Pənah Hüseynov: "Müxalifətin birlik modelinin baş tutmaması məndə təəssüf doğurur"
- "Demokratiya Uğrunda İttifaq"ın ("DUİ") müxalifətin pərakəndəliyini aradan qaldırmaq üçün birlik modelini yaratmaq istəyi, deyəsən, iflasa uğrayıb. Bu, sizdə acı təəssürat oyatmadımı?
- Təbii ki, təəssüf doğurur. Amma iflasdan danışmaq hələ tezdir. Çünki indi Müsavat partiyası ilə "DUİ" arasında seçki əməkdaşlığı ilə bağlı danışıqlar gedir. O cümlədən, ayrı-ayrı seçki dairələrində namizədlərin razılaşdırılması, aksiyalarda birgə iştirak etmək və s. məsələlər ətrafında müzakirələr aparılır. Prinsip etibarilə, hələlik, gündəmdə blok yaradılması məsələsi durmasa da, böyük ehtimalla bunun da müzakirəyə çıxarılması gözlənilir. "Azadlıq" bloku da birləşmiş digər siyasi partiyaların bu birliklə bağlı müraciətinə gəldikdə isə, onların cavabı qəti olmayıb. Onlar bildirmişdilər ki, müəyyən psixoloji durum hazırda "DUİ"-Müsavat-"Azadlıq" birliyi ətrafında müəyyən tədbirlərin və danışıqların keçirilməsini mümkünsüz edir. Əgər söhbət psixoloji amillərlə bağlıdırsa, bu, dəyişilə bilər. Məncə, bu formatla yanaşı, AMİP və ADP-nin də bu birliyə qoşulması üçün danışıqlar aparmaq mümkündür. Onlar arasında seçkidə əməkdaşlıq haqqında müəyyən razılığın əldə olunmasının, hələlik, gündəmdən çıxdığı qənaətində deyiləm. Ola bilər ki, bu məsələ yenidən gündəmə gəlsin. Bu baxımdan, bizim birliyin yaradılması ilə bağlı müzakirələrin aparılması yönündəki təşəbbüsümüz qismən reallaşdı. Bu, hansısa blokun yaradılması təşəbbüsü deyildi. Qeyd edim ki, bu təşəbbüs Müsavat partiyası ilə baş tutdu. Lakin proses hələ də davam edir.
- AXCP (i) sədri Əli Kərimovun "Azadlıq" blokundan kənar müxalifət daxilində hər hansı bir blokun yaradılmasına maraq göstərmədiyi haqqında açıqlama verdiyi bildirilir. Bu məlumat həqiqətə nə dərəcədə uyğundur?
- Məndə olan məlumata görə, Ə.Kərimov müxalifətin böyük formatda birliyinin alınmasında maraqlıdır. "Azadlıq" bloku daxilində buna ən xoşniyyətlə yanaşan məhz odur. Çünki onun ayrılıqda və digər müxalifət liderləri ilə birlikdə "DUİ"-nin sədri Mirmahmud Fəttayevlə görüşü olub. M.Fəttayevin bizə verdiyi məlumata əsasən, Ə.Kərimov müxalifətin birliyində maraqlı tərəfdir. Bu baxımdan, yayılan məlumatlar həqiqətə uyğun deyil.
- Pənah bəy, siz bəzən "DUİ", bəzən də, Müsavat deputat qrupunun üzvü kimi çıxış edirsiniz. Sizin konkret titulunuz nədən ibarətdir?
- Mən Müsavat deputat qrupu daxilində "DUİ"-də olan partiyaları təmsil edirəm. Düzdür, Milli Məclisdə belə bir rəsmi normativ qanunvericilik aktı olmasa da, həmçinin, mənə "DUİ"-yə daxil olan 5 siyasi partiyanın parlamentdəki nümayəndəsi kimi baxılır. Ona görə də, belə halların baş verdiyi haqqında müşahidələriniz tamamilə düzgündür.
- Müsavat deputat qrupunun üzvü kimi nüfuzunuzdan istifadə edərək, partiyanın başqanı İsa Qəmbərovun hansısa partiyaya qarşı şərtlər irəli sürməsinə müdaxilə edə bilərsiniz?
- Yox, elə bir imkan yoxdur. Buna ehtiyac duymuram. Çünki İ.Qəmbərovun hər hansı bir şərtlər irəli sürməsi haqqında fikrim yoxdur. Xüsusi zərurət hiss etmədiyim hallar istisna olmaqla, bu cür məsələlərə qarışmıram.
- Bəzi müxalifət partiyalarının iddialarına görə, hansısa kənar qüvvələr müxalifətin daha böyük birliyinin yaradılmasına maraq göstərir ki, Müsavat və AXCP (i)-nin fəallığı da məhz buna hesablanıb.
- Bu barədə məlumatım yoxdur. Lakin belə bir hal olsa belə, bu, təbiidir. Mən müxalifətin birliyi ilə bağlı fəallığın məhz buradan qaynaqlandığı qənaətində deyiləm. Prinsip etibarilə, hər bir ölkədə, o cümlədən, Azərbaycanda siyasi proseslər beynəlxalq mühitdən müəyyən impulslar alır. Yəni, Azərbaycanın bəzi məsələlərdə üzərinə öhdəliklər götürdüyü beynəlxalq təşkilatlar var və onların bununla bağlı qərarları olur. Bundan başqa, ayrı-ayrı dövlətlərin də bu məsələlərdə müəyyən maraqları mövcuddur. Ona görə də həmin beynəlxalq təşkilatlar və xarici dövlətlər ölkədəki proseslərə təsir etmək niyyətində ola bilərlər. Lakin bu fəallığın bütünlüklə onlarla əlaqələndirilməsi fikri ilə razılaşmıram. Düşünürəm ki, bu məsələdə Müsavat və AXCP (i)-nin fəallığı məhz özlərinin təşəbbüsüdür. Bu baxımdan, sualınızda qeyd olunan ifadəni düzgün saymıram.
- Ə.Kərimovun bir neçə gün bundan öncə, "Vaşinqton-Post" qəzetində məqalə ilə çıxış etməsinə və orada Azərbaycan dövləti haqqında tənqidi fikirlərinə münasibətiniz necədir?
- Xatırlayıram ki, 2005-ci ildə də Müsavat başqanı İ.Qəmbərovun həmin qəzetdə məqaləsi dərc olunmuşdu. Bunu ciddi hadisə hesab edirəm. Çünki "Vaşinqton-Post" dünyanın aparıcı qəzetlərindən biridir. Bununla bərabər, hesab edirəm ki, müxalifətin fəallaşması prosesinə normal yanaşmaq lazımdır. Qarşıdan növbəti parlament seçkiləri gəlir və bu seçki prosesi həm iqtidar, həm müxalifət tərəfindən baş verəcək fəallaşmanı müşahidə edəcəyik.
- Əgər müxalifət parlament seçkilərinə birlik modeli ilə qatılmazsa, o zaman siz seçkilərdə hansı formatda iştirak edəcəksiniz?
- Seçkilərə "DUİ"-nin siyahısında qatılacam. Bu ittifaqın seçkilərə başqa böyük siyahı tərkibində qatılacağı halda, onu dəstəkləyəcəm.