. Lakin onlar belə bir iradənin sahibi deyil. Çünki o saxta yolla prezident seçilib və sosial bazası sıfıra bərabərdir. Bu, onun hakimiyyətinin sonuna gətirib çıxara biləcəyi üçün çox risqlidir. İkincisi, bu prosesdə beynəlxalq güclər, xüsusilə, ABŞ, Fransa və Rusiyanın Ermənistana təzyiqləri olmalıdır. Ermənistana münaqişənin həlli ilə bağlı kompromisə gəlməsi üçün heç bir təzyiq göstərilmir. Ən azından, Rusiya onlara hər zaman kömək əlini uzadır. Hər iki variant olmadığı halda, hərbi yola inam artır. Beynəlxalq konnekturanı nəzərə alsaq, bu variantın indiki halda reallaşması məqsədəuyğun sayılmır. Buna görə də, münaqişənin həllində qeyri-müəyyənlik var. Sarkisyan da bu reallıqlardan çıxış edərək, qeyri-ciddi bəyanatlar səsləndirməkdə davam edir.
- Elman müəllim, belə çıxır ki, müharibə variantı qaçılmazdır?
- Müharibə bu gün də davam edir. Sadəcə, 1994-cü ildə imzalanmış atəşkəs sazişi var. Bu, müharibənin tamamilə dəyişdirilməsi deyil, müvəqqəti sakitlik üçün əldə edilmiş bir sənəddir. Bu baxımdan, sadəcə olaraq, müharibənin aktiv fazasının olmadığını söyləmək olar. Təbii ki, istənilən halda, müharibənin yenidən başlanması mümkündür. Çünki o dayanmayıb.
- Ermənistanın keçmiş baş naziri verdiyi açıqlamasında bildirib ki, bu ilin may ayında müharibə bərpa oluna bilər. Sizin proqnozunuz nədən ibarətdir?
- Aprelin 24-ü, qondarma erməni soyqırımı gününə kimi bu məsələlər çox gündəmə gətiriləcək. Haqqında bəhs etdiyiniz məsələlərlə bağlı siyasi ab-havanın temperaturu yüksələcək. Əslində, aprel ayından sonra proseslərin sakitləşməsi müşahidə olunacaq. Hələlik, müharibənin başlanması ehtimalı yoxdur. Çünki bütün dünya müharibənin başlanmasının əleyhinədir. Müharibəni başlamaq hər zaman Azərbaycanın hüququdur və bu mövqe ilə o, çıxış edir. Bu məsələdə Azərbaycanın müttəfiqi isə Türkiyədir. Amma digər dövlətlər ölkəmizin BMT nizamnaməsinin 51-ci, özünü müdafiə hüququ maddəsi ilə əlaqədar addımlarını müdafiə etmir. Buna görə də, Sarkisyan Azərbaycana müharibə etməyəcəyinə dair beynəlxalq saziş imzalamağı tövsiyə edirdi. Hesab edirəm ki, may ayında müharibənin başlanması ilə bağlı simptomlar, hələ ki, görünmür. Lakin torpaqları işğal altında olan bir ölkə hər zaman müharibəyə hazır vəziyyətdə olmalıdır.
- Ermənistan bütün sferalarda çökmə prosesini yaşayır. Bunun fonunda xalqla hakimiyyət arasında çox dərin uçurum mövcuddur. Necə düşünürsünüz, bunlara əsasən, demək olarmı ki, Qırğızıstan olayları Ermənistanda da yaşanacaq?
- Təbii ki, bu, mümkündür. Çünki Ermənistanda bütün sferalarda iflas prosesi gedir. Lakin nə qədər paradoksal səslənsə də, bu ölkədə iqtisadi, siyasi və s. sahələrdə nə qədər uçurum yaranmasa da, Ermənistan hakimiyyətinin münaqişənin həllində güzəştə getmək imkanları bir o qədər azalır. Belə ki, vəziyyət pisləşdikcə, hakimiyyətin sosial dayaqları zəifləyir, onun məhv olmaq ehtimalı artır. Bunlar azmış kimi, Ermənistan hakimiyyətinin Dağlıq Qarabağla bağlı hər hansı güzəştə getməsi müxalifətin sıralarının genişlənməsinə səbəb ola bilər. Yəqin ki, bu reallığı nəzərə alaraq, Sarkisyan hökumətinin münaqişənin həllində ciddi addım atması ağlabatan deyil.

Digər xəbərlər