Mayda prezidentlərin növbəti görüşünün keçirilməsi nəzərdə tutulur
- Ermənistan prezidenti Serj Sarkisyan bəyan edib ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibinə qaytarılarsa, ermənilər oradan çıxarılacaq. Bu tip bəyanatların məqsədi dünyanın diqqətini ermənilərə yönəltməkdən ibarət ola bilərmi?
- Bu bəyanat, bütünlüklə, reallığın inkarı üzərində qurulub. Buna cavab olaraq, belə bir sual ortaya çıxır. Ötən yüz illər ərzində ermənilər azərbaycanlılarla bir məkanda deyil, bəs harada yaşayıblar? İkincisi, bugünkü müharibə şəraitinə baxmayaraq, Bakı və Bakıətrafı bölgələrdə 30 minə yaxın erməninin yaşadığı da sirr deyil. Azərbaycanın rəsmi dairələri bunu müəyyən dövrlərdə gündəmə gətirirlər. Bu da, onu sübut edir ki, bütün ağır şəraitə və münasibətlər sistemindəki vəziyyətə baxmayaraq, azərbaycanlılar buna dözüm nümayiş etdirməkdədir. Əgər sülh müqaviləsinin imzalanması mümkün olarsa, onun real daxili və beynəlxalq qarantiyalarını özündə əks etdirən müddəalar olacaq. Burada ilk dövr üçün birgə yaşayış üsullarının tapılması, sülhməramlı qüvvələrin orada yerləşdirilməsi, ictimai asayişin reallaşdırılması, adaptasiya mühiti və s. məsələlər öz əksini tapacaq. Burada kimlərinsə oradan tamamilə qovulmasından və çıxarılmasından söhbət gedə bilməz. Odur ki, həmin məsələ üzərində spekulyasiya etmək və ermənilərin Azərbaycanın tərkibində yaşamasının qeyri-mümkünlüyünü irəli sürməklə saxta müstəqilliyə haqq qazandırmaq ortaya atılan bir mövqedir. Bu da əsaslandırılmayan, reallıqdan uzaq olan bir məsələdir.
- ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri Yuri Merzlyakovun yeni diplomatla əvəz edilməsi gözlənilir. Sizcə, Minsk Qrupu həmsədrlərinin bir-birinin ardınca dəyişdirilməsi Dağlıq Qarabağ münaqişəsinin həllinə hansısa müsbət təsir göstərəcəkmi?
- Diplomatik rotasiya qaydasına görə, diplomatların yenisi ilə əvəzlənməsi hansısa kurs dəyişikliyinə və həmin ölkənin bu məsələdə mövqeyinin kardinal bir formada başqa səviyyəyə keçməsinə səbəb olmayıb. Əksinə, bir sıra hallarda ayrı-ayrı şəxslər bu məsələlər üzərindən özünə diplomatik karyera qurub, müxtəlif mərtəbələri fəth edib və səfir ranqında başqa ölkələrə təyin olunublar. Bu məsələ üzərindən karyera quranlar, sonrakı vaxtlarda başqa vəzifələrə təyinat alırlar. Özü-özülüyündə Dağlıq Qarabağ münaqişəsi həmin şəxslərin müxtəlif adlar almalarına, mükafatlara layiq görülmələrinə, özlərinə yeni iş yeri qazanmalarına səbəb olur. Bu mənada, diplomatik ranq etibarilə xarici işlər nazirlərinin müavinləri səviyyəsində təmsilçiliyin bərqərar olunması istiqamətində hər zaman kəskin mövqe ortaya qoymalıyıq.
- Yayılan məlumatlara görə, Qazaxıstan tərəfinin təşəbbüsü ilə bu ilin may ayında Azərbaycan və Ermənistan prezidentlərinin görüşü təşkil olunacaq. Bu görüşün reallaşması nə dərəcədə mümkündür və münaqişənin həllinə hansısa töhfə verə biləcəkmi?
