Vahid Əhmədov: "Bu il Azərbaycan iqtisadiyyatında 10 faizə qədər artım olacaq"
- "Regionların Sosial-İqtisadi İnkişafına dair" Dövlət Proqramının (2009-2013-cü illər) 6 illiyi ilə bağlı ölkə Prezidenti İlham Əliyev müşavirə keçirib. Bu müşavirənin nəticəsini və ondan sonrakı vəziyyəti necə qiymətləndirirsiniz?
- "Regionların sosial-iqtisadi inkişafına dair" Dövlət Proqramı iki hissədən ibarətdir. Birinci Dövlət Proqramı 2004-2008-ci illəri əhatə edirdi. İkinci Dövlət Proqramı 2009-2013-cü illəri əhatə edir və hazırda onun icrası həyata keçirilir. Dövlət proqramının ilk dəfə təhlili onun 4 illiyi münasibətilə "Gülüstan" sarayında keçirilib. Orada bütün analizlər verildi, o cümlədən, ölkə hökuməti və icra hakimiyyəti orqanları qarşısında məsələlər qaldırıldı. Qarşıya qoyulan əsas məsələlər isə, Azərbaycanda qeyri-neft sektorunun inkişafı və ərzaq təhlükəsizliyinin təmin edilməsidir. Buna uyğun olaraq, regionların sosial-iqtisadi inkişafını nəzərdə tutan Dövlət Proqramının ikinci hissəsi qəbul edildi. Dövlət Proqramının mahiyyəti bölgələrdə kənd təsərrüfatının, emal sahələrinin, qeyri-neft sektoru və digər sahələrin inkişafından, eləcə də, xırda sexlərin yaradılmasından ibarətdir. Bu da birbaşa ərzaq təhlükəsizliyi ilə əlaqədardır. Hesab edirəm ki, bu Dövlət Proqramının birinci hissəsi uğurla yerinə yetirildi. Onun həyata keçirilməsi Azərbaycan sahibkarlarında inam yaratdı, onlara əlavə kdetlərin verilməsi ilə bağlı dövlət tərəfindən yardımlar olundu.
Dövlət Proqramının ikinci hissəsində isə yarımçıq qalmış infrastruktur layihələrinin həyata keçirilməsi nəzərdə tutulur. Yəni, bu, enerji, su təchizatı, yolların çəkilməsi, kənd təsərrüfatının və neft sektorunun inkişafına daha ciddi yardım etməkdən ibarətdir. Bu baxımdan, sözügedən Dövlət Proqramı olduqca əhəmiyyətlidir və dövlət başçısının daim nəzarətindədir. Ancaq yaddan çıxartmaq lazım deyil ki, Prezident İlham Əliyev vaxtaşırı bölgələrə səfər edir və bu proqramdan əlavə, müəyyən sərəncam və fərmanlar imzalayır. Həmin sərəncam və fərmanlar əsasında bölgələrin inkişafı üçün daha əlavə maliyyə vəsaitləri ayrılır.
- Dövlət Proqramının ikinci hissəsində nəzərdə tutulan daxili istehsalın artırılması və ixracatın genişləndirilməsi ilə bağlı nə deyə bilərsiniz?
- Əlbəttə, Azərbaycandan xaricə ixrac edilməli olan məhsullar var. Onların keyfiyyəti üzərində işləmək lazımdır. Qeyd edim ki, ölkəmizdə meyvə və tərəvəzlə bağlı heç vaxt problem olmayıb və onun ixracatı ilə məşğul olunub. Ancaq müəyyən qədər qablaşma prosesində, onun keyfiyyəti ilə bağlı problemlər ortaya çıxdığı üçün çox da irəli gedə bilməmişik. Ona görə də, qablaşdırma prosesi ilə əlaqədar yeni sexlərin tikilməsi ilə ixracatın səviyyəsini yüksəltmək olar. İndi Azərbaycanda ixracatın 95 faizi neft və neft məhsullarının payına düşür. Yerdə qalan 5 faizi qeyri-neft sektorunun məhsullarından ibarətdir. Bu, çox ciddi bir məsələdir. İxracatın səviyyəsinin artırılması üçün Azərbaycanın əlində kifayət qədər imkanlar var. Dövlət başçısı İlham Əliyev dünya standartlarına cavab verən məhsulların istehsalının təşkili ilə bağlı aidiyyatı qurumlar qarşısında müvafiq tapşırıqlarını verib.
- Vahid müəllim, dünya bazarında neftin qiymətinin artmasının dövlət büdcəsinə təsiri ilə hansı fikirləri söyləyə bilərsiniz?
- Hazırda neftin qiyməti 86-87 ABŞ dollarıdır. Amma aprelin 7-dən etibarən aşağı düşməyə başlayıb. Ancaq hesab edirəm ki, bu il neftin qiyməti, təqribən 65-70 ABŞ dollarından aşağı olmayacaq. Cari ilin yay aylarında müəyyən enmələr və artmalar baş verə bilər. Neftin qiyməti ilə bağlı konkret proqnoz söyləmək olmaz. Azərbaycan iqtisadiyyatı və əhalisi üçün neftin qiyməti nə qədər çox olarsa, bir o qədər yaxşı olar. Çünki bu ölkə üçün əlavə gəlirlərin gəlməsi deməkdir. Dövlət büdcəsini təsdiq edəndə neftin qiymətini 45 ABŞ dolları məbləğində hesablamışdıq. Amma son 4 ay ərzində neftin qiyməti orta hesabla 70 ABŞ dollarına yaxın olub. Ona görə də, əlavə vəsaitlərin daxil olması yeni investisiyaların qoyuluşuna da kömək edəcək. Ümumiyyətlə, bu, Azərbaycanın dövlət büdcəsi üçün olduqca əhəmiyyətli amildir.
- May ayında 2010-cu ilin dövlət büdcəsinə yenidən baxılacağı ilə bağlı məlumatlar dolaşır. Bu, həqiqətə uyğundurmu?
- Bəli, may ayında dövlət büdcəsinə yenidən baxılacaq. Çünki neftin qiymətinin artması ilə əlaqədar dövlət büdcəsinə əlavə vəsait daxil olacaq. Həmin vəsaitin yerşədirilməsi, bölünməsi və s. üçün bu gərəklidir. Dövlət başçısı da qeyd edib ki, pensiyaların və əmək haqlarının artırılması gözlənilir. Yəqin ki, vəsaitlərə baxılandan sonra bu məsələlər də öz həllini tapacaq.
- Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozuna görə, bu il dünya iqtisadiyyatında 4,1 faiz artım olacaq. Bəs Azərbaycanda bu göstərici hansı səviyyədə olacaq?
- BVF-nin proqnozları əksər hallarda düz çıxmır. Bu il dünya iqtisadiyyatında bu qədər artımın olacağına inanmıram. Çünki baş verən proseslər onu göstərir ki, artım 2-2,1 faiz ola bilər. Bəllidir ki, 2009-cu ildə dünya iqtisadiyyatında enmələr oldu. Amma hesab edirəm ki, Azərbaycan iqtisadiyyatında 10 faizə qədər artım olacaq.