PDF Oxu

Müsahibə

  • 13

Bu il də Azərbaycanda iqtisadi artım dünyanın orta göstəricisindən yüksək olacaq

Bu il də Azərbaycanda iqtisadi artım dünyanın orta göstəricisindən yüksək olacaq
- Əli müəllim, "Regionların Sosial-İqtisadi İnkişafı" Dövlət Proqramının ikinci hissəsində nəzərdə tutulan tədbirlərin Azərbaycanın iqtisadi, siyasi və sosial məsələlərinin həllindəki rolunu necə qiymətləndirirsiniz?
- 2004-2008-ci illəri əhatə edən "Regionların Sosial-İqtisadi İnkişafı" Dövlət Proqramının birinci hissəsi Azərbaycan regionlarının inkişafında çox mühüm bir addım oldu. Xüsusilə, regionlarda infrastruktur layihələrinin həyata keçirilməsi, orada çox kəskin xarakter daşıyan işıq, qaz və s. problemlərin həllində həlledici rol oynadı. Eyni zamanda, su probleminin həllində irəliyə doğru addımlar atıldı. Regionlarda yeni iş yerlərinin açılması istiqamətində müəyyən işlər görüldü. Sadalanan 4 problemin həllində Dövlət Proqramının rolu olduqca əhəmiyyətlidir. 2009-2013-cü illəri əhatə edən "Regionların Sosial-İqtisadi İnkişafı" Dövlət Proqramının ikinci hissəsi də eyniadlı Dövlət Proqramının birinci hissəsinin məntiqi davamıdır. Burada həm infrastruktur layihələrinin həyata keçirilməmiş hissələrinin həlli sürətlənəcək, həm də regionlarda kommunal problemlərin həlli, yeni iş yerlərinin açılması ilə bağlı kəmiyyətdən keyfiyyətə doğru dəyişikliklərin əldə olunması üçün əlavə tədbirlərin görülməsi nəzərdə tutulur. Hesab edirəm ki, 2009-2013-cü illəri əhatə edən Dövlət Proqramında hər bir region üçün planlaşdırılan tədbirlərin reallaşdırılması Azərbaycan regionlarının inkişafının yeni mərhələyə qədəm qoymasına imkan yaradacaq. Həmçinin, ölkədə neftdən kənar sahələrin inkişafının sürətlənməsinə çox mühüm təkan olacaq. Bu isə, Azərbaycanda balanslı inkişaf üçün mühüm əhəmiyyət kəsb edir. Mən də deputat seçildiyim Şəki şəhərində proqramda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi haqqında konsepsiya hazırlamışam. Orada bilavasitə Şəkinin su ilə təchizatının yaxşılaşdırılması, yüksək əmək haqlı yeni iş yerlərinin açılması istiqamətində işlərin görülməsi, tarixi-mədəni abidələrin bərpa edilməsi vasitəsilə turizmin inkişafı üçün əlavə tədbirlərin həyata keçirilməsi, burada şimal regional universitetin yaradılması, abadlıq işlərinin genişləndirilməsi öz əksini tapıb. Bununla yanaşı, Şəkinin yenidən regional mərkəzə çevrilməsi, Şəki İpək Kombinatının fəaliyyətinin genişləndirilməsi üçün dövlət dəstəyinin göstərilməsi, ənənəvi sahələrin hərtərəfli inkişafı yönündə ciddi işlərin görülməsi nəzərdə tutulur.
- Əli müəllim, ölkədə yoxsulluğun 49 faizdən 11 faizədək enməsində Dövlət Proqramının rolunu nə dərəcədə vurğulamaq olar?
Dövlət Proqramı, sadəcə, əlahiddə proqram kimi həyata keçirməyib. O, həm də yoxsulluğun azaldılması ilə bağlı bir sıra tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Bu isə, regionlarda iqtisadi fəallığın artırılması, yeni iş yerlərinin açılması, kiçik və orta biznesin inkişaf etdirilməsi vasitəsilə yoxsulluğun azaldılmasına təsir göstərib. Ona görə də son illər Azərbaycanda yoxsulluğun azaldılmasında Dövlət Proqramının reallaşaması xüsusi əhəmiyyət kəsb edir.
