Əhməd Oruc: "Sirr deyil ki, bu gün müxalifət pərakəndə vəziyyətdədir"
- "Demokratiya Uğrunda İttifaq"ın ("DUİ") müxalifətin parlament seçkiləri öncəsi birliyinə nail olmaq cəhdlərinin fiaskoya uğradığını demək olarmı?
- Parlament seçkilərinə müxalifətin vahid mövqedən qatılmasını təklif etmişdik və bununla bağlı müzakirələrin aparılmasının vacibliyini önə çəkmişdik. Beləliklə, ilkin məsləhətləşmələr oldu və Müsavat partiyası ilə bəzi məsələlər ətrafında müzakirələrin aparılması qətiləşdi. "Azadlıq" bloku isə bizə bildirib ki, Müsavatla ALP arasında mövcud olan qarşıdurmadan qaynaqlanan problemlər var. Ona görə də, "Azadlıq" bloku indiki mərhələdə sıx əməkdaşlığa hazır deyil. Ümid edirik ki, bu gərginlik yaxın günlərdə aradan qalxacaq. "Azadlıq" bloku da müxalifətin ümumi birliyinə qatılacaq. Yəni, baş verənlər müxalifətin birlik ideyasının fiaskoya uğraması demək deyil.
- Qeyd etdiniz ki, Müsavat partiyası ilə artıq müəyyən razılaşmalar əldə olunub. Bu birliyin sonrakı mərhələdə Müsavatın hegemonluq etdiyi "Bizim Azərbaycan" Blokuna çevrilməsini proqnozlaşdırmaq olarmı?
- "BAB" 2003-cü ildə keçirilmiş prezident seçkilərində Müsavat başqanı İsa Qəmbərovun namizədliyini dəstəkləyən partiyaların, təşkilatların və ayrı-ayrı siyasi liderlərin yaratdığı bir blok idi. Həmin dövrdə "BAB" öz işini gördü. İndi isə, bir qədər fərqli situasiyadır. Əgər hər hansı bir blok yaranacaqsa, onun adının necə olacağı məsələsinə xüsusi önəm vermirik. Ancaq hesab edirəm ki, yeni yaranacaq blok özündə Rəsulzadə - Elçibəy xəttini ehtiva etdiyini öz adında ortaya qoymalıdır. Təqribən, "Elçibəy" və ya bu tipdə bir ad olacaq. Hər halda, bu yaxınlaşmanın əsasında "BAB"-ı təşkil edən qüvvələrin durduğu şübhəsizdir.
- Müsavat partiyası "Azadlıq" bloku ilə də əməkdaşlıq etməyə çalışır. Sizcə, bu, bir əldə iki qarpız tutmaq demək deyilmi?
- "DUİ" Müsavatla yanaşı, "Azadlıq" bloku ilə də əməkdaşlıq etmək təklifi ilə çıxış edib. Heç kimə sirr deyil ki, bu gün müxalifət dağınıq haldadır və ayrı-ayrı birliklərdə təmsil olunur. Onları bir araya gətirmək seçki ərəfəsində mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan, Müsavat partiyasının "Azadlıq" bloku ilə əməkdaşlıq haqqında razılığa və birlik əldə etməyə səy göstərməsi ümumən müxalifətin xeyirinədir. Ona görə də, bu məsələyə qısqanclıqla yanaşmırıq.
- AXCP (i) sədri Əli Kərimovun bir neçə partiya, o cümlədən, "ACP" ilə yeni blok yaratmağa hazırlaşdığı bildirilir. Bunu Ə.Kərimovun "DUİ"yə alternativ blok yaratmaq istəyi kimi qiymətləndirmək olarmı?
- Müsavatla "DUİ" bir araya gəldikdən sonra ölkədəki digər bütün siyasi qüvvələri bir araya toplasan da bu formata alternativ görüntü verməyəcək. Mən inanmıram ki, Ə.Kərimov və ya digər partiya lideri buna alternativ blok yaratmaq fikrinə düşsün. Bu, ən azı ağıllı fikir olmaz. İstər Ə.Kərimovun, istərsə də, "Azadlıq" blokuna daxil olan digər siyasi liderlərin seçkilərdə mütləq bir araya gəlmələri haqqında tezislər səslənir. Qeyd edik ki, "ACP"-nin siyasi mövqeyi bir qədər qalmaqallıdır. Onlar öz liderlərinin ölkəyə gətirilməsi üçün müxtəlif metod və vasitələrdən istifadə edirlər. Bu amil də zaman-zaman müəyyən prinsiplərin əleyhinə olur. Hər halda, bu, AXCP (i)-nin seçimidir.
- Əhməd bəy, "Azadlıq" blokunun "DUİ"-yə qarşı aqressiv mövqeyinin arxasında nə dayanır?
- Zaman-zaman istər Ə.Kərimov bizə qarşı, istərsə də, biz ona qarşı tənqidi fikirlər səsləndirmişik. Düşünmürəm ki, qarşılıqlı tənqidi fikirlər münasibətlərin pisləşməsinə əsas versin. Bu, təbii bir haldır. Mən, sadəcə, ölkədəki ayrı-ayrı siyasi partiyaların xarici ölkələrin təsiri ilə hərəkət etmələri və onlardan asılı olduqlarını təbliğ etmələrinin əleyhinə olmuşam. İndi də bu xətti davam etdirirəm. Təbii ki, beynəlxalq faktoru unutmaq olmaz, lakin əsas diqqəti Azərbaycan ictimai fikrinə yönəltmək lazımdır. Hesab edirəm ki, bütün gücü müxalifətdaxili proseslərin gücləndirilməsinə səfərbər etmək lazımdır. Onunla mövqelərimiz arasında əsas fərq budur. Sadəcə olaraq, onlar beynəlxalq əməkdaşlığa daha meyilli olublar. Mənim isə fikrim budur ki, beynəlxalq təşkilatlar daha çox öz maraqlarını uzlaşdırmaq üçün Azərbaycanın siyasi qüvvələrindən istifadə edirlər.
- ADP sədri Sərdar Cəlaloğlu ilə bağlı müəyyən fikirləriniz var idi. Həmin fikirlərdə hələ də qalırsınızmı?
- Mən kiminsə haqqında danışanda, fakta əsaslanıram. Düzdür, onlar məni öz leksikonlarında olan arxaik söyüşlərdən istifadə edərək, söyüblər. Ancaq mənim onlar haqqında dediklərim faktlara əsaslanır. Dəfələrlə bildirmişəm ki, ADP-çilər öz liderləri ilə bağlı dayanıqsız və qeyri-aktiv mövqedədirlər. Lakin S.Cəlaloğlu haqqında konkret olaraq hər hansı təhqiramiz fikir söyləməmişəm. Onlar mənimlə bağlı arqumentlərə əsaslanmayan fikirlər səsləndiriblər. Hətta deyim ki, onların söydükləri şəxslərin cəmiyyətdə nüfuzu daha çoxdur, nəinki təbliğ etdikləri.