- Qazaxıstan bütün məqamlarda bu proseslərə qatılmağa çalışıb. Münaqişənin tənzimlənməsi yönündə real töhfələr verib. Lakin proseslər sonrakı dövrdə elə cərəyan edib ki, konkret olaraq, vasitəçilik missiyası beynəlxalq format səviyyəsində reallaşdırılmış olub. Beləliklə də, Qazaxıstan bu proseslərdən tamamilə kənarda qalıb. Əslində, həmin ölkənin Cənubi Qafqazda ayrı-ayrı ölkələrlə yalnız iqtisadi əməkdaşlığı var. Xüsusilə, geosiyasi məsələdə hansısa addımları və ya layihələri mövcud deyil. Əksinə, Azərbaycan vasitəsilə beynəlxalq aləmlə əməkdaşlıq etməkdə qətiyyətlidir. Belə olan halda, əlbəttə, Qazaxıstan çalışır ki, bu proseslər müsbət axarına çatsın. Amma həmin danışıqların nəticəsinin Dağlıq Qarabağ üçün həlledici olacağına inanmıram. Çünki burada əsas güc mərkəzləri olan dövlətlər Qazaxıstan kimi siyasi qüvvənin oyunçu kimi prosesə daxil olmasını istəmir.
- Zahid müəllim, sizə üç sual ünvanladım. Sualların hər birinin ümumi cavabı ondan ibarət oldu ki, Ermənistan tərəfi Dağlıq Qarabağ münaqişəsinin həllindən yayınır və konstruktiv dialoqdan qaçır. Son nəticədə, demək olarmı ki, hərbi müdaxilə qaçılmazdır?
- Bununla bağlı ölkə Prezidenti İlham Əliyev tərəfindən zaman-zaman sərt mesajlar səslənib. Artıq görünür ki, bu mesajlar Ermənistan tərəfini çox narahat edir. Sarkisyanın müharibə başlayarsa, ermənilər orada qalmayacaqdır kimi etirafda bulunması da əsassız deyil. Azərbaycan tərəfi Ermənistanı daha çox beynəlxalq himayəçilərdən məhrum etmək istəyir. Belə bir şəraitin formalaşacağı təqdirdə, müharibə qərarı veriləcək.
- Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev də Türkiyədə səfərdə olarkən, belə bir bəyanat səsləndirdi ki, hərb variantı qaçılmazdır. Ölkə rəsmilərinin dilindən səsləndirilən bu fikirlərin yaxın gələcəkdə reallaşdırılması mümkündür?
- Ramiz Mehdiyev dövlət idarəçiliyində mühüm bir simadır. Düşünürəm ki, onun rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyəyə səfəri son dərəcə önəmli hadisədir. Çünki Azərbaycan və Türkiyə münasibətlərini müxtəlif dövlət strukturu və həlqələri səviyyəsində yeni səviyyəyə qaldırmaq gərəkdir. Bu münasibətlər planlı bir qaydada, real proqramlar üzrə cərəyan etməlidir. İkincisi, Azərbaycan öz mövqeyini qardaş ölkə ilə birlikdə bütün açıqlığı ilə gündəmə gətirmiş oldu. Ramiz Mehdiyev münaqişənin həllində hərb variantının qaçılmazlığını dilə gətirməklə, Azərbaycan və Türkiyənin daim bir yerdə olacaqlarına işarə etdi. Eyni zamanda, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın ABŞ-a səfəri zamanı həmin ölkənin Dağlıq Qarabağ münaqişəsinin həllində tutduğu mövqeyə razılığını ifadə etməsi, həmin prinsiplərin hər zaman gündəmə gətirilicəyinə açıq münasibətini bildirdi. Düşünürəm ki, gələcəkdə də bu kontekstdə Azərbaycan və Türkiyə rəsmiləri birgə addımlar atacaqlar.