- Gültəkin xanım, AŞ PA-nın Azərbaycan üzrə məruzəçisi Andreas Herkeli başqa şəxsin əvəz edəcəyi bildirilir. Sizcə, Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilən bu şəxsin yenisi ilə əvəz edilməsi proseslərin dəyişməsinə nə dərəcədə kömək edəcək?
- AŞ PA-nın Monitorinq Komitəsi belə bir qərar qəbul edib ki, məruzəçilər eyni ölkə ilə 5 ildən artıq çalışa bilməzlər. Düşünürəm ki, bu, çox obyektiv bir qərardır. AŞPA-da rotasiya prinsipi çalışır. Bu qurumun prezidenti hər 3 ildən, komitə rəhbərləri və vitse-prezidentləri isə hər 2 ildən bir dəyişir. Ümumiyyətlə, AŞ-nin bütün institutlarında strukturların rotasiyası prinsipi həyata keçirilir. Bunun qarşılığında Monitorinq Komitəsində məruzəçilik institutu 10 illik müddəti əhatə edirdi. Bu da müsbət hal deyil. Bu, sanki məruzəçilərin hər hansı ölkəni monopoliyaya götürməsi anlamını verir. Təbii ki, burada da rotasiya qaydası tətbiq olunmalıdır. Beləliklə, AŞPA belə bir qərara gəldi ki, bir şəxsin eyni ölkədə 5 ildən artıq məruzəsi olması düzgün deyil. Bu baxımdan da, Andreas Herkeli yeni millət vəkili əvəz edəcək. Ümid edirəm ki, yeni məruzəçi yeni qüvvə və həvəslə öz fəaliyyətinin icrasına başlayacaq.
- Dağlıq Qarabağ münaqişəsinin həllində yeni məruzəçinin fəaliyyətindən nə gözləmək olar?
- Bunun üçün yeni məruzəçinin kimliyini bilməliyik. Bu gözləntilərimiz nümayəndələrin şəxsiyyətindən və kimliyindən kifayət qədər asılıdır. Digər tərəfdən, AŞPA-nın məsələlərə vahid yanaşması var. Düşünmürəm ki, hər hansı bir məruzəçi bu yanaşmadan kənar çox ciddi və kəskin manevrlər etsin. AŞ, ümumilikdə, münaqişənin tənzimlənmə prosesində paralellik yaratmamaq niyyətindədir. Yəni, ATƏT-in Minsk Qrupunun həmsədrlik İnstitutunun Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə məşğul olduğunu əldə rəhbər tutaraq, problemə uzaq baxış bucağından yanaşmağa üstünlük verir. Ancaq bununla yanaşı, məruzəçinin prinsipiallığından da çox şey asılıdır. Çünki həmin şəxs ən azından AŞPA-nın 2005-ci ilin yanvar ayında qəbul etdiyi qətnamənin tövsiyələrinin yerinə yetirilməməsi ilə bağlı Ermənistan qarşısında şərtlər qoya bilər. Təəssüf hissi ilə qeyd edim ki, bu günə qədər AŞPA öz qətnaməsinin icrasında prinsipiallıq nümayiş etdirə bilməyib. Öz qətnaməsinin ehtiva etdiyi prinsiplərin müraciəti istiqamətində ciddi addımlar atmayıb. Bu günə qədər AŞ-nin rəhbərliyi tərəfindən qətnamənin icrası ilə bağlı Ermənistana nəinki təpki, hətta açıq və sərt müraciətin belə şahidi olmamışıq. Bu baxımdan, məruzəçi kifayət qədər obyektiv və ədalətli bir insan olacaqsa, onda AŞ-dən özünün qəbul etdiyi qətnamənin icrasını tələb edə bilər. Lakin gəlin illüziyalara varmayaq. AŞ oturuşmuş bir strukturdur və onun hadisələrə münasibətdə özünün baxışı, yanaşması var. Açığı, məruzəçilərin bu yanaşmalarda korrektələr etmək imkanı bir o qədər də geniş deyil. Bu mənada, yeni məruzəçinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı kəskin mövqe ortaya qoyacağına inanmıram. Ən azından həqiqəti etiraf etmək və bu qurumun qətnaməsinə istinad edəcək səviyyədə özündə güc və iradə tapmasına ümid edirik.
- Gültəkin xanım, AŞPA rəhbərliyi bununla bağlı Ermənistana qarşı hər hansı təpki və müraciət ünvanlamayıb. Sizcə, bunların kökündə hansı amillər dayanır?
