“May ayında dövlət büdcəsinə yenidən baxıla bilər”
- Cari ilin dövlət büdcəsində neftin qiyməti 45 dollardan hesablansa da, hazırda dünya bazarında neftin qiyməti 80 dollara yaxındır. Belə olan tədqirdə, 2010-cu ilin dövlət büdcəsinə yenidən baxıla bilərmi?
- Təbii ki, belə bir zəruriyyətin ortaya çıxmasını istisna etmirəm. 2010-cu ilin dövlət büdcəsini qəbul edərkən neftin qiyməti 45 dollardan götürülmüş və bu, ehtiyat addımı üçün nəzərdə tutulmuşdu. Hesab edirdik ki, 2010-cu ildə neftin qiyməti artarsa, bu, bizim ölkəmizin xeyirinədir. Bu ilin dövlət büdcəsi qəbul edilərkən, dünya bazarında neftin qiyməti baha olarsa, yenidən dövlət büdcəsinə baxılmasını nəzərdə tutmuşduq. Onu qeyd edim ki, cari ilin dövlət büdcəsinə may ayında yenidən baxıla bilər. Neftin baha satılması nəticəsində ölkəyə gələn pul kütləsi də artır və bu, birinci növbədə, əhalinin sosial müdafiə xərclərinin artmasına yönəldilməlidir. Bu, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi balanslaşdırılmış, uğurlu siyasətin təzahürlərindən biridir. Dünya bazarında neft baha qiymətə satılmasa belə, ölkəmiz heç bir çətinliklə üzləşməyəcək. Neftin 80 dollara satılması ölkəmizə gələn gəlirlərin təxminən 2 dəfə artmasına səbəb olur. Bunun da nəticəsində sosial və infrastruktur layihələrinə ayrılan vəsaitlər artırılacaq.
- Bu gün Azərbaycanda vətəndaşların sığorta sahəsinə marağı azdır. Sizcə, bu, hansı amillərlə bağlıdır?
- Sığorta inistitutu birdən-birə formalaşmır. Çünki bunun üçün uzun illərin təcrübəsi lazımdır. İnsanların həyatında sığortanın müsbət təzahürlərinin hiss edilməsi lazımdır. Vətəndaşlarımızın çoxu keçmiş sovet dövründə çalışmış insanlardır. Buna görə də, o dövrün düşüncəsi hələ də qalmaqdadır. Onu da qeyd etmək lazımdır ki, insanların həyatı, sağlamlığı ilə bağlı sığortalar mövcuddur. Ölkəmizdə könüllü sığorta da lazımi səviyyədə deyil. Ola bilsin ki, bu sahəyə insanların marağını artırmaq üçün sığorta haqları aşağı salınmalıdır. Eyni zamanda, sığorta şirkətləri öz reklamlarını daha da gücləndirməlidirlər. Sığorta bazarının inkişafı üçün zaman və təcrübə lazımdır.
- Bölgələrdə əhalinin məşğulluq probleminin həlli barədə fikirlərinizi öyrənmək istərdik.
- Məşğulluq problemi hər zaman olub və olacaq. Ötən illərlə müqayisədə son 5 ildə Azərbaycanda çox işlər görülüb. Ölkəmizdə artıq yüz minlərlə yeni iş yeri yaradılıb və bunların da böyük əksəriyyəti daimi iş yerləridir. Ancaq bəzən vətəndaşlar həmin iş yerlərində işləməyə hazır olmurlar. Müasir texnologiyaların inkişafı ilə əlaqədar olaraq, bölgələrdə yeni peşələrin öyrənilməsi işi o qədər də sürətlə getmir. Düşünürəm ki, Azərbaycanda ötən illərlə müqayisədə işsizlik problemi öz həllini tapıb. Təşəbbüs göstərən istənilən bir adam özünə iş yeri tapa bilər. Bəzi xarici ölkələrdən respublikamıza işləməyə gələn insanlar var. Bunların bir hissəsi yüksək mütəxəssislərdir. Digərləri isə, öz ölkələrində iş yeri tapa bilməyənlərdir. Bir məsələni də qeyd edim ki, bəzən vətəndaşlarımız yüksək əmək haqqı verilən iş yerlərinə daha çox üstünlük verirlər. Respublikamızda məşğulluq problemi minumum səviyyədə həll olunub. Dövlətin məqsədi və vəzifəsi ondan ibarətdir ki, məşğulluq problemi harada daha çox qabarırsa, o sahələrdəki problemi həll etməkdir.
- Ölkəmizdə sahibkarlığın inkişafı ilə bağlı görülən işlər barədə nə deyə bilərsiniz?
- İlk öncə, onu qeyd edim ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda sosial-iqtisadi islahatlar uğurla həyata keçirilməkdədir. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu düzgün iqtisadi siyasət bu gün də Onun layiqli davamçısı, Prezident İlham Əliyev cənabları tərəfindən davam etdirilir. Bütün bunların nəticəsidir ki, respublikamız iqtisadi və sosial inkişaf tempinə görə dünyanın lider ölkəsinə çevrilib. Hər il ölkəmizdə ümumi daxili məhsul və sənaye artımı müşahidə edilməkdədir. Belə ki, Azərbaycanda 2009-cu ildə ÜDM artımı 9,3 faiz, sənaye artımı 8,6 faiz, infilyasiya 1,5 faiz olub. Yoxsulluğun səviyyəsi 11 faizə enib və 840 mindən artıq yeni iş yeri yaradılıb. Bu, Azərbaycanın son illər ərzində əldə etdiyi uğurların bir hissəsidir. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı II Dövlət Proqramının qəbul edilməsi ölkə rəhbərliynin xalqımıza göstərdiyi diqqət və qayğıdan irəli gəlir. Ölkəmizdə sahibkarlığın inkişafına da xüsusi diqqət ayrılmaqdadır. Orta və kiçik sahibkarlığın inkişafına hər zaman geniş şərait yaradılmalıdır. Orta və kiçik biznes nə qədər sürətlə inkişaf edərsə, ölkədə o qədər ictimai-siyasi sabitlik möhkəm olar. Bunun üçün qeyd etdiyim biznes sahələrini inkişaf etdirməliyik. Lakin bəzən sahibkarlığın inkişafına müəyyən maneələr də olur. Bu, bəzi məmurların özbaşınalığı və qanunsuz vergi ödəmələrinin tələbi ilə bağlıdır və s. Düşünürəm ki, bu kimi neqativ hallarla ciddi mübarizə aparmalıyıq. Bununla bağlı ölkə başçısı İlham Əliyev də ciddi tapşırıqlar verdi. Onu da qeyd etməliyəm ki, sahibkarlar da öz hüquqlarının tələb edilməsində daha aktiv olmalıdırlar. Sahibkarların yaratdıqları müxtəlif assosiasiyalar mövcuddur. Eyni zamanda, bununla bağlı xeyli sayda QHT-lər mövcuddur, lakin onların da əksəriyyətinin fəaliyyəti qənaətbəxş deyil.