Azərbaycanın neft və qaz sənayesi sürətlə inkişaf etməkdədir
- Neft-qaz sənayesində uğurlu nəticələr əldə olunmaqdadır. Azərbaycan hökumətinin bu sahədəki fəaliyyətini necə qiymətləndirirsiniz?
- Azərbaycanda bu sahə yüksələn xətlə inkişaf etməkdədir. Neft hasilatı ildən-ilə artmaqdadır. Qaz hasilatının artması sahəsində problem isə ondan ibarətdir ki, istehlak bazarında qaza olan tələbat azdır. Gələn ildən Rusiyaya satılan qazın həcminin artırılması niyyəti var və bu da qazın hasilatının artırılmasına səbəb olacaq. Əvvəldə də qeyd etdiyim kimi, son illər neft hasilatında artım mövcuddur. Belə ki, 2008-ci ildə Azərbaycanda 44 milyon ton, 2009-cu ildə 50 milyon tondan artıq neft hasil olunub. Hökumət proqnozlaşdırır ki, bu il respublikamızda 53 milyon ton neft hasil olunacaq. Gələn il ölkəmizdə 57 milyon tona yaxın neft hasil ediləcək. Neft məhsullarının dünya bazarında qiymətinin artması ölkəmizə çoxlu vəsaitin daxil olması deməkdir.
- 2010-ildə 50 milyon tondan çox neft, 25 milyard kubmetrdən artıq qaz hasil olunacaq. İqtisadi müstəqillik və özünü təminetmə baxımından bu göstəricinin əhəmiyyətini necə qiymətləndirirsiniz?
- Azərbaycan özünün neft və qaza olan tələbatını ödəyir, yəni ölkəmiz özünün enerji təhlükəsizliyini təmin edə bilir. Düzdür, hələ də respublikamız qazla tam təmin olunmayıb. Bir neçə gün öncə ARDNŞ prezidenti Rövnəq Abdullayev qeyd etdi ki, ölkə başçısı İlham Əliyevin göstərişinə əsasən, yaxın bir neçə il ərzində ölkənin 95 %-i qazla təmin olunacaq. Bu, sevindirici bir haldır. Bir məsələni də qeyd edim ki, elektrik enerjisi sahəsində bu il bəzi problemlərin yaranmasına baxmayaraq, ümumilikdə, bu sahədə 5-10 il öncə mövcud olan problemlər bu gün yaşanmır.
- "Azərkimya" DŞ-nin ARDNŞ-nin tabeliyinə verilməsi neft-qaz emalı və neft-kimya sənayesinin inkişafına nə kimi təsir göstərə bilər?
- "Azərkimya" DŞ-nin ARDNŞ-ın tabeliyinə verilməsi tədqirəlayiq bir haldır. Artıq 2008-ci ildə hökumət açıqlamışdır ki, qarşıda vahid neft-kimya kompleksinin yaradılması durur. Lakin bu məsələ maliyyə böhranı ilə əlaqədar olaraq, bir qədər ləngidi. Neftayırma, neft emalı zavodları və həmçinin, yeni kimya kompleksi ARDNŞ-nin bazasındadırsa, bu sahələrin idarə edilməsi vahid mərkəzdə cəmləşməsi bir sıra müsbət nəticələrə səbəb olur. Hökumətin qeyd olunan proqramı açıqlanmadığından, dəqiq qeyd edə bilmərəm ki, kimya sənayesi Sumqayıtda necə inkişaf etdiriləcək? Çünki orada olan kimya müəssisələri, bildiyimə görə, başqa ərazilərə köçürülməlidir. Bu, ekoloji baxımdan da düzgün addımdır. Yeni kimya komlekslərinin tikintisi 5 il vaxt aparacaq.
- Ümumiyyətlə, kimya sənayesindəki yüksək artımlar Azərbaycan iqtisadiyyatının şaxələnməsinin artıq real olduğunu deməyə əsas vermir ki?
- Azərbaycanda kimya sənayesi hələ sovet dönəmindən aparıcı sahə olmayıb. Ölkəmizdə hələ də bu sahədə uğurlu işlərə imza atılmayıb. Ancaq düşünürəm ki, dövlətin diqqət və qayğısı nəticəsində kimya sənayesi də inkişaf etdiriləcək. Bunun yaxın gələcəkdə baş tutması inandırıcı deyil. Çünki bu sahədə müasir texnologiyaların qurulması və digər tədbirlər vaxt aparan işlərdir. Xəzər regionunda Qazaxıstan istisna olmaqla, faktiki olaraq, bütün ölkələr kimya kompleksinə malikdir. Yəni söhbət ondan gedir ki, bu sahədə olan bazar digər dövlətlər arasında bölüşdürülüb.
- Bəzi ekspertlər qeyd edirlər ki, dünya bazarında neft məhsullarının qiymətinin qalxması həm inflyasiyaya, həm də maliyyə böhranının davam etməsinə səbəb olacaq. Bu fikirlər nə qədər əsaslı ola bilər?
- Hətta Rusiya baş nazirinin müavini də qeyd edib ki, əgər dünya bazarında neftin qiyməti qalxarsa, maliyyə böhranı qaçılmaz olacaq. 2008-ci ildə də müşahidə etdik ki, bunun fəsadları çox pis oldu. Dünya bazarında neft məhsullarının qiymətinin qalxması həm inflyasiyaya, həm də maliyyə böhranının davam etməsinə səbəb olacaq. Bəzi insanlar qeyd edirlər ki, neftin qiyməti qalxarsa, böyük layihələr həyata keçirilə bilər. Ancaq heç kəs fikirləşmir ki, bunun mənfi nəticələri də var. Yəni ümumiyyətlə, qeyd etmək istəyirəm ki, dünya bazarında neft məhsullarının qiymətinin qalxması həm inflyasiyaya, həm də maliyyə böhranının davam etməsinə səbəb olacaq amillərdəndir.