- AŞPA digər beynəlxalq təşkilatlardan fərqli olaraq, Ermənistanı qətnamə səviyyəsində işğalçı dövlət kimi tanıyıb və bilavasitə öz adı ilə göstərib. Yəni, 14-16 saylı qətnamədə Dağlıq Qarabağın erməni hərbi birləşmələri tərəfindən yox, məhz Ermənistan ordusu tərəfindən işğal edilməsi açıq-aşkar bildirilib. Həmçinin, qətnamədə Dağlıq Qarabağdakı rejimin separatçı və qeyri-qanuni rejim olduğu bildirilir. Güc tətbiq etməklə yaranan reallığın AŞ tərəfindən qəbul edilməsi vurğulanır. AŞ həmin sənəddə Ermənistan hərbi birləşmələrinin, Ermənistan ordusunun Azərbaycan ərazisi olan Dağlıq Qarabağı və onun ətraf rayonlarını işğal etməsi nəticəsində bir milyon insanın qaçqın və məcburi köçkünə çevrilməsi, eləcə də, torpaqların işğalı hesabına yaranmış reallığı qəbul etməyəcəyini ifadə edib. Yəni, AŞ-nin digər beynəlxalq təşkilatlardan fərqli olaraq, kağız üzərində, sənədlərdə prinsipial mövqeyi ortadadır. Problem isə ondan ibarətdir ki, AŞ bu prinsipial mövqeyini sona qədər davam etdirərək, həmin qətnamədən doğan öhdəliklərin icrası idə bağlı Ermənistan üzərinə hər hansı bir məsuliyyət qoymur.
Bəzən Azərbaycandakı qeyri-hökumət təşkilatlarının siyasi məhbus hesab etdiyi, lakin bir çox hallarda şəxsiyyət əleyhinə ağır cinayətlər törətmiş insanların azadlığa çıxması ilə bağlı, o cümlədən, separatçılıqla məşğul olub, xarici ölkələrin kəşfiyyat idarələri ilə əlaqəsi olan insanların azadlığa çıxması ilə bağlı Azərbaycan qarşısına tələblər qoyulur. Ancaq bunun müqabilində AŞ, nədənsə özünün qəbul etdiyi 14-16 saylı məlum qətnamənin icrası ilə bağlı prinsipiallıq nümayiş etdirmir. Bu da, sözsüz ki, müəyyən şərtlərlə bağlıdır. Bir faktı da qeyd edək ki, Ermənistanın Rusiya kimi havadarının olması, istər beynəlxalq müstəvidə, istərsə də, AŞ çərçivəsində Rusiya tərəfindən Ermənistanın ciddi şəkildə dəstəklənməsi və Rusiyanın AŞ-də çox ciddi donor təşkilatlardan olmasına şərait yaradır. Bu, məhz ikili standartların mövcudluğuna və AŞ-nin bu standartların təsiri altına düşdüyünə dəlalət edir. Bununla yanaşı, xüsusilə vurğulamaq lazımdır ki, AŞ bu günə qədər rəsmi sənəd səviyyəsində Dağlıq Qarabağ münaqişəsinə ən kəskin mövqeyini bildirən beynəlxalq təşkilatdır. Qətnamənin icrası ilə bağlı prinsipiallığın göstərilməməsi isə, AŞ-də üstün olan konyuktur maraqlar və siyasi məsələlərlə bağlıdır.
- Rusiyanın dünyanın nüfuzlu təşkilatı olan AŞPA-ya təsir dərəcəsi nə səviyyədədir ki, Ermənistana qarşı bu təşkilat tərəfindən yumşaq mövqe sərgilənir?
- AŞ-də güclü dövlətlərlə, kiçik dövlətlərə fərqli yanaşma mövcuddur. Yəni, AŞ Rusiya, Böyük Britaniya, Almaniya, Fransa və başqa dövlətlərə tamamilə fərqli prizmadan yanaşdığı halda, kiçik dövlətlərə bu təşkilatın münasibəti fərqli olur. Məsələn, Rusiya ilə Azərbaycanı insan hüquqlarının pozulmasına görə, müqayisə etmək mümkün deyil. Yəni, Azərbaycanda mövcud olan mühit Rusiya ilə müqayisədə çox demokratik bir mühitdir. Bunu AŞ-nin özü də rəsmi olaraq etiraf edir. Ancaq bunun qarşılığında Azərbaycanla bağlı məsələnin AŞPA-da 8 dəfə müzakirə olunmasına baxmayaraq, Rusiyanın öhdəlikləri AŞPA-da yalnız 3 dəfə müzakirə edilib. Bunu Fransaya, Böyük Britaniyaya da şamil etmək olar. Həmin ölkələrdə həbsxanalarda baş verən işgəncə faktları aşkara çıxarılır. Bu həqiqətlər həmin ölkələrin deputatları tərəfindən AŞ-də qaldırılır. Amma nədənsə, AŞPA həmin faktlara böyük diqqət göstərmir. Ancaq bunun müqabilində Azərbaycan kimi demokratik ənənələrini yeni formalaşdıran, demokratiya istiqamətində yeni addımlar atan bir ölkəyə tamam fərqli münasibət bəsləyir. Bəzi hallarda olmayan nöqsanları da Azərbaycanın nöqsanı kimi təqdim etməyə çalışırlar. Bu gerçəklik göz önündədir. Böyük dövlətlərin AŞ-yə təsiri daha güclüdür. AŞ-nin büdcəsinin formalaşmasında bu dövlətlərin rolu daha böyükdür. Digər tərəfdən, AŞPA bir praqmatik siyasi təşkilat olaraq, gözəl anlayır ki, Rusiyanın bölgədə siyasi çəkisi, nüfuzu kifayət qədər ciddidir. Ən azından MDB-yə üzv ölkələrə də bu fikirləri şamil etmək olar. Ermənistanın isə bu ölkənin forpostu olması bütün dünyanın gözü önündədir. Eyni zamanda, ATƏT-in Minsk Qrupunun digər bir həmsədri olan Fransanın da Ermənistana mövqeyinin kifayət qədər loyal olmasını unutmaq olmaz. Fransa AŞ-a ev sahibliyi edən bir ölkədir. AŞ-da Fransanın mövqeləri kifayət qədər yüksək səviyyədə qorunur. Fransızların ənənəvi erməni təəssübkeşliyini nəzərə alsaq, buradan hər şeyi tamamilə aydın şəkildə görmək mümkündür.
