“Cəzasızlıq erməniləri azğınlaşdırırdı"
Erməni separatçılarının xalqımıza qarşı sonuncu terror kampaniyasına başlamasından artıq 22 il ötür. Hadisələrin başlanması, ermənilərin xalqımıza qarşı törətdikləri terrorlar, sui-qəsdlər, qırğınlar bu günün baxışından necə görünür? Suallarımızı o dövrdə cəbhə bölgəsində yaşamış, erməni vəhşiliklərini gözləri ilə görmüş Azadlıq Hərəkatçıları Birliyinin sədri Təhmasib Novruzov cavablandırır.
- Qarabağ probleminin tarixi kökləri və ona gətirib çıxaran səbəblər hansılar idi?
- Öncə, deyim ki, Dağlıq Qarabağ hadisələrinin başlanması tarixini 1988-ci ilin fevralından götürmək doğru deyil. Əslində, bu hadisələrin kökü çox keçmişlərə gedib çıxır. Lakin söhbət Dağlıq Qarabağın Ermənistana ilhaq edilməsi yolunda hayların son, həm də on illər boyunca hazırlanmış mütəşəkkil, qırğınlarla, terror və sui-qəsdlərlə, sonda hərbi döyüşlərlə müşahidə olunan mənfur niyyətlərindən gedirsə, bunun da tarixini 1987-ci ilin noyabr ayından götrməliyik. Böyük azərbaycanlı Heydər Əliyev SSRİ rəhbərliyindən kənarlaşdırıldıqdan dərhal sonra, keçmiş SSRİ rəhbəri M.Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri Ağambekyanın 1987-ci il noyabrın 17-də Fransanın paytaxtı Parisdə Daşnaksütyun partiyasının fəalları qarşısındakı məlum çıxışı ilə hadisələrə start verildi. İki gün sonra, noyabrın 19-da Parisdə dərc olunan "Humanite" qəzetində onun sözləri dərc edildi: "Dağlıq Qarabağın iqtisadi baxımdan Azərbaycandan daha çox Ermənistanla bağlı olduğunu nəzərə alaraq mən Sovet rəhbərliyinə Dağlıq Qarabağın Azərbaycan SSR tərkibindən çıxarılaraq Ermənistan SSR tərkibinə verilməsi barədə təklif vermişəm ".
Məhz bundan sonra artıq Dağlıq Qarabağda bu iyrənc ideyanı gerçəkləşdirmək uğrunda fəaliyyət başladı. Yadımdadı, təkcə Dağlıq Qarabağda deyil, Aran Qarabağda da kurqanlara, təpələrə gecələr Daşnaksütyun partiyasına məxsus bayraqlar sancılırdı. Gündüz həmin bayraqlar götürülürdü, bir neçə gün sonra yenə sancılırdı.
- Azərbaycanlıların bu prosesə etirazı, ilk mitinqi nə vaxt və harada baş tutdu?
- İlk mitinq 1988-ci ilin 17 noyabrında Ağdamda baş tutdu. On minlərlə insan Ağdamın mərkəzi meydanına toplaşdı və ermənilərin iddiasına qarşı ilk kəskin çıxışlar edildi. O zaman hakimiyyət orqanları çalışsalar da, bunun qarşısını ala bilmədilər. Bundan iki gün sonra, fevralın 19-da axşam xəbər gəldi ki, DQMV Xalq Deputatları Soveti həmin məsələni müzakirə edib, Ermənistana birləşmək haqqında qərar qəbul edərək SSRİ rəhbərliyinə müraciət göndəriblər. O da məlum idi ki, fevralın 21-də Sov. İKP MK Siyasi Bürosunda bu məsələyə baxılacaq.
Vaxt itirmədən qonşu rayonlarda iş aparıldı, fevralın 21-də Ağdamın mərkəzi meydanında misli görünməyən çox izdihamlı mitinq başladı və Sov. İKP MK-ya saysız-hesabsız teleqramlar vuruldu, mitinq iştirakçıları adından qətnamə qəbul edilərək, teleqrafla o da Moskvaya göndərildi. Moskvadan heç bir xəbər çıxmadığından, heç kəs meydanı tərk etmədi və səhərə qədər sovet rəhbərliyinin qərarını gözlədi.
