“Dövlət büdcəsinə yenidən baxılması Azərbaycan iqtisadiyyatı üçün müsbət nəticələr verəcək"
- Vüqar müəllim, Milli Məclis dövlət büdcəsinə may ayında yenidən baxmağı planlaşdırır. Sizcə, bu məsələ hansı zərurətdən yarandı?
- Dövlət büdcəsinə baxılması məhz 2010-ci ilin birinci rübündə Azərbaycan dövlət gəlirlərinin artıq olması ilə bağlıdır. 2010-cu ilin dövlət büdcəsində bir barrel neftin qiyməti 45 ABŞ dolları məbləğində nəzərdə tutulub. Amma nəzərə alsaq ki, dünya bazarında bu ilin birinci rübü üçün orta qiymət, təxminən 70 dollar olub. Bu, dövlət büdcəsində nəzərdə tutulan qiymətdən çoxdur. Son vaxtlar neftin dünya bazarında qiymətində artımlar müşahidə edilir. Bu da, bütövlükdə, Azərbaycanın gəlirlərinin artmasına gətirib çıxarır. Neftin dünya bazarında qiymətinin artması dövlət büdcəsinə yenidən baxılmasına gətirib çıxardı. Dövlət büdcəsinə yenidən baxılması yalnız neftin qiymətinin artması ilə bağlı deyil. Eyni zamanda, 2010-cu ilin birinci rübünün yekunlarına görə, dövlət büdcəsinə digər daxilolmalarda problemlərin olmaması ilə bağlıdır. 2010-cu ildə dünyada qlobal maliyyə böhranının davam etməsinə baxmayaraq, Azərbaycan iqtisadiyyatında durğunluq müşahidə edilmədi. Təbii ki, bu da dövlət büdcəsinə proqnozlaşdırılandan daha çox daxilolmaların əldə edilməsinə imkan verdi. Bütün bunlar dövlət büdcəsinə yenidən baxılmasını zəruri etdi. Parlamentin dövlət büdcəsinə yenidən baxmaq və əlavə dəyişikliklər etmək səlahiyyəti var. Bu baxımdan, güman olunur ki, may ayında dövlət büdcəsinə yenidən baxılacaq. Dövlət büdcəsinə yenidən baxılan zaman məhz dövlət büdcəsinin gəlirlərinin, eləcə də, xərclərin artırılması nəzərdə tutulur. Dövlət büdcəsinə yenidən baxılması Azərbaycan iqtisadiyyatı üçün müsbət nəticələr, dövlət büdcəsinin gəlir və xərclərinin artırılmasına səbəb olacaq. Bu da, imkan verəcək ki, həm sosial, həm investisiya layihələrinə daha çox vəsait ayırmaq mümkün olsun. Artıq Azərbaycan hökuməti məhz bu ilin iyun ayında büdcədən maliyyələşən işçilərin əmək haqlarının və pensiyalırının artırılacağı ilə bağlı açıqlama verib. Dövlət büdcəsindən gəlir, eləcə də, xərclərinin artırılması əmək haqlarına və pensiyalara daha çox vəsaitin yönəldilməsinə imkan verəcək. Əmək haqqı və pensiyalara proqnozlaşdırıldığından daha çox vəsait yönəltmək mümkün olacaq. Bu da, təbii ki, büdcədən maliyyələşən işçilərin sosial vəziyyətinin yaxşılaşması aspektində uğurludur. Digər məqam onunla bağlıdır ki, dövlət büdcəsinə yenidən baxılması və investisiya layihələrinə ayrılan vəsaitin artması imkan verəcək ki, bu da tikinti və digər sektorlarda canlanmanın yaranmasına gətirib çıxaracaq. İnvestiya proqramlarına vəsaitlərin ayrılması iqtisadiyyatın daha da sürətlə inkişaf etməsinə və tikinti sektorunun canlanması üçün baza yaratdı. Bu baxımdan, büdcəyə yenidən baxılması, əlavə və dəyişiklik edilməsi sosial sfera üçün daha çox vəsaitin ayrılmasına, əhalinin sosial vəziyyətinin qorunması üçün daha çox maliyyə resurslarının bu istiqamətdə yönəlməsinə imkan verəcək. Bunun sosial və iqtisadi effekti odur ki, bu da iqtisadiyyatdakı inkişaf templərini qoruyub saxlamaq, tikinti sektoru daxil olmaqla, bir çox sektorlarda canlamanın yaranmasına gətirib çıxarmaqdır.