- AŞPA-nın aprel sessiyasında Dağlıq Qarabağla bağlı hər hansı bir məsələnin müzakirəsi gözlənilirmi?
- AŞPA-nın aprel sessiyasında Dağlıq Qarabağ məsələsi ilə bağlı müzakirələr gözlənilmir. Çünki bu təşkilatın gündəliyinə Dağlıq Qarabağla bağlı hər hansı bir məsələ daxil edilməyib. Eyni zamanda, AŞPA-da Dağlıq Qarabağ üzrə Alt Komitə fəaliyyət göstərirdi. Lakin bu komitənin rəhbəri Lord Consonun vəfatından sonra həmin komitənin işində bir qədər durğunluq yarandı. Bu gün AŞ-nin siyasi rəhbərliyi belə bir komitənin yaradılması ilə bağlı hər hansı bir qərar qəbul etməyib. AŞPA prezidenti Mövlud Çavuşoğlu belə bir komitənin yenidən fəaliyyətə başlamasının zəruriliyini bildirib. Böyük bir ehtimalla bu komitə yenidən öz işinə başlayacaq. Bunun isə, nə zaman baş verəcəyi, hələlik, bilinmir.
- AŞPA-nın Alt Komitəsinə Azərbaycandan hər hansı bir nümayəndənin seçilməsi gözlənilirmi?
- Bu komitə çərçivəsində Azərbaycan və Ermənistan nümayəndələri təmsil olunurlar. Əks-təqdirdə, burada işi təşkil etmək mümkün deyil. Çünki Alt Komitə qətnamədən irəli gələn öhdəliklərin icrası ilə məşğul olur. Burada tərəflər iştirak etmədən komitənin işində hər hansı bir nailiyyət əldə etmək mümkün deyil. Bu baxımdan, həmin komitənin işində həm Azərbaycan, həm də Ermənistan nümayəndə heyətinin rəhbərləri, siyasi komitə üzvləri və məruzəçilər təmsil olunurlar.
- AŞPA prezidenti Mövlud Çavuşoğlunun Azərbaycana səfərini necə qiymətləndirisiniiz?
- Bu səfəri çox yüksək qiymətləndirirəm. Düşünürəm ki, M.Çavuşoğlunun AŞPA-ya prezident seçilməsi türk dünyasına qürur gətirən bir hadisədir. Ümumilikdə isə, türk dünyasının bu uğurla öyünməyə haqqı var. Eyni zamanda, bu, Avropanın türk dünyasının gücünə etirafı deməkdir.
- M.Çavuşoğlunun Azərbaycana səfərinin Dağlıq Qarabağ probleminin həlli istiqamətində əhəmiyyətini nə dərəcədə qiymətləndirmək olar?
- Bu səfər bütün məqamlarına, istiqamətlərinə görə, çox önəmlidir. İstər AŞPA Azərbaycan münasibətlərinin dərinləşməsi, istərsə, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində, istərsə də, Azərbaycanın üzərinə götürdüyü öhdəliklərlə bağlı vəziyyətin aydınlaşması baxımından çox əhəmiyyətli bir səfərdir. Sözsüz ki, M.Çavuşoğlu AŞPA-nın dövlətlərin ərazi bütövlüyü prinsipinə sədaqətini nümayiş etdirərək, AŞ-nin Azərbaycan ərazilərinin işğalı faktını və bu faktla barışmayacağını bəyan etməsi Azərbaycanın Cənubi Qafqazda ərazi bütövlüyünü dəstəkləməyə imkan verəcək. Ümumilikdə, bu səfər Azərbaycanın pozulmuş hüquqlarının bərpası baxımından, əhəmiyyətli olacaq.