Meyvə və tərəvəz bitkilərinin ixracı artırılır
- Sabir müəllim, bu il nə qədər sahədə taxıl əkilib?
- 900 min hektara yaxın sahədə buğda və arpa əkilib.
- Sahibkarların yüksək məhsul almaları üçün dövlət tərəfindən yardım ayrılıbmı?
- 80 milyon manat vəsait ayrılıb. Güzəştli şərtlər əsasında fermerlərə kübrə və digər lazım olan texniki avadanlınlarla yardım edilib.
- Sabir müəllim, Milli Məclis tərəfindən "Arıçılıq" haqqında qanun qəbul olundu. Amma "Pambıqçılıq haqqında" qanunun qəbulu gecikir. Bu qanunun qəbulu pambıqçılıq sahəsinin inkişafına hansı yeni imkanları yarada bilər?
- Dövlətin qanunla əksini tapan konkret vəzifələri var. Ola bilsin ki, dövlət tərəfindən pambıqçılığa ayrıca vəsait ayrılsın. Qanun qəbulu pambıqçılıqla məşğul olan fermer təsərrüfatlarına fəaliyyətlərini beynəlxalq prinsiplər əsasında qurmalarına şərait yaradacaq. Təsərrüfatlar xarici ölkələrin sənaye müəssisələri ilə əlaqələr qurmalarına da imkanlar qazanacaqlar. Yəni qanunu qəbulunun əsas əhəmiyyəti beynəlxalq səviyyə ilə bağlıdır.
- Ölkə Prezidenti qarşıda duran əsas vəzifələrin istehsalın artırılması, ixrac potensialının gücləndirilməsi olduğunu söyləyib. Bu mənada, kənd təsərrüfatı məhsullarının xarici ölkələrə ixracı hansı səviyyədədir?
- Meyvə və tərəvəz bitkilərinin ixracının artırılması sahəsində geniş və əhatəli işlər görülür. Şərabçılıq, konserv məhsulları və digər ixrac potensialına zərurət olan məhsulların ixracının artırılması sahəsində də müvafiq addımlar atılır. Bütün bu ixracatı sahibkarların özləri həyata keçirir, dövlət isə dəstəkləyir. Ukrayna, Belorus, Rusiya, digər yaxın və uzaq ölkələrdə Azərbaycan məhsullarının satışı təşkil olunur
- Çəltik sahələrinin inkişaf etdirilməsi ilə bağlı nə deyə bilərsiniz?
- Çəltik ağır xərc tələb edir. Bu bitki suyun içində becərilir. Həmin bitki su ilə becərildiyinə görə, inkişafını təmin edə bilmədim. Çünki bizim kifayət qədər su ehtiyatımız yoxdur. Onun becərilməsinin maya dəyəri ərsəyə gətirilmədən daha baha başa gəlir. Əziyyətli işdir.
- Subtropik meyvələrin yetişdirilməsi sahəsində vəziyyət nə yerdədir?
- Cənub bölgəsində subtropik meyvələr yetişdirilir. Bağlar salınır. Amma çay bitkisi ilə bağlı problemlər var. Bu da, ondan ibarətdir ki, Ərzaq Təhlükəsizliyi Dövlət Proqramında da çay məhsulunun 3 min tona çatdırılması nəzərdə tutulub. Amma emal müəssisələri özəlləşmədiyinə görə, çay plantasiyalarında uyğunsuzluq müşahidə olunur. Çünki bunun üçün uzunmüddətli kredit tələb olunur. Çay plantasiyası 8 ildən sonra məhsul verir. Sahibkar isə 8 il gözləmək fikrində deyil. Ona görə ki, o, ailəsini hər ay dolandırmaq haqqında düşünür. Digər tərəfdən çay plantasiyalarının salınması üçün kreditə ehtiyac var. Bu isə, ən azı 15 illik kredit olmalıdır. Hələ ki, sahibkarlar tərəfindən belə bir təşəbbüskarlıq yoxdur. Zorla da əkdirmək olmaz.