- Ölkəmizdə ixrac potensialının gücləndirilməsində Dövlət Proqramının rolu hansı səviyyədə müəyyənləşdirilib?
- Regionların Sosial-İqtisadi İnkişafı" Dövlət Proqramının uğurla həyata keçirilməsinin istiqamətlərindən biri də Azərbaycanın neftdən kənar sahələrinin inkişaf etdirilməsidir. Bu, həm daxili bazarın tələbatının yüksək səviyyədə ödənilməsinə, həm də eksport potensialının artırılmasına yönələn bir məsələdir. Bu istiqamətdə artıq müəyyən işlər görülüb. Amma maliyyə böhranı Azərbaycanda bunun tam şəkildə ortaya qoyulmasına imkan vermədi. Hesab edirəm ki, yaxın illərdə kənd təsərrüfatı məhsullarının emalı ilə bağlı aqrar sənaye kompleksinin inkişafı, eləcə də, yeni texnika və texnologiyaya əsaslanan istehsal sahələri hesabına regionlarda olan məhsulların bir hissəsinin xaricə ixrac etmək imkanları genişlənəcək.
- 2009-cu ilin böhran ili olmasına baxmayaraq, Azərbaycan iqtisadiyyatı 9,3 faiz, sənaye müəssisələrində istehsal 8,4 faiz artıb. Qlobal maliyyə böhranının tam aradan qaldırılmamasını nəzərə alaraq, bu göstəricilərin 2010-cu ildə də özünü saxlayacağını söyləmək olar?
- Azərbaycan başqa ölkələrlə müqayisədə böhranın təsirinə az məruz qaldı. Bunu təkcə mən deyil, eyni zamanda, Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı və bir sıra müəssisə və təşkilatların ekspertləri bildirirlər ki, Azərbaycan bu böhrandan daha az itki ilə çıxdı. Ölkənin dayanıqlı olmasını statistik rəqəmlər də göstərir. Məsələn, 2009-cu ildə Rusiyada ümumi daxili məhsul (ÜDM) 8 faiz, Ermənistanda 14 faizdən çox, Ukraynada 16 faiz aşağı düşdüyü halda, Azərbaycanda 9,3 faiz artım olub. Orta MDB ölkələrinin göstəricisi isə mənfi 7 faiz olub. Proqnozlar onu göstərir ki, bu il də Azərbaycanda iqtisadi artım tempi həm MDB ölkələrinin, həm də dünyanın orta göstəricilərindən yüksək olacaq. Azərbaycan 2009-cu ildə böhranın ağır vəziyyətindən yüksək artım templəri ilə çıxdı. 2010-cu ildə 2009-cü illə müqayisədə böhranın müəyyən qədər səngiyib, kəskin enmələr arxada qalıb. Bu baxımdan, bu ildə dünya iqtisadiyyatında müəyyən canlanma hiss olunur. Təbii ki, Azərbaycanın özünün daxili və xarici faktorları belə bir fikir söyləməyə əsas verir ki, 2010-cu ildə də ölkə iqtisadiyyatında müsbət dinamizm özünü göstərəcək.
- Azərbaycan artıq xarici ölkələrə investisiya qoymağa başlayıb. Belə ki, 7 milyard ABŞ dolları məbləğində enerji və nəqliyyat sektoruna investisiya yatırılıb. Bu göstəricilərin ölkəmizə iqtisadi dividendlər gətirməsi ilə yanaşı, siyasi uğurları nədən ibarətdir?
- Bu, Azərbaycanın iqtisadi cəhətdən imkanlarının geniş olmasını, yeni bazarlara çıxmasını göstərir. Digər tərəfdən, bu göstəricilər regionda əməkdaşlığın genişlənməsinə, ölkəmizin bu sahədə aparıcı rol oynamasına, iri kapital tələb edən layihələrdə Azərbaycanın öz vəsaiti hesabına iştirak etməsinə, proseslərdə söz sahibinə çevrilməsinə gətirib çıxaracaq. Əgər bu proses sistemli və məqsədyönlü şəkildə aparılarsa, Azərbaycanın regionda rolunu artırmaqla yanaşı, onun həllini də sürətləndirəcək.

Digər xəbərlər