Səhər artıq səbr kasası dolmuş xalq qədim Azərbaycan yaşayış məskəni olan Xankəndə dinc yürüşə başladı. Yürüş başlandıqdan az sonra Sov. İKP MK Siyasi Bürosunun qərarı telefonoqramma ilə Ağdama göndərildi. Qərarda ermənilərin iddiası rədd edilsə də, orda "yaranmış indiki şəraitdə" ifadəsi ona dəlalət edirdi ki, Moskva, şərait yarandıqda ermənilərin azrularını gerçəkləşdirəcək.
- SSRİ dövründə Moskva erməniləri himayə edirdi, onlar da azğınlaşırdı. Bəs SSRİ dağıldıqdan sonra ermənilərə güc gəlmək niyə mümkün olmadı?
- Əvvəla, SSRİ dağıldıqdan sonra da, Qafqazda nüfuzunu itirmək istəməyən Moskva Ermənistanı for-postu kimi görürdü və onu heç vaxt tək buraxmazdı. Baxın, 1991-ci il sentyabrın 19-da Rusiya Federasiyasının prezidenti B.Yeltsin və Qazaxıstan prezidenti N.Nazarbayev Xankəndə gəlir. Bu səfər, əslində, ermənilərə dəstək səfəri idi, "biz yenə sizinləyik" mesajı idi. Bu səfərdən bir neçə gün sonra Azərbaycan hökumətinin Dağlıq Qarabağ üzrə Təşkilat Komitəsi Xankənddən çıxarıldı, Ağdamda yerləşdirildi.
Yenidən ruhlanan ermənilər isə bu dəfə Dağlıq Qarabağın Azərbaycan kəndlərinə açıq hücumlara başladılar. Noyabrın 7-də Xocavəndə basqın oldu. Bunu yerində öyrənmək üçün gələn Azərbaycanın yüksək rütbəli dövlət və ictimai xadimlərinin içərisində olduğu vertolyot, noyabrın 20-də müəmmalı şəkildə vurulur, xalqın 20-dən çox dəyərli övladları həlak olur. Azərbaycan hakimiyyəti isə yenə susur. Halbuki həmin vertolyot qəzasının izlərini, məhz rus zabitləri itirmişdi.
Buna isə heç bir etiraz bildirilmədi. Bütün bunlar erməniləri azğınlaşdırırdı və onlar bir-birinin ardınca vəhşiliklər törətməyə başladılar. Azərbaycan hakimiyyəti isə bütün bunları sadəcə müşayiət edirdi.
- Maraqlıdır, Azərbaycan hakimiyyəti o zaman Moskvadan asılı olmadığı halda, niyə susurdu?
- Söhbət təkcə Moskva ilə bağlı deyildi. SSRİ dağılandan sonra ermənilərə dəstək verən yeni dövlətlər də peyda olmuşdu. Nə qədər acınacaqlı olsa da, bir sıra xristian dövlətləri ilə yanaşı, müsəlman dövləti olan İran da Ermənistana yardım edirdi.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilən Xocalı qətliamı isə, təkcə Azərbaycanın deyil, bəşəriyyətin ən dəhşətli faciəsidir. Mən qətiyyətlə o fikirdəyəm ki, o zaman Ayaz Mütəllibovun hakimiyyətdən uzaqlaşdırılması da, sonradan guya yenidən öz postuna qaytarılması da, həmin dövrdə baş verən bütün digər hadisələr də Moskvanın və digər ermənipərəst qüvvələrin əli ilə hazırlanmış və idarə olunan bir ssenari idi. Məhz həmin ssenari əsasında Şuşanın, Laçının işğalı reallaşdırıldı və faktiki olaraq, Dağlıq Qarabağ Ermənistana birləşdirildi. Təəssüf ki, bundan sonra da ölkə içərisindəki bəzi qüvvələr baş verənləri düzgün analiz edib, lazımi nəticə çıxarmadı. Nəticə isə göz qabağındadı.