PDF Oxu

Müsahibə

  • 8

“AXCP (i)-də matros Faiqdən və Əli Kərimlidən başqa heç kim yoxdur"

“AXCP (i)-də matros Faiqdən və Əli Kərimlidən başqa heç kim yoxdur"
- Elçin bəy, bəzi müxalifət partiyaları icazəsiz mitinqlərə start verməyə hazırlaşır. Sizcə, hazırkı stiuasiyada bu cür aksiyaların keçirilməsinə ehtiyac varmı? - Həmin qüvvələr Dağlıq Qarabağla bağlı proseslərin aktivləşdiyi, ayrı-ayrı dövlətlərin Azərbaycan əleyhinə təxribat xarakterli informasiyaları yaydığı bir zamanda bu vəziyyətdən yararlanır. Eyni zamanda, xaricdən ötürülən informasiyaları hansısa mesaj kimi qəbul edərək, belə aksiyaların keçirilməsi məqsədyönlü xarakter daşıyır. Bir daha ənənəvi müxalifət düşərgəsinin hansı prinsiplərdən çıxış etdiyini sübuta yetirir. Təbii ki, nəticə aydındır. Təəssüflər olsun ki, ölkədə bəzi siyasətçilər üçün siyasi mübarizədə, rəqabətdə heç bir prinsip, sərhəd yoxdur. Adətən, dövlətin, millətin mənafeyinə zidd olduqda belə, öz maraqlarını təmin etmək üçün bu cür aksiyalara əl atırlar. Bu aksiya 2000-ci ildə bəzi müxalifət partiyalarının Azərbaycan maraqlarının müdafiəsi ilə bağlı təşkil etdiyi mitinqi xatırladır. Xatırladım ki, həmin dövrdə Azərbaycana qarşı təzyiqlərə görə, ictimaiyyətin mövqeyinin açıqlanması üçün bir neçə siyasi partiya mitinq təşkil etmişdi. ABŞ-ın o zaman ölkəmizdəki səfiri həmin şəxsləri öz yanına dəvət etdi. Onlara mitinqin təxirə salınması göstərişini verdilər. Həmin göstərişdən sonra, mitinq təxirə salındı. Bir daha sübuta yetirdilər ki, bunlar üçün dövlət maraqları yoxdur. Yəni, dövlətin maraqlarının tələb etdiyi bir zamanda, onlar keçirdikləri aksiyaları təxirə salırlar. Amma digər məqamlar, hansısa xarici qüvvənin və yaxud sifarişli bir məqam ortaya çıxdıqda isə kütləvi aksiyaların keçirilməsi ilə bağlı qərarlar qəbul edirlər. Eyni zamanda, təbliğat aparırlar. - Ötən təcrübəyə əsaslanıb, demək olar ki, parlament seçkiləri ilində hansısa xarici maraqlı qüvvələr yenidən Bakıdakı təmsilçilərini icazəsiz aksiyalar keçirməyə təhrik edir? - Bu insanlar növbəti dəfə öz xidmətlərini ayrı-ayrı xarici qüvvələrə təqdim edir. Yəni, sizin bir işarəniz, mesajınız yetərlidir ki, bizi dəstəkləyəsiniz. İstənilən dövlət milli maraqlara qarşı fəaliyyət göstərməyə hazırıq. Təki öz maraqlarımız təmin olunsun. Hesab edirəm ki, məsələyə bu cür yanaşmaq lazımdır. Əslində, bunlar yüksək dairələr tərəfindən himayə olunan yüksək siyasi qüvvələr deyil. Sadəcə, hansısa ölkənin onuncu dərəcəli diplomatının göstərişi ilə hərəkət edən adamlardır. Bu baxımdan, hesab edirəm ki, növbəti dəfə seçkiöncəsi xidmət təklifindən söhbət gedir. Yəni, biz hazırıq. - Arif Hacıyevin iddialarına görə, guya müxalifət düşərgəsi Müsavat və AXCP (i)-dən ibarətdir. Bu qüvvələr guya hansısa aksiya keçirsə, cəmiyyətdə böyük dəstək qazanmış olacaq. Sizcə, müxalifət həmin iki partiyadan ibarətdir? - Müxalifətçilik diplomunun verilməsi ilə bağlı Müsavatın bəzi dairələrinin attestasiya komissiyası funksiyasını yerinə yetirməsi barədə dəfələrlə fikirlərimizi açıqlamışıq. Cəfəngiyyatdan başqa bir şey deyil. Müxalifətçiliyin