PDF Oxu

Müsahibə

  • 9

Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısının tikintisində heç bir ləngimə yoxdur

Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısının tikintisində heç bir ləngimə yoxdur
Suallarımızı "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini, respublikanın əməkdar mühəndisi, texnika elmləri namizədi Qurban Nəzirov cavablandırır.
- Bakı-Tbilisi-Qars dəmir yolunun bağlantısının inşasının gecikməsini nə ilə izah etmək olar?
- Bakı-Tbilisi-Qars dəmir yolunun bağlantısının inşasında heç bir ləngimə yoxdur. Belə demək mümkünsə, artıq tikintinin inşasına başlanılıb. Hələlik, dislokasiya işləri görülür. Nəzərdə tutulan vaxtda tikinti başa çatdırılacaq. Bilirsiniz ki, Azərbaycanın xüsusilə önəm verdiyi beynəlxalq layihələrdən biri olan Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısı layihəsinin reallaşması məsələsi Azərbaycan, Gürcüstan, Türkiyə hökumətləri və dəmir yolları rəhbərlərinin diqqət mərkəzindədir. Bu, hər üç ölkənin, eyni zamanda, həmin nəqliyyat dəhlizinin xidmətlərindən istifadə etmək marağında olan başqa ölkələrin də sıx nəqliyyat əlaqələri qurmasına böyük imkanlar açacaqdır.
-Ermənistan tərəfinin iddialarına görə, Türkiyə ilə sərhədlər açılarsa, dəmir yolu xətti Ermənistandan keçəcək. Bu məlumat nə dərəcədə reallığa uyğun gəlir?
-Bu məlumat heç bir reallığı əks etdirmir.
-Bu layihənin reallaşması Azərbaycana hansı dividendlər gətirəcək?
- Bu sualın ən doğru cavabını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müxtəlif tədbirlərdəki çıxışlarında verib. Hələ 7 fevral 2007-ci ildə Tbilisidə Bakı-Tbilisi-Qars dəmir yolu tikintisinin layihəsi ilə bağlı sazişin imzalanması zamanı Azərbaycan cənab Prezident layihənin zəruriliyindən danışarkən demişdir: "Bu, bizi daha sıx birləşdirəcək, regional əməkdaşlığı daha da genişləndirəcəkdir. Bu layihənin həyata keçirilməsi həm də regiona sabitlik, sülh gətirəcək və ümumiyyətlə, ölkələrimizin, xalqlarımızın iqtisadi maraqlarına cavab verir".
Həqiqətən də, Azərbaycan iqtisadiyyatının inkişafında çox mühüm rol oynayan "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti beynəlxalq və regional layihələrdə iştirak etməklə öz infrastrukturunu qoruyub saxlayır, əhalinin, dövlət strukturlarının daşımalara olan tələbatının ödənilməsi istiqamətində fəaliyyətini uğurla davam etdirir. Regiona sabitlik, əmin-amanlıq və iqtisadi səmərə gətirə biləcək hər hansı layihənin reallaşmasında Azərbaycanın iştirak etməsi, istənilən prizmadan yanaşanda, çox gərəklidir.
Bu fikrin tam dəstəyi kimi, qeyd edim ki, BMT-nin Avropa İqtisadi Komissiyasının Trans-Avropa dəmir yolları baş planının yekun hesabatına (mart 2005-ci il) Bakı-Tbilisi-Qars layihəsi birinci dərəcəli prioritet layihə kimi və 4 bal qiyməti üzrə daxil edilmişdir.
Bütövlükdə, davamlı inkişaf və təhlükəsizliyin təminatına yönəlmiş, Xəzər hövzəsi regionunun və Mərkəzi Asiya ölkələrinin Avropa ilə bilavasitə nəqliyyat əlaqələrinin qurulmasına, yük və sərnişinlərin Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə birbaşa Avropaya çıxışına, nəticə etibarilə, Azərbaycanın Avropaya inteqrasiyası prosesinin sürətləndirilməsinə xidmət edəcək.
Azərbaycan bu yeni dəmir yolu bağlantısı layihəsinə qoşulmaqla gələcəyə hesablanmış daha bir addım atıb. Tranzit daşımaların artacağı ilə əldə olunacaq bütün iqtisadi dayaqlarla yanaşı, tranzit daşımaların mərkəzinə çevrilən Azərbaycanın regionda söz sahibi olmasını təsdiqləyən bir faktor kimi çox önəmlidir.
Regiona sabitlik, əmin-amanlıq və iqtisadi səmərə gətirə biləcək hər hansı layihənin reallaşmasında Azərbaycanın iştirak etməsi istənilən prizmadan yanaşanda çox gərəklidir. Çünki bu nəqliyyat arteriyasına qoşulmaqla, biz Çindən tutmuş Avropa ölkələrinə qədər müxtəlif dövlətlərdən yüklər qəbul edə və ya əksinə göndərə bilərik.

Digər xəbərlər