- İyun ayında pensiyaların və əmək haqlarının artırılması nəzərdə tutulur. Sizcə, bu, hansı mənbələr hesabına artırıla bilər?
- Pensiyaların və əmək haqlarının artırılması sosial sferada həyata keçirilən islahatın, eləcə də, əhalinin sosial müdafiəsinin qorunması baxımından olduqca əhəmiyyətlidir. Son illər əmək haqlarının və pensiyaların artırılması bağlı həyata keçirilən siyasət 2010-cu ildə də davam etdiriləcək. 2004-cü ildə başlayaraq, mütamadi olaraq, pensiyaların artırılması həyata keçirilir. Məhz bu orta aylıq əmək haqqının məbləğinin kəskin artmasına gətirib çıxarır. Bu da, büdcədən maliyyələşən işçilərin sosial vəziyyətinin müdafiəsi və qorunması baxımından olduqca vacibdir. Günü-gündən yeni əmək haqlarının artımlarının həyata keçirilməsi büdcədən maliyyələşən işçilərin sosial vəziyyətinin daha da yaxşılaşmasına imkan verəcək. Bunun üçün maliyyə mənbələri var, dövlət büdcəsinin imkanları kifayət qədərdir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, məhz dövlət büdcəsinə əlavə və dəyişikliklər edildikdən sonra bu istiqamətdə daha çox vəsaitlərin ayrılması nəzərdə tutulur. Hətta bu dəyişikliklər edilməsə belə, 2010-cu ildə büdcədən maliyyələşən işçilərin əmək haqları və pensiyaların artırılması nəzərdə tutulmuşdu. Əmək haqqı artımı 2010-cu ildə Ermənistanla müqayisədə Azərbaycanda əmək haqları artımı təxminən 2,5, Gürcüstanla 1,8 dəfə çox olacaq. Bu prosedur o deməkdir ki, əmək haqqı və pensiyaların artımlarında Azərbaycan Ermənistan və Gürcüstanla müqayisədə xeyli irəlidədir. Eyni zamanda, nəzərə alsaq ki, Azərbaycanda orta aylıq əmək haqqı Ermənistanla müqayisədə 2,8, Gürcüstanla 1,6 dəfə çoxdur. Azərbaycanın dövlət büdcəsinin gəlirləri Ermənistan və Gürcüstanın dövlət büdcəsinin birgə gəlirlərindən təxminən 3 dəfə çoxdur. Bu, o deməkdir ki, Azərbaycan sosial proqramlarla ayrılan vəsaitlərin, eləcə də, dövlət gəlirlərinin formalaşması baxımından qonşu ölkələrdən çox vəsait ayrılır. İyun ayında əmək haqlarının və pensiyaların artırılması ilə bağlı qərar sosial müdafiənin gücləndirilməsi baxımından qiymətləndirilməlidir. Dünyada böhranın davam etdiyi bir dövrdə Azərbaycanda əmək haqlarının və pensiyaların artırılması üçün maliyyə mənbələri var.
- Dünyada gedən iqtisadi proseslər fonunda Azərbaycan iqtisadi qlobal böhranının təsirinə davam gətirib. 2010-cu ildə yanvar və fevral ayının göstəricilərinə görə, ÜDM 9,3 təşkil edib. Bu iqtisadi inkişaf tempinin sonrakı mərhələdə proqnozları ilə bağlı nə deyə bilərsiniz?
- 2010-cu ildə qlobal maliyyə böhranının yaşamasına baxmayaraq, Azərbaycanda ÜDM 9,3 artdı. Bu, dünyada ən böyük ÜDM artımlarından biri idi. Bir çox ölkələrdə ÜMD-in azalmasına baxmayaraq, MDB-də ən yüksək artım Azərbaycanda müşahidə edildi ki, Rusiya və Qazaxıstana nisbətən qlobal maliyyə böhranından Azərbaycan iqtisadiyyatı uğurla çıxa bildi. Bu, onu göstərdi ki, 2010-cu ildə də bu artımı davam etdirmək mümkün olacaq. Araşdırmalar göstərir ki, bu temp artmaqda davam edəcək.