nə olduğunun standartları və ölçüləri də bəllidir. Bu insanlar müxalifət deyillər. Sadəcə, bir qrup inkarçıdırlar və yalnız öz maraqlarına xidmət etdiyi təqdirdə, siyasi proseslərə müdaxilə etməyə cəhd göstərirlər. Burada müxalifətçilikdən söhbət gedə bilməz. Bir var normal siyasət ki, fikir yürüdəsən, rəqabət aparasan, sivil qaydalara, qanunlara uyğun olaraq fəaliyyət göstərəsən və seçkilərdə normal siyasi qüvvə kimi mübarizə aparasan. Bir də var hər şeyi inkar edib, milli maraqlara, eləcə də, hər şeyin əleyhinə fəaliyyət göstərəsən, xaricdən gələn mesaja hazır olduğunu nümayiş etdirəsən. Bu, müxalifətçilik deyil. Bunlar tamamilə fərqli şeylərdir. Kimin nə deməsindən asılı olmayaraq, Azərbaycanın siyasi arenası yektildir, fərqli düşüncəli olan insanlardan ibarətdir. O baxımdan da radikal fəaliyyət effekti vermir. Azərbaycanda pafosla danışmaq cəmiyyət tərəfindən qəbul olunmur. Cəmiyyət əməlləri dəyərləndirir. O ki qaldı AXCP (i) adlanan və adından başqa heç nəyi qalmayan həmin siyasi təşkilatda matros Faiqdən və Əli Kərimlidən başqa kim var ki, siyasi qüvvədə olsun? Cəmiyyətin önünə çıxarmağa bir adamları da yoxdur. Ə.Kərimlinin yanlış siyasəti, öz dostlarına qarşı bütün normalara zidd fəaliyyəti nəticə etibarı ilə onun tək qalmasına səbəb olub. O ki qaldı Müsavat partiyasına hesab edirəm ki, Arif Hacılı imkanlarını həddən artıq şişirdir. Özlərinin hansı durumda olduqlarına diqqət yetirsələr o qərara gələrlər ki, artıq həmin partiyanın heç bir strukturu qalmayıb. Faktiki olaraq, onlarda bir neçə adam var. Onlar da yalnız media səhifələrində görünür. - Hazırda bir-birinə zidd mövqelərdə olan partiyalar blok yaratmağa səy göstərirlər. Sizcə, bu cür qurumların bir araya gəlməsi nə dərəcədə inandırıcıdır? - Əslində, onlar üçün nəzərdə tutulan normalar yoxdur. İstənilən məsələ ilə bağlı, əgər xaricdən sifariş gəlibsə, hansısa şəxsi maraqlar varsa, hətta bir-birlərinə qarşı təhqiramiz ifadələr söyləsələr belə, bir araya gələcəklər. Bir araya gəlmək də heç bir effektiv nəticə verməyəcək. Sıfır üstə gəl sıfır bərabərdir sıfıra. Nəticə ortada olmayacaq. İstəyirlər blok, etaj yaratsınlar, koma tiksinlər, nəticə yoxdur. Ortalıqda konkret hədəflər, millətin mənafeyinə xidmət edən amillər yoxdur. Bir blokun və birliyin ki, bünövrəsində öncədən bir-birini aldatmaq niyyəti dayanacaq, onun perspektivi yoxdur. - Elçin bəy, konstruktiv və radikal adlandırılan bir anlam mövcuddur. Bu bölgü formasında Azərbaycanın milli maraqlarına zidd çıxan qüvvələr də mövcuddur. Bunun axarı hara qədər gedib çıxa bilər? - Hesab edirəm ki, bunun axarı ölkənin inkişafını təkamül yolundan demokratik şüarlarda görən və barışdırıcı mövqedə dayanan düşüncənin təşəkkül tapmasına hesablanır. Ümid edirəm ki, bu mövqe möhkəmləndiriləcək. Azərbaycanda fəaliyyət göstərən konstruktiv siyasi partiyalar ölkənin mənafeyi üçün istənilən anda bir araya gəlməyi bacaracaq. Nəhayət ki, ölkənin siyasi arenasında şəxsi maraqlar naminə fəaliyyət göstərən qüvvələr sıradan çıxarılacaq. Bunun üçün stimullaşdırıcı addımların atılması lazımdır.

Digər xəbərlər